İnsanlara hürriyət, millətlərə istiqlal!

TÜRKMƏNLƏRƏ ÇATAQ

1429 31.08.2010 08:24 Yazarlar A A
Qoy gözləsinlər. Onlara bu da azdır. Əvvəla, səslərini vaxtında Ziya Məmmədovgilin hökumətinə verməyəydilər. Hər seçkidə “Lider”ə, AzTV-yə çıxıb müxalifəti söymək, iqtidarın qulpundan yapışıb onu dəstəkləmək deyil e... İndi çəksinlər bunun altını doyunca. İkincisi, səhv yenə özlərindədir. Bu sahibkarların davası nədir? Bəli, yeraltı keçidlərdəki dükanlarını onları aldadan nazir oğlunun şirkətindən geri almaq. Bəs onda bu tacirlər Baş Prokurorluğa, DİN-ə, MTN-ə, Prezident Aparatına, Nəqliyyat Nazirliyinə niyə şikayətlənir? Axı bu idarələrin hamısı yerin üstündədir, bu - bir. Onların heç biri yeraltı işlərə baxmır, bu da iki. Bizdə yeraltı işlərə baxan bircə dənə qurum var, o da sevimli Şeyximizin idarəsidir. Hər şikayət-müraciət aidiyyəti üzrə edilməlidir. Məncə, sahibkarlar öz şikayətini Şeyxə göndərməlidir. O, kasıb-kusubun tərəfində olan ədalətli adamdır. İşə qarışan kimi problem dərhal həll olunacaq.
Sən elə bilirsən bu gün dünyada ədalətli adamlar çoxdur?! Ay-hay, əgər çox olsaydı, onda bizim Hacıbalanın əziyyəti yerə dəyərdimi? Dünya çox ədalətsizdir. Yer kürəsində bizim Hacıbaladan çox fontan qayıran yoxdur, amma “Ginnesin rekordlar kitabı” tutub Türkmənistandakı fəvvarəni öz səhifəsinə salır ki, ən yaxşı və çoxsaylı fontanlar Aşqabad fəvvarə kompleksindədir. Bu qədər neft pulunu fontanlar, işıldaböcək oyuncaqlar adı ilə sən küləyə verəsən, amma rekord hansısa əkəbalanın adına yazıla, türkmən basıb səni qabağa keçə. Böyük haqsızlıqdır.
Dərd budur ki, təkcə bu da deyil. Demə, Aşqabadda 133 metr hündürlükdə yellənən 420 kiloluq türkmən bayrağı dünyanın ən hündür bayrağı imiş. Belə də zülm olar?! 36 milyon manatı (45 milyon dollar) Bayılda sərin yelə verib bayraq meydanı tikən biz, adını rekordlar kitabına saldıranlar isə yenə də türkmənlər.
Amma eybi yox, bizim də atımızın alnına gün doğar. Hökumətdə oturanlar arasında ali savadlılarımız çoxdur. Onlardan xahiş edək, bayraq meydanının layihəsinə elə filfilo dua oxusunlar ki, bu zəhrimarın smetası heç olmasa 100 milyona çatsın. Adımızı kitab-dəftərə barı ən bahalı bayraq meydanı sahibi kimi saldıraq (Hirsimdən bunu da mötərizədə deyim, bil ki, müsəlman ölkələri də belə bədbəxtdir də, oğlum. Gürcüstan demokratiya yarışında Avropa ilə rəqabətdədir, biz də bahalı oyuncaqlar düzəltməkdə Türkmənistanla yarışırıq. Xalx adını rekordlar kitabına kitab oxumaqla, elmlə, dahiyanə ideya və kəşflərlə salır, biz də millətin sərvətlərini belə mənasız, səfeh işlərə sovurmaqla). Axı hökmdarın sözü olmasın, pulumuz çoxdur.
Söz yox, sən onu da nə qədər desən ki, bu puldan xalqa da vermək lazımdır, eşidən olmayacaq. O gün keçmiş deputat Mətləb Mütəllimlinin yazısından maraqlı bir şey oxudum. Demə, bir vətəndaşımız götürüb Neft Şirkətinin kolxoz sədrinə məktub yazıb ki, neft pullarından payıma düşən hissəni verin, mən oturub gələcəyi-zadı gözləyə bilmərəm, vaxtım yoxdur.
Ona nə cavab verildiyini bilmirəm. Onu bilirəm ki, kefkom və yeyib-içən camaatımızın yerinə olsam, Neft Şirkətinə bir nəfər kimi hamılıqla belə ərizə ilə müraciət edərəm. Ya da lənkəranlı ağsaqqal kimi edərəm. Maşınımı sürəm “Azpetrol”a, 50 litr benzin vurandan sonra pul-zad verməmiş sürüb gedəm. Benzin satanlar kəsə qabağımı ki, a kişi, bəs pul. Mən də deyəm nə pul, ə, o gün prezident də dedi ki, neft xalqın sərvətidir, bu sərvətdən mənə bir polnı bak pay çatmır bəyəm. Maşını olmayanlar da Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin rəisi kimi eləsin. 25 min ton xam nefti yığıb gizlətsin, almanlar gələndə ona satsın. 2 milyon manat az pul deyil.
Hə, camaat hökumətlə kütləvi şəkildə belə zarafatlar eləsə, bəlkə onda ayılalar. Yoxsa bəziləri elə bilir ki, camaat qoyundur, milyardlarla neft pulunun haradan gəlib hara getdiyini, Bombeydən vurub Dubaydan, Mayamidən çıxdığını bilmir.
Belə də ki, bayraq meydanı smetasını qəsdən şişirtmək fikrimi dəyişib ayrı təklif verirəm. “Ginnesin rekordlar kitabı”na düşməyimiz üçün hökumət qoy ağlını işə salıb dünyanın ən zırpı qoyun ağılını (qəhəl) tiksin. Buna hərtərəfli haqqımız çatır. Jirinovski isə qoyun qığı yeyir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR