İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜÇ NÖVBƏ KORRUPSİYA, BİR NÖVBƏ İŞ

1382 19.12.2011 07:29 Yazarlar A A
Ümumiyyətlə, keçid bu iqtidarın yaralı yeridir, istər normal cəmiyyətə keçid olsun, istər yerüstü, yeraltı piyada keçidi olsun, istərsə də avtomobillər üçün körpü-tunel keçidi olsun, işlər dünyada analoqu olmayan şəkildə ləng gedir. Bu məlumata fikir verin: “”Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Gürcüstan Respublikasında fəaliyyət göstərən törəmə şirkəti - “Akkord-Georgia” 2011-ci ilin yekunlarına əsasən, Tiflisdəki  “Courtyard Marriot” otelində keçirilən rəsmi dövlət tədbirində yol-tikinti sahəsində “İlin şirkəti” elan edilib. Gürcüstan Respublikasının baş naziri Nika Qilauri başda olmaqla hökumət, yerli və xarici biznes qurumları və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə bu barədə respublikanın regionların inkişafı və infrastruktur naziri Ramaz Nikolaişvili bəyan edib. Tədbir zamanı mükafat və müvafiq diplom nazir tərəfindən “Akkord-Georgia”nın rəhbərliyinə təqdim olunub." Mən bundan əvvəlki yazılarımın birində “Akkord”un Gürcüstanda yol tikməsi ilə bağlı araşdırma apararaq yazmışdım ki, bu şirkət orada yolun hər kilometrini  bizdəkinə nisbətən 4-5 dəfə ucuz və keyfiyyətli çəkir, özü də daha çətin relyef şəraitində.
Bu dəfə Bakının müxtəlif yerlərində tikilməkdə olan körpü-tunel keçidləri haqqında yazmaq istəyirəm. Həmin keçidlərin tikilməsi çox vacibdir. İndi tikinti aparılan yol qovşaqlarında və kəsişmələrində əvvəllər  sürücülər, piyadalar əzab çəkirdilər. İndi isə onlara düşünülmüş şəkildə zülm edirlər, cəhənnəm işgəncəsi verirlər. Körpü-tunel keçidlərinin tikintisi məntiqə sığmayan dərəcədə ləng aparılır. Bunun korrupsiya məqsədi ilə edildiyini bilirik. Ancaq həm əhalinin cibinə girmək, həm də ona işgəncə vermək daha böyük qəbahətdir. Həmin tikintilər hamımızın gözü qarşısında aparılır. Gündüz bir az qurdalanıb qeybə çəkilirlər. Hər cür maliyyə və texniki imkan ola-ola niyə həmin tikintilər üçnövbəli aparılmır. Elementar məntiq onu deyir ki, şəhərin həyatını iflic etmiş, ölkə başçısının şəxsi nəzarətində olan bu tikintilərdə iş bütün sutka boyu getməlidir. Hələ mən orasını demirəm ki, əgər iş bir növbədə aparılırsa, bu, mütləq  gecə vaxt edilməlidir. Çünki onsuz da keçilməsi mümkün olmayan yol kəsişmələrində ağır texnikanın işləməsi vəziyyəti daha da gərginləşdirir.
Ortaya çox maraqlı və məntiqi sual çıxır?  Niyə “Akkord” Korporasiyası Gürcüstanda gördüyü işləri qısa müddətdə, keyfiyyətli və ucuz yerinə yetirir, Azərbaycanda isə bu işlər bir-neçə dəflə baha qiymətə, bir-neçə dəfə artıq müddətə və keyfiyyətsiz başa gəlir. Axı niyə? Xalqa qarşı bu düşmənçilik münasibətidir? Əgər körpü-tunel keçidlərini tikən məmurların sadə  camaatda olduğu kimi, cəmi  bir mənzilləri olsaydı və orada təmir illərlə getsəydi, dözə bilərdilərmi?  Hamımız bilirik ki, mənzildə təmir işləri sanki bir işgəncədir. Aylarla tozun-torpağın içində, səs-küydən qulaq bata-bata yaşamaq insandan qeyri-adi dözüm tələb edir. Odur ki, mənzillərini təmir etdirənlər bu işin mümkün qədər tez başa çatmasına çalışırlar. Analoji hal da Bakı küçələrindədir. Tikinti işləri uzandıqca uzanır, adama elə gəlir ki, bu işlər heç vaxt başa çatmayacaq. Özləri də etiraf edirlər ki, körpü-tunel keçidinin tikintisi üçün hər şeyləri var. Kifayət qədər pul, ən çağdaş texnika və işçi qüvvəsi var. Daha nə lazımdır? Sutkada üçnövbəli korrupsiya ilə məşğul olanlar, heç olmasa işi də üçnövbəli etməlidirlər. Yoxsa, üç növbə korrupsiya, cəmi bircə növbə iş olanda balans pozulur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR