İllər keçdi, bu ibrətli dürr buyuruşun anlamı bəndeyi-həqiri çox düşündürürdü. Yanğı. Tüstüsüz yanğı. İnsanın daxilindəki yanğı. O yanğı ki, insanı daxildən alovlandırır, amma tüstü görsənmir. Tüstüsüz yanğı. Əslində, vücudi yanğı. Alovlanan daxil və onun yanğısı, amma heç kimin görmədiyi alovlanma, yanma. Tüstüsüz...
İndi də heç bilmirəm, tam anlamışammı bu yanğının anlamını? Tüstüsüz yanmağı duya bilmişəmmi? Bilmirəm. Amma, tüstüsüz yanan insanları görmüşəm. Onları Məkkə və Mədinə dövrünün tarixi obrazlarında görmüşəm. Başına kül tökülərkən daxilən yanğı içində vücudu şölənən əziz Rəsuli-Əkrəmdə (ə) görmüşəm. Yanğının yaşamasını Həzrət Peyğəmbərdən (ə) öyrənən, yetim görərkən dizləri əsən Həzrət Əlidə (ə) görmüşəm. Yanğının tam şölələnməsini Fatimeyi-Zəhranın (s.ə) son anlarında, Əlicanla vidalaşanda görmüşəm. Həsəneyndə (ə) – İmam Həsəndə və İmam Hüseyndə görmüşən. İmam Həsənin (ə) o ağrılı yanğılı sülhündə, İmam Hüseynin (ə) Aşura gününün zöhründə görmüşəm bu tüstüsüz yanğının yaşadılmasını...
Tüstüsüz yanğı. “Bizim tüstümüz yoxdur, yanğımız var”. Bunu Əbazər Ğəffaridə, Salmanda, Bilalda, Üveys Qəranidə görmüşəm. İlk öncə isə, Əmmarın anasında və ilk Seyidüş-şühəda Həzrət Həmzədə görmüşəm. Peyğəmbərimizin (s) cəngavər əmisi Həmzədə...
Amma bu illərdə rəhmətlik ayətullah Meşkininin dilindən nəql olunan, Zəmanə Sahibinin (ə.f.) ən böyük müsibət yanğısını eşitmişəm. Ən zirvədə olarkən, hər şeyi anlarkən, ümmətin bütün müsibətlərini duyarkən zühurunu gözləmə yanğısı... Və bir də bu gəlişin zühurunun həsrətində olan müntəzirlərin yanğısı...
Yanğısız olsaq, ölərik. Yanğımız olsa, diri olarıq. Bəlkə, tüstüsüz yanğılarla insanlığın bəndəlik məqamını fəth edərik. Orada tüstü yoxdur. Orada yanğı var. Orada səs-küy yoxdur, pıçıltı var. Orada “mən” yoxdur, “O-nunku” var. O-nda həll olmuş bir “mən” var.
Allahdan tüstüsüz yanğı ləyaqətinə malik olmaq diləyi ilə.
Hacı İlqar İbrahimoğlu






