Türkiyənin milli müdafiə naziri Liviyanı haqq davasında sonadək dəstəklədiklərini açıqladı; politoloq: “Türkiyə Rusiyanı Liviyada məğlubiyyətə uğratdı, Ankara Yaxın Şərqdə aktiv rol oynayır”
Türkiyə Aralıq dənizinin Şərq sahilləri ilə bağlı siyasətində bir addım da geri çəkilmək istəyində görünmür. Elə bu səbəbdən rəsmi Ankaranın xarici siyasət masasında Liviya hər zaman aktuallığını saxlamaqdadır. “Yeni Müsavat”ın xəbərinə görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Liviya paytaxtı Tripoliyə səfər etməsi də bu siyasətin tərkib hissəsidir. O, səfər çərçivəsində Liviya Silahlı Qüvvələrində olub, ordu rəhbərliyi ilə fikir mübadiləsi aparıb.
Nazir bildirib ki, Türkiyə 500 illik tarixi qardaşlıq əlaqələri olan Liviyanın hər zaman yanında olmağa davam edəcək: “Türkiyə Liviyada yad qüvvə deyil. Hərbi sahədə əməkdaşlığımızın səviyyəsindən və heyətlərimizin mübadiləsindən məmnunluğumu ifadə edirəm”. NATO zirvəsi ərəfəsində gerçəkləşən səfər zamanı Akarın açıqlamaları son dərəcə diqqətçəkicidir. Yəni Türkiyə Liviyanı haqq davasında sonadək dəstəkləyir, hərbi yardımlar olacağını da gizlətmir.
Ümumiyyətlə, Liviyada Türkiyənin dəstəklədiyi hökumət qüvvələri Moskva tərəfindən dəstəklənən general marşal Haftarın ordusu üzərində dalbadal qələbələr qazandıqdan sonra Rusiya çətin vəziyyətdə qalıb. Təsadüfi deyil ki, Avropa Xarici Münasibətlər Şurası analitik mərkəzi məqaləsinə “Liviya artıq Türkiyənindir” başlığını qoymuşdu.
Akarla yanaşı daxili işlər naziri Süleyman Soylu, Baş Qərargah rəisi Yaşar Gülər, MİT başçısı Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da Liviyada rəsmi səfərdədir.

Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Türkiyə Rusiyanı Liviyada məğlubiyyətə uğratdı. Onun fikrincə, Ankara üçün Aralıq dənizinin şərq sahilləri hava-su kimi vacib idi. Ekspert hesab edir ki, Moskvanın dəstəklədiyi qiyamçı qüvvələr də əvvəlki gücdə deyillər.
“Türkiyə Yaxın Şərqdə regional gücə çevrilməkdədir. Onun son İsrail-Fələstin qarşıdurmasında ərəblərə növbəti dəstəyi göstərdi ki, Ankara bu regionda da söz sahibinə çevrilməkdədir. Türkiyə Suriya, Liviya, Fələstin siyasətində son dərəcə aktiv rol oynayır. Bundan əlavə, həm Suriya, həm Liviyada ruslara yerini göstərməklə yanaşı, Kremlin uzun illər açarını əlində saxladığı Qarabağ münaqişəsində də Türkiyə ona şərik çıxdı. Yəni rusların olduğu bütün konflikt ocaqlarında türklər də var”, - deyə R.Məmmədova qeyd etdi. Onun fikrincə, Türkiyə Liviyada indi şəriksiz liderdir.
Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada vahid hökumət və mərkəzləşdirilmiş idarəçilik yaratmaq mümkün olmayıb, nəticədə ölkə ayrı-ayrı silahlı qrupların və qəbilələrin hökmranlıq etdiyi hissələrə bölünüb, sonra onların arasında silahlı toqquşmalar başlayıb. Hazırda ölkənin qərbində - paytaxt Tripoli və ətrafında hakimiyyət Milli Razılıq Hökumətinə (MRH), şərqində isə Liviya Nümayəndələr Palatasına (LNP) məxsusdur. Tobruk şəhərində yerləşdiyi üçün Tobruk hökuməti də adlandırılan LNP-ni marşal Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusu (LMO) dəstəkləyir. 2019-su ilin aprelində Haftar terrorçu adlandırdığı Sərrac hökumətini devirmək üçün Tripoli üzərinə hücuma başlayıb, şəhərin cənub hissəsinə qədər irəliləyə bilsə də, öz məqsədinə çata bilməyib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






