İnsanlara hürriyət, millətlərə istiqlal!

“Üç qardaş” təlimi – dostların ittifaqı, düşmənə göz dağı

1751 14.09.2021 12:36 Gündəm A A

İşğalın qarşılığında Ermənistanı dövlət kimi tanımayan və rəsmi İrəvanın üzünə sərhədlərini qapadan qardaş ölkələrlə hərbi əməkdaşlıq istiqamətində tarixi addımlar atılır; Ədalət Verdiyev: “Azərbaycanın Vətən Müharibəsindəki qələbəsini heç də bütün region ölkələri rahatlıqla həzm edə bilmir”

Qarabağ məsələsində hər zaman ədalətli mövqe sərgiləyən və prinsipiallıq göstərən üç dövlət artıq hərbi məsələlərlə bağlı da birlik nümayiş etdirməkdədirlər. Sentyabrın 12-də ilk dəfə olaraq Türkiyə-Azərbaycan-Pakistan xüsusi təyinatlılarının “Üç Qardaş - 2021” təlimləri başlayıb ki, bu da dostları sevindirir, düşmənlərimizi və onun himayədarlarını ciddi şəkildə narahat edir.

20 sentyabradək davam edəcək təlimlər heç şübhəsiz, 44 günlük müharibədəki tarixi hərbi qələbəmizi həm də tam siyasi-diplomatik qələbəyə çevirmək üçün mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, bu təlimlərdən ən çox narahat olanlar məhz 2-ci Qarabağ müharibəsindəki zəfərimizin nəticələrinə kölgə salmaq istəyən, həmin zəfəri təftiş eləməyə çalışan ölkələridir. Söhbət ilk növbədə Rusiya və Ermənistandan gedir. Bu ölkələrin mediasında gedən “şərhlər”dən bu qənaət hasil olur. Lakin nə Moskva, nə də ələlxüsus onun bölgədəki marioneti və heç bir söz sahibliyi qalmayan Ermənistan tarixin təkərini geri döndərə bilməz. Ermənistanın mövqeyi aydındır. Bəs, Rusiya nədən əndişə keçirir? Hərçənd Bakıdakı təlimlər hansısa 4-cü  ölkəyə qarşı yönəlməyib və sırf özünümüdafiə xarakterli bir tədbirdir. Nə Azərbaycanın, nə də qardaş Türkiyə və Pakistanın regiona ölkələrinə, o sırada Ermənistana və Rusiyaya qarşı ərazi iddiası yoxdur. Demək, üç qardaş ölkəyə qarşı hansısa iddiaları, maraqları mövcuddur ki, belə narahatlıq keçirirlər. Daha bir səbəb budur ki, bu cür üçlü təlimlər gələcəkdə Azərbaycan-Türkiyə-Pakistan hərbi alyansının qurulmasına gətirə bilər. Üstəlik də, Pakistanın timsalında özünün nüvə silahı potensialı ilə birgə. 

Qeyd edək ki, cəmi bir neçə gün əvvəl Ermənistanda həyəcan doğuran daha bir hərbi təlim keçirildi. Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi yenicə başa çatıb. Təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər, bu da erməniləri təşvişə salıb.

Bundan əlavə, Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib. Qeyd edək ki, iki qardaş ölkə ordularının nümayəndələrinin iştirakı ilə keçirilən birgə təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı  bölmələrin qarşılıqlı fəaliyyətlərinin təkmilləşdirilməsi, xüsusi təyinatlı tapşırıqların icrası zamanı uzlaşmanın təmin edilməsi, eləcə də peşəkarlığın və bölmələrin idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir.

Əcaib olan budur ki, işğalçı Ermənistana dəstək verən, qanunsuz olaraq Qarabağa yüklər göndərən İran Xəzərdəki Türkiyə-Azərbaycan təlimlərinə etiraz edib. Ancaq sözsüz ki, bütün bu etirazlar mənasızdır, Azərbaycan özünün dəniz, hava və quru sərhədləri daxilində gerçəkləşdirir bu təlimləri. Bir neçə gün əvvəl Türkiyə və Azərbaycana məxsus qırıcıların təlimlərini də xatırlatmaq yerinə düşər. Bu da diqqətə layiqdir ki, ortaq təlimlərlə yanaşı üç ölkə arasında ən yüksək səviyyədə hərbi əməkdaşlıq da davam edir. Məsələn, hazırda Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyədə səfərdədir.

Sentyabrın 14-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Artıq Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü baş tutub. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi ordu generalı Yaşar Gülər Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ilə görüşüb. Xəbəri “Anadolu agentliyi yayıb. Bundan əlavə, K.Vəliyevlə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bir araya gəlib. Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevin Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşü barədə məlumat yayıb. “Report”un xəbərinə görə, nazir K.Vəliyevi Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. H.Akar Türkiyənin "bir millət, iki dövlət" anlayışı ilə haqlı mübarizəsində azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcəyini vurğulayıb. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler də iştirak edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz Türkiyə Respublikasına həyata keçirilir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Səfər sentyabrın 14-dək davam edəcək.

Hərbi ekspert Ədalət Verdiyev Qars təlimindən danışdı: Yeniliklərə hazır  olun! - YouTube

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın Vətən Müharibəsindəki qələbəsini heç də bütün region ölkələri rahatlıqla həzm edə bilmir: “Bu, xüsusilə Rusiya, Ermənistan və İranın hərbi elitasına aiddir. Son 75 ildə Rusiya hərbi elitasının rəhbərliyi altında bir dənə də olsunparlaq qələbə qazanılmayıb. Əldə edilən nailiyyətlər yalnız Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Krımla bağlıdır. Burada isə söhbət ərazilərin demək olar ki, çox zəif müttəfliqlərlə mübarizədə ilhaq edilməsindən gedir. Odur ki, ki, biz zaman-zaman Rusiya sülhməramlılarının və ya Rusiya Müdafiə Nazirliyinin Rusiya prezidentinin mövqeyi ilə daban-dabana zidd olan bəyanatları və fəaliyyətləri ilə qarşılaşırıq. Bakıda keçirilən təlimlərə gəldikdə isə, bu təlimlər Azərbaycana və onun müttəfiqlərinə qarşı ərazi iddiası və ya digər iddialar irəli sürməyən heç bir dövlətə qarşı yönəlməyib. Bu təlimlər Şuşa və Bakı bəyannamələrinin praktik olaraq həyata keçirilməsinin nəticələri hesab olunur. Başqa sözlər desək, əgər hansısa ölkələr 3 qardaş dövlətin birgə təlimlərindən narahatlıq keçirirsə, demək, birmənalı olaraq bu qardaş ölkələrə qarşı hansısa iddiaları, antipadiaları mövcuddur. 3 qardaş təlimləri də məhz bizim əməkdaşlığımızın ən yüksək səviyyədə olmasını bir daha region ölkələrinə nümayiş etdirmiş olacaq”. Ekspert əmindir ki, önümüzdəki günlərdə hərbi və hərbi-texniki sahədə əməkdaşlıq daha da gücləndiriləcək: “Ehtimal edirəm ki, birgə istehsal sahələrinin, o cümlədən Qarabağ ərazisində yaradılması da Azərbaycan üçün prioritet sahələrdəndir. Daha əvvəl cənab cənab prezident tərəfindən Türkiyə müdafiə sənayesinin aparıcı şirkətləri rəhbərlərinin qəbul olunması, onların bəzilərini Qarabağ Ordeni ilə təltif eləməsi bir daha göstərdi ki, həmin şirkətlərlə Azərbaycan ərazisində istehsal sahəsinin yaradılması artıq aktual bir mövzudur, bu barədə bəlli bir razılaşmalar da mövcuddur”. 

Baş Qərargah rəisi Kərim Vəliyev Türkiyə XTQ-nin komandanı ilə görüşüb -  VİDEO

Ə.Verdiyev qeyd etdi ki, K.Vəliyevin Türkiyədə davam edən səfəri çərçivəsində bu məsələlər daha detallı şəkildə müzakirə olunur: “Xatırladım ki, general-leytenant Kərim Vəliyev həm Birinci, həm İkinci Qarabağ Müharibəsinin iştirakçısı kimi, davamlı olaraq döyüş əməliyyatlarında, ordumuzun təchizatına daxil olan yeni silahların sınaqlarında və s. yaxından iştirak edən, bu silahlardan kifayət qədər geniş istifadə edən bir general kimi, gələcəkdə Azərbaycanın ehtiyac duyduğu silah sistemlərinin alınması və ya ölkədə birgə istehsal olunması üçün kifayət qədər ciddi addımlar atmağa qadir bir insandır. Hesab edirəm ki, Vətən Müharibəsində Azərbaycanın qələbəsinin 1 illiyi ərəfəsinə qədər biz Türkiyə ilə Azərbaycan arasında daha ciddi əməkdaşlıq müqavilələrinin imzalanmasının da şahidi ola bilərik”.

Hərbi ekspert qeyd etdi ki, 3 tərəfdaş ölkənin əməkdaşlığının genişlənməsi aktualdır və getdikcə daha yüksələn xətlə davam edəcək: “Amma mənə elə gəlir ki, hələlik hərbi alyans haqqında danışmaq bir az erkəndir. Bu, ola bilsin ki, növbəti mərhələdə, 2-3 ildən sonra hansısa bir şəkildə alyans və ya hərbi alyans haqqında danışmaq mümkün olsun. Bildiyim qədər hələlik bu barədə müzakirələr getmir”.         

Bu arada, Azərbaycanın daha bir NATO ölkəsi ilə hərbi əməkdaşlığı dərinləşdirdiyi barədə xəbər yayılıb. Bildirilir ki, Azərbaycan Qarabağda ötən ilin payızında həyata keçirdiyi uğurlu hərbi kampaniyanın ardınca daha bir NATO ölkəsi ilə hərbi əməkdaşlığını dərinləşdirir. Virtualaz.org xəbər verir ki, Latviya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələlərini nəzərdə tutan sənədlər paketi hazırlanır. Sənədi sabah sentyabrın 14-də Litva Nazirlər Kabinetinin iclasında  bu ölkənin müdafiə naziri Artis Pabriks təqdim edəcək. Bu haqda Latviya  KİV-i bildirir. Sənədlər paketinə “məxfi” statusu verilmədiyi üçün ictimaiyyətə açıqdır. Sənədin preambluasında Şimali Atlantika müqaviləsi və Azərbaycanın da qoşulduğu “Sülh naminə tərəfdaşlıq” proqramı xatırladılır. Bildirilir ki, Azərbaycan və Latviya bu müqaviləni bərabərlik, dövlət suverenliyinə, müstəqilliyə və ərazi bütövlüyünə, habelə digər beynəlxalq norma və prinsiplərə qarşılıqlı hörmət əsasında imzalayır. “Əməkdaşlıq bu sənədi imzalayan dövlətlərin milli maraqlarına cavab verir və üçüncü şəxslərə qarşı yönəlməyib”,-orada bildirilir. Sənədlər paketinə əsasən Azərbaycanla Latviya  arasında müdafiə sahəsində cəmi 15 əməkdaşlıq sahəsi müəyyən edilir. Bura müdafiə siyasəti və strategiyaları ilə yanaşı sualtı dalğıcların hazırlanması, hərbi sənaye kompleksi üzrə əməkdaşlıq, hərbi geodeziya, topoqrafiya, hərbi təbabət, logistika kimi sahələr daxildir.  Müqavilə silahlar üzərində birgə nəzarətin həyata keçirilməsi və sülhməramlı əməliyyatlarda birgə iştirakı da nəzərdə tutur. Hər il əməkdaşlıq üzrə tədbirlər planı tərtib olunacaq, tərəflər qarşılıqlı səfərlər barədə razılıq əldə edəcəklər. Gözlənilir ki, Azərbaycan tərəfdən sənədi müdafiə naziri Zakir Həsənov paraflayacaq. “Aydındır ki, Latviya bu müqavilənin hazırlanmasını NATO ilə razılaşdırıb və bu da o deməkdir ki, alyans Bakını dəstəkləməyə meyl edir. Çünki regionda ikinci münaqişə tərəfi olan Yerevan Moskvanın himayəsindədir”,-yerli BB.lv portalı vurğulayır.

Xatırladaq ki, Azərbaycan NATO-nun aparıcı ölkələrindən olan qardaş Türkiyə ilə öz hərbi müttəfiqlik münasibətlərini 44 günlük müharibənin ardınca daha da dərinləşdirib. Dövlət başçısı Azərbaycanda Türkiyə ordusu modelində ordu qurulacağının da anonsunu verib, bu istiqamətdə zəruri addımlar atılır. Üstəlik, Ermənistanı bir dövlət kimi tanımayan qardaş Pakistanın əsgərinin ölkəmizdə olması çox ciddi addım və düşmənə mesajdır.

Elşad Paşasoy,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR