Türkiyədən Liviyaya üzən gəmidə 5 000-dən çox tüfəng aşkarlanıb
Sentyabrın 22-də Yunanıstanın Krit adası yaxınlığında saxlanılan gəmidə 5 mindən çox yivli tüfəng və xeyli döyüş sursatı aşkarlanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “DPA” nəşrinə yerli hakimiyyət qurumlarından bildirilib.
Məlumatda 7 nəfərdən ibarət gəmi heyətinin saxlanıldığı bildirilir.
Bundan əvvəl yayılan məlumatda bildirilmişdi ki, Yunanıstan sahil mühafizə qüvvələri Boliviya dövlət bayrağı altında üzən və göyərtəsində çoxlu sayda silah-sursat daşıyan gəmi saxlayıblar. Gəmidə Suriya, Misir və Hindistan vətəndaşları olub.
Gəmidə aşkarlanan sənədlərə əsasən, saxlanılan gəmi Türkiyə limanlarından birində silahla yükləndikdən sonra Liviyaya yola düşüb.
Gəmiyə baxış Krit adasının paytaxtı İraklion şəhərinin limanında keçirilib.






