İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜÇ DÖVLƏT QURUMUNUN FANTASTİK RÜŞVƏT TƏLƏBİ

8023 03.05.2012 09:16 İqtisadiyyat A A
Azərbaycanda yeni tikilən binaların təxminən 20 faizi qazlaşdırılıb. Qazlaşdırılan yeni tikililərin  çoxu şəhərin mərkəzindəki bahalı rayonlarda yerləşir. Mərkəzdən nisbətən aralıda yerləşən binalarda isə təbii qaz yoxdur. Bu səbəbdən sakinlər ciddi problemlərlə üzləşir - elektrik xərcləri birə-iki artır, yüklənmələr enerji sistemində fasilələr yaradır, gərginliyin artıb-azalması məişət avadanlıqlarını sıradan çıxarır. Bu hallar xüsusən qış aylarında daha çox baş verir. Ötən qışın Azərbaycan üçün xarakterik olmayan kəskin şaxtalarla müşahidə olunması problemi ən kəskin formada ortaya çıxardı. Vətəndaşların çoxsaylı şikayətləri isə heç bir nəticə vermir.
Aradan 10 günə yaxın zaman keçsə də Fövqəladə Hallar Nazirliyi ARDNŞ-dən gələn sərt təpkiyə heç bir cavab verməyib. “Yeni Müsavat” olaraq biz də gün ərzində dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq Fövqəladə Hallar Nazirliyin məsələ ilə bağlı reaksiyasını öyrənə bilmədik. Bu yerdə xüsusi olaraq vurğulamaq istəyirik ki, qanunvericiliklə nazirliyin mediaya açıqlama vermək öhdəliyi var. Bundan başqa, prezident İlham Əliyev bir neçə dəfə dövlət qurumlarının media ilə əlaqələrinin normallaşdırılması, internet saytlarının davamlı olaraq yenilənməsi  haqqında göstəriş verib. Ancaq FHN uzun illərdir mediaya ən qapalı dövlət qurumu olaraq qalmaqdadır.
Məsələyə tikinti şirkətlərinin də reaksiyasını öyrəndik. Öncə onu bildirək ki, məsələnin ən maraqlı məqamlarından biri tikinti şirkətlərinin “Yeni Müsavat”dan anonimliklərinin saxlanmasını xahiş etmələridir. 4 tikinti şirkətinin nümayəndəsi ümumilikdə suallarımızı cavablandırsa da, adlarının hallandırılmamasında israr etdilər. Arqumentləri də bu oldu ki,  FHN-in təzyiqlərindən ehtiyatlanırlar. Tikinti şirkətlərindən öyrəndik ki, Bakıda elə binalar var ki, 5-6 ildir sakinlər məskunlaşsa da FHN binanı təhvil almır. Səbəb isə rüşvətdir.
Tikinti şirkətlərindən bildirirlər ki, mərkəzdə tikilən binalar çox baha qiymətə satıldığından FHN-in rüşvət tələblərini nisbətən tez yerinə yetirə bilirlər. Kənardakı binalarda isə nisbətən ucuzdur. Ancaq imkanlı əhalinin mərkəzdən kənara gəlməməsi satış prosesini yetərincə ləngidir. Buna görə də şirkətlər kredit sisteminə keçməyə məcburdur. Şirkətlərin qısa zamanda yüksək gəlir əldə edə bilməməsi qoyulan rüşvət “stavka”sını ödəmək imkanlarını azaldır.
Şirkətlər rüşvətlə bağlı konkret məbləğ açıqlamır. Sadəcə, onun olduqca yüksək olduğunu dilə gətirir. Tikinti şirkətlərinin təmsilçiləri düşünür ki, məsələyə yüksək səviyyədə müdaxilə olmasa, binaların qazlaşdırılması məsələsi yenə də yubanacaq.
Bu məsələdə ARDNŞ də süddən çıxmış qaşıq deyil. Tikinti sektorundakı mənbələr bildirirlər ki, bir Mənzil Tikinti Kooperativinin (MTK) qaz alması ən azı 1 milyon manata rüşvətə başa gəlir. Bura FHN-dən alınan təhvil aktını və Bakı Şəhər İcra Hakimiyyətinin 15 faizlik mənzil fondunu da əlavə etsək, ortaya fantastik məbləğ çıxır. Belə çıxır ki, qazlaşma və mənzillərin özəlləşdirilməsi üçün tələb olunan sənədlərə bir MTK-nın bir neçə milyon manat rüşvət ödəməsi lazımdır. Hazırkı şərtlərdə heç bir tikinti şirkəti bu qədər rüşvət ödəməyə həvəsli deyil. Çünki bu sahədə hazırda tam tənəzzül yaşanır. Əvvəlki kimi gəlir götürmək mümkün deyil. Ona görə də yaranmış bu anormal vəziyyətin altını sadə vətəndaş çəkir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR