Qazın qiymətinin gizlin saxlanması, xalqın sərvəti ilə bağlı məlumatların açıqlanmaması nə dərəcədə düzgündür?
Müsavat başqanının müavini Qabil Hüseynlinin sözlərinə görə, hökumətin bağladığı müqavilələrin mahiyyəti barədə xalqa məlumat verilməlidir: “Xalqın onun milli sərvəti olan neft-qazın satışı haqda dəqiq məlumat almaq haqqı var. Açığı, qiymətin hər iki ölkə tərəfindən məxfi saxlanılmasını izah etmək asan deyil. Burada müxtəlif yozumlar meydana çıxa bilər. Bəziləri hesab edir ki, ola bilsin, qazın əvvəlki qiyməti ilə indiki qiyməti arasında simvolik artım var, ona görə açıqlama verilmir. Yəni artım ən azı Azərbaycanı məmnun edəcək səviyyədə deyil. Bir çoxları da hesab edir ki, əhəmiyyətli artım olub və yeni qiymətlərin əvvəldən satılan qaza da şamil edilməsi Azərbaycanın alacaqlarını artırır, bu səbəbdən də bunun açıqlanması Türkiyədə dalğalanma yarada bilər. Çünki qiymətin artımı son nəticədə Türkiyədə əhaliyə satılan qaz vasitəsilə kompensasiya ediləcək. Bu da əhaliyə satılan qazı bahalaşdıra, bu isə seçki ərəfəsində hökumətin reytinqinə xələl gətirə bilər. Odur ki, tərəflər hələ ki qazın alış-satış qiymətinin açıqlanmaması ilə bağlı razılığa gəlib. Çox güman, burada siyasi məqsədlər və daxili ictimai rəyə yönəlmiş niyyətlər var”.
Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban deyir ki, adətən hökumətlərarası sazişlərlə reallaşan proseslər ictimaiyyətə açıqlanır: “Qazın alqı-satqısı iki şirkət arasında reallaşdığından o, kommersiya müqaviləsi sayılır, onun şərtləri kommersiya sirri kimi açılmaya bilər. Bu, praktikada geniş tətbiq edilir. Rusiya ”Qazprom"unun Ukrayna, Moldova, Belarus və Ermənistana satdığı və Türkmənistandan, Özbəkistandan aldığı qazın qiyməti bəllidir. Çünki burda monopoliya var. Yəni qiymətin açıqlanıb-açıqlanmamasının onun biznesinə heç bir təsiri yoxdur. 1996-cı ildə Türkmənistandan İrana qaz kəməri çəkildi, düzdür, çox kiçik həcm idi, amma İranın təkidi ilə o qazın qiyməti indiyə qədər açıqlanmır. Burada çox güman ki, kommersiya sirri kimi müqavilə var".
İ.Şabanın sözlərinə görə, hökumətin fəaliyyətində hesabatlılıq olsaydı, qiymətlər heç olmasa millət vəkillərinə açıqlanmalı idi: “Azərbaycan qazının Rusiyaya neçəyə satılması hamıya bəllidir, gömrükdə də onun qiyməti göstərilir. Ancaq ”Şahdəniz"dən ixrac edilən qazın nəinki qiyməti, heç həcmi barədə də məlumat yoxdur. Mötərizədə göstərilir ki, həcmi Neft Şirkətinin ixrac etdiyi qaza aiddir. Anormal haldır ki, Statistika Komitəsi bunu açıqlamır. Amma qazın qiymətini dəqiq bilməsək də 1 faizə qədər dəqiqləşdirmək imkanı var. Hər rüb ərzində Neft Fonduna gələn gəlirlərlə bağlı açıqlama olur. Fond isə qazın satışından Azərbaycana gələn mənfəəti həmişə açıqlayır. Narahatçılıq var ki, qazın qiymətinin ictimaiyyətə açıqlanmaması korrupsiyaya səbəb ola bilər, amma bu, inandırıcı deyil. Çünki danışıqları Azərbaycan aparsa da qazın sahibi Azərbaycan deyil. “Azərbaycan Qaz Sample company” var. “Şahdəniz”in iştirakçıları onu kommersiya şirkəti kimi yaradıb, vəsaitlər ora köçür. O qurumda 8 şirkət var. Digər tərəfdən, o qazı “Botaş” və digər özəl şirkətlər alacaq. Yəni Azərbaycan qazının alıcısı Türkiyə deyil, özəl şirkətlərdir. Dövlət isə kommersiya işlərinə qarışa bilməz. Amma çoxlu kanallar var ki, bu qiyməti üzə çıxarmağa kömək edəcək. Necə deyərlər, cidanı çuvalda gizlətmək mümkün deyil".






