Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun aprelin 7-də Bakıda görüşü keçirilib. Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri arasında Bakıda başlayan üçtərəfli danışıqlardan əvvəl maraqlı hadisələr yaşanıb.
Virtualaz.org xəbər verir ki, nazirlər danışıqlar masasının arxasına keçəndə 70-ə yaxın jurnalist onları əhatəyə alıb və suallar yağdırmağa çalışıb. Bu zaman mühafizəçilərlə jurnalistlər arasında çəkişmə yaşanıb, habelə jurnalistlər öz aralarında az qala dava salacaqdılar. Mühafizəçilər jurnalistləri birtəhər zaldan çıxarıblar. Nazirlər isə fotoreportyorların onları lentə aldıqları dəqiqələrdə bir-birləri ilə zarafatlaşıblar.
“Mən artıq bu üçtərəfli görüşlərə alışmağa başlayıram”-İran xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 7-də səhər nazirlərin üçtərəfli formatda işgzar səhər yeməyinə eyhamla bildirib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə jurnalistləri sakitləşdirməyə çalışıb: “Danışıqların yekunu olaraq bizim əhatəli bəyanatımız olacaq, ona görə də mətbuat konfransını gözləyin”.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə onu çəkən jurnalistlərə eyhamla deyib: “Nə vaxt əlimi burnuma aparsam onda çəkirlər”.
Azərbaycan, Rusiya, İran XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə kommünike qəbul edilib. Virtualaz.org bildirir ki, tərəflər qarşılıqlı hörmət, tərəfdaşlıq və bir-birinin daxili işinə qarışmamaq prinispi əsasında gələcəkdə əməkdaşlığı davam etdirməkdə razılığa gəliblər.
XİN rəhbərləri BMT-nin nizamnaməsində əks olunmuş beynəlxalq hüququn prinsip və normalarına əməl edilməsinə sadiqliklərini təsdiq ediblər. Bu kontekstdə regionda münaqişələrin həllinə sadiqlik də təsdiq olunub. Azərbaycan, Rusiya, İran XİN rəhbərləri regionun sabitliyinə və təhlükəsizliyinə təhlükə törədən yeni çağırışlara qarşı mübarizənin gücləndirilməsini qeyd ediblər.
İqtisadiyyat, energetika, nəqliyyat, mədəniyyət və turizm məsələlərində üçtərəfli formatda əməkdaşlığın inkişafına sadiqlik təsdiq edilib.
“Azərbaycan, Rusiya və İran prezidentlərinin ilk üçtərəfli görüşünün təşkili üzərində iş gedir”.
Virtualaz.org xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandırarkən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Onun sözlərinə görə, görüş Azərbaycanda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 7-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. AzərTAc-ın məlumatına görə, İran, Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında ilk görüşün Bakıda keçirilməsinin önəmini qeyd edən dövlət başçısı üçtərəfli görüşün regional əməkdaşlığımızın tarixində yeni səhifə açacağına, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkəmizə səfəri zamanı Azərbaycanla İran arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji, nəqliyyat, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçiriləcəyinə toxunan prezident İlham Əliyev hər iki tərəfin bu sahələrdə fikirlərinin üst-üstə düşdüyünü vurğulayıb, səfərin ikitərəfli əlaqələri əhatə edən bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı fürsət yaratdığını bildirib.
Dövlət başçısı İrana son səfərini məmnunluqla xatırlayaraq İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə baş tutan telefon söhbətində də bir daha səfər zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdiyini deyib.
Səfəri çərçivəsində bir sıra məsələlərlə bağlı razılıq əldə olunduğunu, çoxlu sayda sənədlərin imzalandığını qeyd edən prezident İlham Əliyev bunun ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb və bu səfəri tarixi səfər kimi dəyərləndirib.
Azərbaycanla İran arasında əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasından məmnunluğunu bildirən dövlət başçısı ölkəmizin mövcud əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu deyib, qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini qeyd edib.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyevin İrana səfərini xatırlayan Məhəmməd Cavad Zərif bu səfərin ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsinə tarixi töhfə verdiyini vurğulayıb.
İranın xarici işlər naziri Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, İran və Rusiya prezidentlərinin razılığı əsasında həyata keçirilən üçtərəfli əməkdaşlıq formatının önəmini qeyd edib. Azərbaycan və Rusiyadan olan həmkarları ilə əməkdaşlığın müxtəlif sahələri ətrafında müzakirələrə artıq başladıqlarını bildirən Məhəmməd Cavad Zərif ölkələr arasında tranzit, gömrük məsələləri, ekstremizmə qarşı mübarizə, həmçinin turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Məhəmməd Cavad Zərif qeyd edib ki, bu üçtərəfli format İranın həm Azərbaycan, həm də Rusiya ilə ikitərəfli münasibətlərinin genişləndirilməsi, həmçinin ölkələr arasında üçtərəfli əməkdaşlığın inkişafı üçün tarixi fürsət yaradır.
“Yeni Müsavat”