Türkiyəni kimlər və niyə qana boyayır? - qısa ştrixlər, ipucları
İstanbul bu gecə (dekabrın 10-dan 11-ə keçən gecə) yenə qana boyandı. Heç şübhəsiz, gecəyarı baş verən xain terror Türkiyəni zəiflətmək siyasətinin növbəti həmləsidir. 15 iyul hadisələrindən, həmçinin İstanbulun Atatürk hava limanında baş verən terrordan sonra Türkiyə yenicə toparlanır və həyat öz axarına düşməyə başlayırdı qardaş dövlətdə. Bu məqamda yenə Türkiyəyə qarşı xain terror törədildi.
Təbii, yenə də bu xain hərəkətdə PKK izi görünür və açıq şəkildə. Nədən ki, PKK birmənalı olaraq hər zaman törətdiyi terror aktlarında türk polisini hədəf seçir.
İlkin məlumatlarda yaralıların çox olduğu bildirilsə də, şəhidlərin sayı bir neçə saat sonra açıqlandı. Son məlumata görə 40-a çox şəhid, 160-ya yaxın isə yaralı var!
Son parlament seçkilərində Türkiyə Böyük Millət Məclisinə soxulmuş PKK yanlılarının - HDP liderlərinin həbsindən sonra ekspertlər də bildirirdilər və gözlənilən idi ki, bu terror hörgütü qardaş ölkədə yeni qanlı hadisələr törədə bilər. Hətta iki ay öncədən Qərbdən, Amerikadan da belə xəbərdarlıqlar edilmişdi. Noyabr-dekabr aylarında Türkiyədə terror hadisələri törədiləcəyi haqda kəşfiyyat məlumatlarına istinadən informasiyalar ötürülmüşdü...
Bu arada, diqqəti çəkən başqa maraqlı məqamlar da var.
Məlum təyyarə qalmaqalından sonra Türkiyə-Rusiya münasibətləri korlanmışdı. Hətta iki ölkə arasında diplomatik münasibətlərə belə təhlükə yaranmışdı. Bir qədər sonra isə Rusiya və Türkiyə arasında əlaqələrin normallaşmağa başladı. Son aylarda proses sürətlə davam edirdi. Əməkdaşlığın bütün sahələr üzrə yüksəldiyi bir vaxtda İstanbulda törədilən terrorda heç şübhəsiz ki, Rusiya izi olmasına dair iddialar ortaya atılacaq. Bunu maraqlı tərəflər edəcək...
Məsələnin mahiyyəti isə budur: Zaman-zaman PKK-ya Rusiyadan dəstək verildiyi ittihamları və faktları mövcud olub. O üzdən belə iddialar - yəni son terrorda Rusiya izinin olmasına dair ortaya atılacaq fikirlər inandırıcı görünə və rəsmi Moskva ilə münasibətləri doğru siyasət olaraq bərpa etmək istəyən AKP-yə qarşı xalqda bir qıcıq yarada bilər. Yəni bu görüntünü yaratmaqla, Türkiyə xalqını hökumətlə üz-üzə qoymağa sövq etməyə çalışa bilərlər. Ki, niyə Türkiyə iqtidarı PKK-nı dəstələyən Rusiya ilə münasibətləri yaxşılaşdırır...
Amma hansı ki, məhz indiki məqamda Rusiyanın bunu edəcəyi qətiyyən inandırıcı görünmür. Çünki indiki dönəmdə bu, qətiyyən Kremlin maraqlarına uyğun deyil. O səbəbdən burada iki versiya var; ya PKK, ya da son vaxtlar Ərdoğana, Türkiyəyə qarşı səlib yürüşü edən Qərb və Avropa dairələri Türkiyə-Rusiya yaxınlaşmasını əngəlləmək üçün belə bir xain planı cızıblar və onu həyata keçiriblər. Burada həm də Qərb və Avropanın sanksiyalar tətbiq etdiyi Rusiyanı Türkiyənin dəstəyindən də məhrum etmək düşüncəsində, planında olduqları görüntüsü, rəyi var.
Həmçinin, Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Trampın Türkiyəyə sıcaq münasibəti də görünür, türk düşmənlərini rahatsız edib və qardaş dövlətə qarşı ən iyrənc planlar işə salınıb.
Türkiyənin ayağına dəyən daş, qəlbimizə dəyir. Çox keçmiş olsun, başımız sağ olsun.






