- Hacı, Şeyxin İran səfərini sizin dəyərləndirməniz maraqlıdır. Siz yalnız qohum kimi yox, bir inanclı insan və deputat olaraq bu səfərin nəticələrini necə qiymətləndirirsiniz?
- Bu, çox xeyirli, səmərəli səfər oldu. Biz müsəlmanıq. Bu səfər zamanı bir bacımız, bir qardaşımız həbsdən azad olundu. Şükür Allaha ki, Şeyx öz nüfuzundan istifadə etdi, bu adamların azad olunmasına böyük zəhməti dəydi. Mən Şeyxlə danışanda da gördüm ki, bu adamların azad olmasına görə əhval-ruhiyyəsi çox yaxşıdır. İran bizim qonşumuzdur, bu ölkədə 35 milyon azərbaycanlı yaşayır. İki dövlət arasındakı münasibətlər də prezidentimiz İlham Əliyev cənablarının nəzarətindədir və bu işlərdə prezidentimizin çox böyük zəhməti var. Yəqin ki, Şeyxi də İrana göndərəndə İlham Əliyev cənabları tapşırıqlarını verib. Ümumilikdə səfər çox gözəl keçdi. Azərbaycanın nüfuzunun da gün-gündən artması göz önündədir.
- Şeyxlə nə vaxt danışmısınız? Bakıya dönəndən sonra onunla görüşmüsünüzmü?
- Şeyxlə dünən (21 may - red.) danışmışam, onda hələ təyyarəyə minməyə hazırlaşırdı. Gecə Bakıya qayıdıb, ancaq narahat etmək istəmədim ki, qoy bir az dincəlsin.
- Nə yaxşı siz bu səfərdə Şeyxi müşayiət etmədiniz?
- Vallah mənim qardaşım bir az xəstədir, onun çox ciddi müalicəyə ehtiyacı var. Ona görə də Şeyx mənə deyəndə ondan üzr istədim ki, gedə bilmirəm. Əks təqdirdə, məmnuniyyətlə gedərdim. Amma bizim deputatlarımız - Fəttah müəllim, Eldar müəllim, Şəmsəddin müəllim, Cavanşir müəllim, Mübariz müəllim orda olub.
- Ümid edirsinizmi ki, bu səfərdən sonra İrandan Azərbaycana yönəlik təhdidlər azalacaq? Xüsusilə seçki ilində İranın burda qarışıqlıq yarada biləcəyi barədə nigarançılığın aradan qalxdığını güman edirsinizmi?
- Bu söhbətləri İranla Azərbaycan arasında soyuqluq yaratmaq istəyənlər yaradır. İran Azərbaycanın işinə qarışa bilməz. Bu sözləri kimsə nüfuzunu artırmaq üçün deyir, belə şey yoxdur. Möhtərəm prezidentimiz bütün məsələləri nəzarətdə saxlayır. O gün mənim saytlarda müsahibəm getmişdi, baxdım ki, bəzi adamlar mənim özümə qarşı da şərh yazıblar. Ancaq ayrı-ayrı adamların dediyi sözlər hər şey demək deyil. Dövlətin mövqeyi başqa şeydir. Düzdür, İranda çadra örtürlər, amma bizdə çadra örtən yoxdur. Əlbəttə, bəzi bu kimi məsələlərdə narazılıq olar, bu, təbiidir. Ancaq İran bizim qardaşımızdır, qonşumuzdur.
- İranda keçiriləcək prezident seçkilərində azərbaycanlıların hansı namizədə dəstək verməsini istəyərdiniz?
- Bu, onların öz işləridir. Orda Əli Əkbər Vilayəti və digər daha 7 namizəd var. Biz kimə deyə bilərik ki, gedin filankəsə səs verin. İran vətəndaşları kimə istəsə, ona da səs verəcəklər. Məncə, Azərbaycan dövlətinin və vətəndaşlarının İran dövlətinin daxili işinə qarışmağa haqqı yoxdur.
- Hacı, Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı fikriniz necədir? Nədən sizin də üzv olduğunuz hakim partiya hələ namizədini rəsmiləşdirməyə tələsmir?
|
“Bəzən müxalifət nümayəndələri ilə də rastlaşıram, onlar da hamısı İlham Əliyev cənablarını dəstəkləyir...” |
- Məncə, Azərbaycanda ona görə camaat yerində sakitcə oturub ki, hamı bilir ki, möhtərəm prezidentimiz İlham Əliyev cənabları yenidən seçiləcək və burda heç bir problem yoxdur. Mən müxalifət nümayəndələri ilə də bəzən rastlaşıram. Onlar da hamısı İlham Əliyev cənablarını dəstəkləyir. Düz üç gün bundan qabaq Sirus Təbrizli mənim yanıma gəlmişdi. Bilgəhdə bağı var, oturduq söhbət elədik. Biz bir-birimizi yaxşı tanıyırıq. Sirus Təbrizli şəxsən mənim özümə dedi ki, mən İlham Əliyev cənablarını dəstəkləyirəm, ona səs verirəm, onun tərəfindəyəm.
- Son zamanlar YAP-ın qurucularının, Heydər Əliyevin silahdaşı olmuş şəxslərin gözlənilməz açıqlamaları oldu ki, elə hakim partiyada da narazılıqla qarşılandı. Həmçinin parlamentdə Heydər Əliyevə xəyanət edənlərin bu gün də iş başında olması ilə bağlı sərt çıxışları oldu. YAP-da nə baş verir?
- Mən Mehriban xanımın dediyi sözlərin hamısını dəstəkləyirəm və Məclisdə dediklərinin hamısı ilə razıyam. YAP-ı tənqid etməyə gəldikdə, o, çox yaxşı şeydir. Demək, bu partiya işləyir, zəhmət çəkir. İşləyən adamda nöqsan olar da. Elə adam var ki, on illərlə iş başında olur, vəzifədən çıxarılan kimi gedir olur müxalifət. Ancaq tənqid çox yaxşı şeydir. Adam on dənə iş görürsə, biri qaydasında olmaya bilər.
- Siz özünüz YAP üzvü olaraq vaxtilə Heydər Əliyevə xəyanət edənlərin bu gün mandat daşımasını, vəzifədə oturmasını necə qəbul edirsiniz?
- Mən onu əsl demokratiya sayıram. Gör dövlətimiz, partiyamız necə inkişaf edib ki, köhnə inciklikləri, nöqsanları bağışlaya bilir, bunların üstündən keçir. Bu elə əsl demokratiyadır. Özləri də bilmədən YAP-ı tərifləyirlər.
- Amma məsələn, Sirus Təbrizli tənqidlər söylədi, qurduğu partiyadan xaric edildi, kənarda qoyuldu. Demokratik şəraitdə belə bir hal mümkün idimi?
- Məncə, Sirus Təbrizlinin özü kənara çəkilib. Kimlərdənsə inciyib, ya özlərinin aralarında hansısa problemlər olub. Ancaq bu gün Sirus bəy mövqe bildirir ki, mən prezident seçkilərində cənab İlham Əliyevin prezident seçilməsi üçün əlimdən gələni edəcəyəm. Bunu başqası yox, Sirus Təbrizli deyir. Ayrı-ayrı YAP üzvlərindən siz də, Sirus Təbrizli də narazı ola bilər, o, ayrı şeydir. Hesab edin ki, ailədə atadan razılıq edirik, ancaq bir-iki uşaqdan narazı oluruq. Bu da ona bənzər şeydir.
- Yaxın günlərdə elan olunması gözlənilən Milli Şura ilə bağlı prosesləri izləyirsiniz?
“İstəyir müxalifətin hamısı birləşsin, yenə 5 faiz səs yığa bilməz”
- Vallah, mən müxalifətin sıralarında real namizəd görmürəm. Mən sənə bunu kişi kimi deyirəm. İstəyir lap orda müxalifətin hamısı birləşsin, yenə 5 faiz səs yığa bilməz. Bu, reallıqdır. Heydər Əliyev tarixə Azərbaycan dövlətinin yaradıcısı kimi, “yaradıcı Heydər” kimi düşəcək. İlham Əliyev də bir belə tikintilər aparıb, yollar salıb, o da qurucu İlham kimi tarixə düşəcək. Bunu mən demirəm, tarix deyir. Onlar artıq tarixə düşüblər.
- Tarixdən söz düşmüşkən, bu il Xalq Cümhuriyyətinin 95 illiyi, Elçibəyin 75 illiyidir. Bu tarixlərlə bağlı təklifiniz nədir?
- Elçibəy də bizim tariximizdir, Xalq Cümhuriyyəti də. Tarix elə bir şeydir ki, orda düzəliş etmək mümkün deyil. Bunlar artıq tarixin yaddaşına köçüb.
- Hesab edirsinizmi ki, bu tarixlər də dövlət səviyyəsində qeyd olunmalıdır?
- Bu, mənim hesab etməyimlə deyil. Dövlət, möhtərəm prezidentimiz necə hesab edirsə, o cür də olmalıdır.
- Ayaz Mütəllibovun da bu günlərdə 75 yaşı tamam oldu. Təbrik etmədiniz ki?
- Mən həyatım boyu Ayaz Mütəllibovu görməmişəm, ancaq televizorda görmüşəm. Görmədiyim, tanımadığım adamı necə təbrik eləyə bilərəm. O başqa şeydir ki, hansı bakılını görürlər, deyirlər bu, bakılıdır, yəqin Ayaz Mütəllibovu da tanıyır. Belə söhbət yoxdur. Mən Ayaz Mütəllibovla heç eyni yığıncaqlarda da olmamışam, onu necə təbrik edə bilərəm.
- Şeyxin digər qudası Əli Efsenlə bağlı vəziyyət nə yerdədir?
- Hələ ki məsələlər qalıb, əlaqə saxlayırıq. Allahın köməyi ilə hər şey həllini tapacaq, burda heç bir problem görmürəm.
- İrandan sonra rəsmi şəxslərin Rusiyada da səfərləri intensivləşib. Hesab edirsinizmi ki, seçkiöncəsi Rusiya ilə münasibətlər tam yoluna qoyulacaq?
- Rusiya da bizə qonşudur, böyük dövlətdir. Vallah bunlar hamısı uydurmalardır, nə Rusiya, nə İranla heç bir problem yoxdur, olmayıb, olmayacaq da. Müəyyən dövrdə hansısa sahədə düzgün olmayan işlər ola bilər. Ancaq ciddi bir problem yoxdur. Hər şey yaxşıdır, inşallah, cənab prezidentin rəhbərliyi ilə daha da yaxşı olacaq.
- İnşallah, bu il Həcc ziyarətinə gedəcəksiniz?
- Mən bu il iki dəfə Kəbəni ziyarət etmişəm. Qurban olum Allaha, əgər ziyarət prezident seçkilərinə düşsə, Bakıda qalıb prezident seçkilərində iştirak edəcəyəm. Əlimdən gələni edəcəyəm ki, İlham Əliyev cənabları prezident seçilsin.






