İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜÇ RAFİQ, TƏK GERÇƏK...

1631 23.11.2011 09:51 Yazarlar A A
Ondan başlayaq ki, şəxsən mən peyğəmbərimizi (s) təhqir etdikdən sonra Rafiq Tağının “qiymətli” yazılarını oxumuram. Çünki artıq əminəm ki, o, təhqirlə tənqidin sərhədlərini səhv salanlardan və ifrata varanlardandır. Hərgah bir çoxları olayda İranı qınayır. Hesab edirlər ki, hücuma səbəb yazıçının İran rejimi ilə bağlı son məqaləsi olub.
Əvvəla, haqq-nahaq hər pis işdə bir “İran izi” axtarmaq qüsurludur. İranı müdafiə etmirəm. Oradakı rejim əleyhinə ən sərt yazanlardan biri elə özüməm. İndi belə çıxır, biz Rafiq Tağı ilə təkcə həmyerli (o da Masallıdandır) və həmkar (o da ali tibb təhsilli alıb) yox, həm də həmfikirik?
Sonuncu bənzərlik istisnadır. Çünki həmin yazıda müəllif İrandakı rejimdən daha çox İslamı, Allahın sonuncu kitabını, möminləri ələ salıb. Təsəvvür elə, yaşı 60-ı haqlamış bu ahıl insan iman adamlarını yoğun bağırsaqda parazitlik edən buynuzlu qurdlara bənzədir! Hansı haqla? Mən də cavab olaraq yaza bilərdim ki, Rafiq Tağı cəmiyyətimizin “bağırsağındakı” ballastlardandır. Amma yazmıram, çünki təhqirə qarşıyam. Həm də adamın tezliklə sağalmasını istəyirəm.
Eyni zamanda İslamın eybəcərləşdirməyin əleyhinəyəm, daha İslamın əleyhinə yox. Dinimizin saflığının tərəfdarıyam. Ən azı Türkiyə İslamı səviyyəsində, istiqlalımızın qurucusu Rəsulzadə və onun silahdaşlarının dinə sayğısı çərçivəsində (Öndərimiz və onun silahdaşları heç vaxt ateizmi təbliğ etməyiblər, Məhəmməd Əmin Rəsulzadə isə mömin olub. Bayrağımızdakı yaşıl rəng də elə bu hörmət-izzətin və məfkurənin simvoldur).
Ümumiyyətlə, təhqir yazmaq nə vaxtdan “sərt yazmaq” sayılır? Rafiq Tağını tərifləyib uçurumun qırağına gətirənlər bu haqda düşünsələr pis olmaz. Onu Mirzə Cəlilin, Sabirin varisi sayanlar da tarixi ədalətsizliyə yol verir. Ən azı ona görə ki, Mirzə Cəlil və Sabir dinə yox, dini təhrif edənlərə, cəhalətə, xurafata qarşı olublar. “Mən də müsəlman, ay şirvanlılar” - Sabirin sözüdür.
Lakin Rafiq Tağı kimi anti-məfkurə daşıyıcılarını həbs və linç edib onlardan dissident düzəltmək də yanlışdır. Onların təhqiramiz yazılarına fikir, özlərinə isə salam verməmək yetər. Bir də ki, fikrə, sözə görə cəza verməyin hansı güclərin, dairələrin hobbisi olduğu bəllidir. Yəni bu işin içindən Azərbaycanda İslamdan “xoxan” düzəltmək istəyənlərin də barmağı çıxa bilər.
Bu xüsusda İslam Partiyasının olayla bağlı bəyanatı qəribçiliyə salınmasın gərək. Dini komitənin keçmiş sədri, professor Rafiq Əliyevin məsələyə münasibəti də bəyəniləndir. İlahiyyatçı deyib ki, Rafiq Tağı öncə ruhunu anti-islam hüceyrələrindən təmizləməlidir. Digər professorumuz, siyasi təqiblərlə üzləşən Rafiq Əliyevin isə belə bir gözəl sözü var: “Alim ateist ola bilməz”. Yəni elmdən, astronomiyadan, anatomiyadan, tibdən az-çox xəbəri olanların Allahı danması mümkünsüz.
Əlavə edək: kamil insan, ziyalı allahsız ola bilməz. Əks təqdirdə, onun ziyası cəmiyyətə axıra kimi çatmayacaq. Rafiq Tağı həkimdi. Həkim isə birinci özünü sağaltmalıdır...
Bütün hallarda yastığın yüngül olsun, Rafiq bəy. Ölümdən dönməyin bişəkk Allahın lütfüdür, bəndənin yox. “Bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə rəhmli olacaq” (“Fatihə”) Rəbbimiz həqiqətən böyük, bağışlayan, səbirli, səxavətli və mərhəmətlidir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR