İnsanlara hürriyət, millətlərə istiqlal!

TÜRMƏ DEYİL, BEŞULDUZLU HOTELDİR

6209 21.11.2011 09:20 Ölkə A A

Əslində isə lətifədən uzaq bir mövzudan danışırıq. İnsanlara insan kimi münasibət göstərilən ölkədə məhbuslar üçün də normal şərait yaradılır. Bəs necə? Doğrudanmı türmənin də üçulduzlu, beşulduzlu, hətta yeddiulduzlusu olur?
Ulduzlulara keçmədən, dünyanın ən bərbad şəraitli türmələrindən danışaq. Hansı ki, artıq bərbad siyahıların başında yer alır və məşhur azərbaycan məsəli ilə desək, düşmənimizin də yolunun ora düşməsini arzulamırıq.

Dünyanın ən pis 10 türməsi - siyahıda Azərbaycan yox

Artıq bu həbsxanalarla bağlı reydlər keçirilib, araşdırma aparılıb və ilk onluq müəyyənləşdirib.

10. Siyahıda 10-cu yeri 150 il əvvəl Amerikanın Kaliforniya ştatında tikilən San Kventin həbsxanası tutur. Bu həbsxanada ölüm cəzasına məhkum olunmuşlar saxlanılır. Həbsxana tamamilə doludur, həbsxananın şəxsi heyətində çatışmazlıq var, saxlanma kameraları çox köhnə və çirklidir, tibbi xidmət ağlamalı vəziyyətdədir. Bir neçə il əvvəlki yoxlama göstərib ki, təcrübəsiz həkimlər daima səhv diaqnozlar qoyur və antisanitar şəraitdə işləyirlər.
San Kventinin daha bir ciddi problemi zorakılıqdır

9. Doqquzuncu yeri Venesueladakı La Sabaneta həbsxanası tutur. 15 min nəfər üçün nəzərdə tutulmuş 30 Venesuela türməsində 25 min məhkum cəza çəkir.
Belə ki, ölkə əhalisinin təxminən üçdə bir hissəsi yoxsulluq vəziyyətində yaşayır, cəzaçəkmə müəssisələrində saxlanma şəraiti isə dəhşətlidir. Bəzi məhkumlar həbsxananın dar koridorlarında çəkilmiş qamaklarda (tordan yelləncək) yatmağa məcbur olur, eyni zamanda sistemin korrupsiyalaşması imkanlı məhkumlara rüşvətin hesabına daha komfortlu yerləri ələ keçirməyə imkan verir.

8. Səkkizinci yeri Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində yerləşən cəzaçəkmə müəssisəsi tutur. Türkiyə qanunları uşaqlar üçün ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunması imkanını nəzərdə tutur. Ümumiyyətlə, burada cəza evləri ağzına kimi doludur, onlardakı saxlanma şəraiti sanitar normalara uyğun gəlmir, mühafizəçilərlə məhkumlar arasında daima toqquşmalar baş verir, məhkumların qiyamının qarşısı isə ən qəddar üsullarla alınır. Bu türk məhbəsində məhkumları daima vəhşicəsinə döyürlər, onların heç bir hüququ təmin olunmur. Diyarbəkir türməsində tibbi xidmət sistemi bərbad vəziyyətdədir, heç bir reabilitasiya proqramı mövcud deyil.

7. Siyahıda yeddinci pilləni Argentinanın Mendosa şəhərində yerləşən qazamat tutur: burada 2004-cü ilin fevralından 2005-ci ilin noyabrına kimi keçən dövr ərzində 22 ölüm hadisəsi qeydə alınmışdır.
Bu cəza evi də həmişə doludur - cəmi 600 nəfər üçün nəzərdə tutulmuş kameralarda 1600 məhkum cəza çəkir. Məhkumların döşəmədə yatması Mendosadakı cəzaçəkmə müəssisəsi üçün adi haldır.
Onlar tualetə getmək istəyəndə isə butulka və ya polietilen paketlərdən istifadə edirlər. Kamera və koridorlarda günlərlə zibil yığışdırılmır. Hələ bu azmış kimi kameraları çox vaxt çirkab sular basır.

6. Altıncı yeri Nyu-Yorkun iri həbsxanası Rikers İsland tutur. Bu həbsxananın tarixi çoxsaylı zorakılıq halları və dəhşətli işgəncə faktları ilə zəngindir. Həmin yerdə cəzasını çəkib qurtarmış insanların söylədiklərinə əsasən bu müəssisə Nyu-Yorkun kriminallaşmış rayonlarından daha qorxulu və təhlükəlidir.

5. Beşinci yerə Nayrobi türməsi (Keniya, Afrika) layiq görülüb. Bu Keniyanın ağzına kimi dolmuş həbsxanasından biridir - 800 nəfər üçün nəzərdə tutulmuş kameralarda 3800 məhkum saxlanılır. 50 nəfər üçün nəzərdə tutulmuş ilkin məhkum olunmuşların kameralarında isə 250 məhkum saxlanılır.

4. Rüsvayedici siyahının dördüncü yerini Tadmordakı (Suriya) hərbi həbsxana tutub. Tadmordakı adi saxlanma rejimi baltalardan, iplərdən və taxtalardan istifadə ilə xarakterizə olunan orta əsr stilli işgəncələr hesab olunur. Mühafizəçilər işgəncə obyektini sırf təsadüf nəticəsində seçirlər.

3. Siyahıda üçüncü yer La Sante-yə (Fransa) verlib. Buradakı məhkumlar elə bir zülm altında saxlanılırlar ki, özlərinə qəsd etmək üçün sutkalarla başlarını divara vurmağa, siçan zəhəri və çəngəl udmağa hazırdırlar. Təkcə 1999-cu il ərzində bu yolla 124 insan həyatını itirib. Ağzına kimi dolu kameralar, duş qəbul etmək imkanı həftədə iki dəfədən çox deyil, yeməkdə keyfiyyətsiz ərzaqlardan istifadə - bütün bunlar dəri xəstəliklərinə gətirib çıxarır. Müəssisədə o qədər siçovul var ki, məhkumlar öz əşyalarını tavandan asmağa məcburdurlar.
La Sante əvvəllər olduğu kimi indi də zorakılıq, əxlaqsızlıq və vəhşilik məkanı kimi tanınmaqdadır. Burada daha zəif məhkumlar qula çevrilirlər.

2. Siyahıda ikinci yeri Kolorado (ABŞ) ştatında yerləşən ADX Florense federal həbsxanası tutur. Ciddi rejimli bu müəssisənin məhkumları kameradan kənarda həftədə cəmi 9 saat keçirdir. Onlar öz kameralarında yeməyə, yatmağa və tualetə getməyə məcburdurlar. Məhkumlar sutka ərzində 22 saatdan artıq günəş işığı görmürlər.

1. Dünyanın ən acınacaqlı cəzaçəkmə müəssisələri siyahısında birinci yeri San-Paulu şəhərindən azca aralı yerləşən Braziliya cəza evi-Carandiru tutur. Buranın minimum 5 sakinindən biri QİÇS xəstəliyinin daşıyıcısıdır. Məhkumlara adətən cərrahiyyə əməliyyatlarının aparılması zamanı anesteziyadan istifadədə rədd cavabı verilir. 7500 məhkuma dörd növbədə çalışan cəmi 1000 türmə əməkdaşı düşür.

Həbsxanada telefonla danış, narkotikdən istifadə et, kameraya qadın çağır...

Pislərlə bu qədər. İndi keçək dünyanın ən rahat və komfortlu həbsxanalarına. Böyük Britaniya həbsxanaları dünyanın seçilmişləri sırasındadır. Britaniyanın Türmə İşçiləri Həmkarlar İttifaqının sədri Qlin Trevis bildirib ki, burada məhkumlara o qədər rahatdır ki, onlar qəsdən cəzalarını artırıb daha artıq qalmağa cəhd göstərirlər. Belə ki, həbsxanada onlara həm narkotik, həm mobil telefondan istifadəyə icazə verilir. Onların rəqəmsal televiziya və mobil telefonundan istifadə etməsinə də icazə verilir. Narkotiklər isə türməyə su kimi axır. O həddə ki, heç məhkumlar azadlıqda ikən ondan bu qədər istifadə edə bilmirlər. Bundan başqa, narkotik alverçiləri Yorkşiredəki türmələrin kameralarına kəndirdən düzəltdikləri pilləkənlə daxil ola bilir. Amma maraqlıdır ki, məhkumların heç biri belə qaçış imkanı olduğu halda ondan istifadə etmirlər.

Norveçdəki ekoloji türməyə hər adam düşə bilmir

Keçək Norveçə. Norveçdə fəaliyyət göstərən dünyanın ilk ekoloji türməsidə məhkumlar ekologiyanı qorumaq üçün maksimum iş görürlər. Çimərliklər və yaşıllıq sahə ilə əhatə olunmuş həbsxana daha çox kurort zonasını xatırladır. Məhkumlar bu sahədə meyvə-tərəvəz yetişdirir və bu məhsulların satışından əldə olunan gəlir onların arasında ədalətli şəkildə bölüşdürülür. Burada bir qədər nümunəvi məhkumlar saxlanılır. Amma qaydaları pozanlar yenidən qapalı türməyə göndərilir və bütün bu nemətlərdən məhrum olunur.

Turistlər qəsdən cinayət törədir ki, Skandinaviya türmələrinə düşsün...

Bəs Skandinaviyada ümumi vəziyyət necədir? Məlumatlara görə, 90-cı illərin əvvəllərində buraya Şərqi Avropa və Rusiyadan çoxlu turistlər gəlib cinayət törədirdilər ki, türməyə düşüb, pulsuz istirahət etsinlər. Onlar bu ölkənin ərazisində xırda cinayətlər törətməklə cəza alır, nəticədə isə həbsxanaya düşərək pul qazanır, dincəlir, normal qidalanırdılar. Bunun nəticəsiydi ki, sözügedən ölkələrdən gələn turistlər azadlığa qovuşan kimi növbəti dəfə xırda bir cinayət işlətməyə çalışırdılar. Bu ölkənin türmələrində oğru və dələduzlar kamera adlandırmağa çətinlik çəkdiyimiz təkadamlıq, komfortlu otaqlarında saxlanırlar. Amma bundan başqa, dördadamlıq kameralar da var ki, onlar bütrün üstünlüklərinə görə birincilərdən geri qalmırlar. Məsələn, dördadamlıq kameraların qonaq otağı xüsusi seçilir. Onun içində televizor, stol, dörd kreslo və şkaf yerləşir. Hər məhkum üçünsə ayrıca ayaqyolu nəzərdə tutulub. Təkadamlıq kameralarınsa sahəsi 6 - 7 kvadrat metrə bərabərdir. Onu içində əlüzyuyan, rəngli televizor, kitab şkafı, adi taxta çarpayı və yerdə xalça var.
Norveş türmələrində axşam saat 9-a qədər kameradan çıxış sərbəstdir. Məhkum mətbəxə, koridora və ya istirahət otağına heç kəsdən icazə almadan gedə bilər. Koridorun divarında əyləncəli şəkillər və qeydlər yer alıb. Holla gəlincə, burda da iternetə çıxışı olan kompüterlər, beynəlxalq çıxışı olan avtomat telefonlar da qoyulub. Bir sözlə, məhkum hər yerdə özünü evindəki kimi hiss edir. Daha dəqiq desək, bura ona tələbə yataqxanasını xatırladır.

Məhbus narkomanlar və alkoqoliklər üçün otaqda “qlazok” yoxdur

Türmədə narkomanların, alkoqoliklırin “lomka” saatında sakitləşə biləcəyi xüsusi otaqlar var. Burda qayışlı çarpayılar yerləşdirilib. Kameranıın “qlazok”u yoxdur. Ona görə də işçilərdən heç kəs gizli-gizli burdakı məhkumları müşahidə edə bilməz. Bütün çarpayılar ağappaq mələfə ilə örtülüb. Hər məhkumun öz əlüzyuyanı var. Hər kameraya televizor antennası quraşdırılıb, soyuducu və maqnitafonla təmin edilib.

Skandinaviyada məhbus hər gün pul qazanır

Amma bu komfortlu şəraitlə yanaşı, məhkumların iş öhdəlikləri də var. Məsələn, Nerbo həbsxanasındakı məhkumlar Stavanger şəhərinin yaxınlığında yerləşən sahədə çalışırlar və burada iş günü səhər saat 8-dən günorta 14.30-a qədər davam edir. Məhkumlar burada xırda yaradıcılıqla yanaşı, ferma işçiliyi ilə də məşğul olurlar, heyvanlara baxır, meyvə-tərəvəz yetişdirirlər. Türmənin ərazisində qalıb işləyənlər isə hərbi hissələrdən, xəstəxana, qocalar evindən göndərilən çirkli paltarları yumaqla məşğul olur. İşçilərə saatbaşı dincini almağa icazə verilir. Türmədə məhkum istənilən təhsili ala bilir, ixtisasa yiyələnir. Bu halda tələbə-məhkumun otağına internetlə təchiz olunmuş kompüter yerləşdirilir. Məhkum oxuyursa işləməyinə ehtiyac da yoxdur. Onun təhsili üçün hökumət xüsusi vəsair ödəyir. Amma məıhkumun oxuması və ya işləməsi də məcburi deyil. Sadəcə, bundan imtina edənləri televizor və digər lükslərdən məhrum edirlər. Bir növ tənbəl olub heç kəsə xeyir vermədiyi üçün.

İsveç türməsi üçulduzlu hoteli xatırladır

İsveç türmələrinə ekskursiya zamanı isə adama elə gəlir ki, otellər arasında gəzintiyə çıxırsınız. Stokholm şəhərindəki Kronoberqsxeket adlanan cəza evinə uzadan baxanda üçulduzlu hoteli xatırladır. Orda məhkumlar da xoşbəxtdir, işçilər də. Qazamatın düz 300 işçisi var ki, onların 16-sı hər gecə növbətçilik edir. Məhkumların qulluğunda həkimlər, psixoloqlar, saç ustaları ilə yanaşı, Qırmızı Xaş komitəsinin könüllü işçiləri də dayanır. Onları keşişlər və mollalar da tez-tez ziyarət edir. Zindanın hər mərtəbəsində məhkumlar üçün avtomat telefonlar da quraşdırılıb. Telefon kartının köməyi ilə məhkum istədiyi yerlə əlaqə saxlayıb, istədiyi qədər danışa bilir. Məsələn, məhkumun öz vəkilinə telefon açması pulsuzdur, onu hökumət ödəyir. Amma məhkumlara göndərilən sovqat məsələsində bir qədər məhdudiyyət var. Türməyə araq, şərab, siqaret, dibçəkdə çiçək(içində narkotik maddə ola bilər) keçirmək olmaz. Məhkum siqaret, meyvə-tərəvəz, habelə bəzi əşyaları həbsxananın öz mağazasından ala bilər. Qəzetləri isə almağa ehtiyac yoxdur. Orda onları sərbəst şəkildə oxumaq olur. Çünki türmə gündəlik nəşrlərə abunədir. Televizora isə gün ərzində məhdudiyyətsiz baxmağa icazə var. Hər kamerada kiçik televizor və elektrik əşyaları var. “Otboy”dan əvvəl onların heç birini söndürmürlər. Bu türmədə məhkumların mütaliə hüquqları da tamamən qorunub. Belə ki, türmə kitabxanasında dünyanın 30 dilində 50 min kitab ehtiyatı var. İşçilər diyircəkli arabalarla həmin kitabları məhkumların kamerasına qədər gətirir. Əgər onların arasında məhkumun sifariş etdiyi kitab yoxdursa, kitabxana rəhbərliyi onu nəyin bahasına olursa olsun tapır.
Xəstə məhbuslara isə xüsusi qulluq edilir. Onlar tibbin ən yüksən standartları ilə müalicə edilir. Özü də xəstələri məhkumlar üçün yox, adı xəstələr üçün nəzərdə tutulmuş hospitallarda müalicə edirlər. Lazım gələndə isə onlara əlavə mühafizəçi də ayrılır ki, qaçmasınlar. Məhkumların idmanla məşğul olmasına da maksimum şərait yaradılıb. Onlar türmənin idman zalında və həyətində voleybol, tennis oynaya, trenajor zallarda istədikləri qədər məşğul ola bilərlər.
Bu da “yevrotürmələr”. Dediyimiz kimi, Allah heç kəsin yolunu buralara salmasın. Amma məhbus olanda da Avropada olasan. Bu, təxminən xaricdə istirahət etmək kimi bir şeydir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR