İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə yeni dönəm: Xaosçular məğlub olsa da, qorxunc reallıq ortaya çıxdı

13397 17.04.2017 18:34 Yazarlar A A

Türkiyə daha bir tarixi mərhələni arxada buraxdı. Bu qardaş ölkədə yeni tarixi-siyasi mərhələnin əsası qoyuldu.

Belə ki, 16 apreldə keçirilmiş Konstitusiya dəyişikliklərinə dair referendumun nəticələri belə düşünməyə əsas verir. Hər halda bu nəticələrin Türkiyənin siyasi sistemində bir çox şeyləri ciddi şəkildə dəyişəcəyi qətiyyən şübhə doğurmur.

Onu da qeyd edək ki, referendumun ortaya çıxan nəticələri bir qədər gözlənilməz xarakter daşıyır. Öncə onu deyək ki, səsvermə hüququ olan və səsverməyə qatılan vətəndaşların göstərici rəqəmi 87 faizə yaxın olub. Və onların 51,4 faizi “Evet” deməklə, Konstitusiya dəyişikliklərini dəstəkləyiblər. Səsləri ilə “Hayır” platformasında yer alanların sayı isə 48,6 faiz olub.

Halbuki AKP hakimiyyəti “Evet”çilərin sayının əzici üstünlük qazanacağına ümid bəsləyirdi. Və bu ümidlər nəinki “suya düşdü”, hətta səslərin sayılmasının son mərhələsində “Evet”çilərin məğlub ola biləcəyi ilə bağlı ciddi narahatlıq yaşanıb. Nə isə ki, hər şey AKP-nin yeni hədəfləri baxımından yaxşı qurtardı.

Ancaq Türkiyə üçün hər şeyin yaxşı olduğunu düşünmək bir qədər sadəlövhlük olardı. Belə ki, bu referendum Türkiyə tarixində ilk dəfə bu qardaş ölkə üçün illər boyu mövcud olmuş “acı tablo”nu çılpaq şəkildə ortaya çıxartdı. Yəni Türkiyənin siyasi-ideoloji mozaikası birmənalı şəkildə aydınlaşdı.

Картинки по запросу türkiye referendum 2017

Məsələ ondadır ki, “Evet” platformasında saf tutanlar AKP, MHP və Böyük Quruluş Partiyası ilə məhdudlaşırdı. “Hayır”çı platforma isə daha fərqli qüvvələri özündə birləşdirirdi. Hər halda, bu platformada Türkiyə tarixində inkarolunmaz izlər buraxmış CHP ilə yanaşı, PKK-nın siyasi qanadı olan HDP-nin, PKK-nın Kandildə qərar tutmuş “baş qərargahı”nın, eləcə də xarici xüsusi xidmət servislərinin “sehirli çubuğu” ilə Türkiyəni tam şəkildə ələ keçirtmək uğrunda mübarizənin mərkəzində dayanan FETÖ şəbəkəsinin yer alması üzücüdür.

Bu mozaik tablo Türkiyənin düşdüyü durumla bağlı kifayət qədər ciddi nəticələr çıxartmağa imkan verir. Düzdür, səsini “Hayır”dan yana qullanan milyonlarla Türkiyə vətəndaşını öz mövqeyinə görə qətiyyən ittiham etmək olmaz. Amma FETÖ, PKK və HDP-ni könüllü dəstəkləmək üçün və ya bu qruplaşmaların təzyiqləri altında “Hayır” platformasında yer alanlar Türkiyənin gələcəyinə ən real təhlükəni vəd edirlər.

Çünki “Hayır”çıların bu kəsimi öz mövqeyini sırf Türkiyəyə düşmənçilik anlayışı üzərindən müəyyənləşdirmişdilər. Bu kəsimin “Hayır”çı olması birmənalı şəkildə mövcud siyasi sistemin ömrünün uzanacağı təqdirdə, Türkiyənin parçalanacağına və ölkənin cənub-şərq bölgəsinin müstəqillik qazana biləcəyinə bəslənilən ümidlərlə bağlı idi.

Buna əmin olmaq üçün səsvermənin nəticələrini özündə əks etdirən seçki xəritəsinə diqqət etmək tamamilə yetərlidir. Çünki həmin xəritədən də tam şəkildə aydın olur ki, “Hayır”çıların coğrafi üstünlüyü əsasən Türkiyənin cənub-şərq bölgəsi, Suriya, İraq və İran sərhədləri boyunca reallaşıb.

Снимок.JPG (96 KB)

Əslində, olduqca xoşagəlməz mənzərədir. Hətta müəyyən mənada qorxulu reallıqdır. Çünki bu mənzərə Türkiyənin siyasi-ideoloji hədəflər baxımından artıq çoxdan bölündüyünü göstərir. Və Türkiyə dövlətinin necə bir böyük təhlükə qarşısında olduğunu çılpaq şəkildə ortaya çıxarır.

Məsələnin maraqlı tərəfi isə odur ki, rəngindən və gələcək ideoloji hədəflərindən asılı olmayaraq, bütün “Hayır”çılar öz mövqelərini Türkiyədə demokratik siyasi sistemin qorumaq istəyi ilə arqumentləşdirməyə çalışırlar. Onların iddialarına görə, parlamentli respublika demokratik sistemin təminatçısıdır. Sən demə, prezident respublikası isə avtoritarizmə və diktaturaya çağırış edir.

Gözəl bəhanədir. Sanki Türkiyədə demokratiyanın bərqərar edilməsi uğrunda mübarizə aparan talesiz baş nazir Adnan Menderes başqa ölkədə boğazından asılıbmış. Üstəlik, bu parlamentli respublikanın baş naziri A.Menderes həbsxanada məzmunun açıq yazılmasını onun ruhuna təhqir olacağını düşünə biləcəyimiz səviyyədə yolverilməz təhqirlərə və alçaltmalara məruz qalmayıbmış.

Bunların demokratiya anlayışı PKK-çı kimi onlarla uşağı, qadını, qocanı qətlə yetirərkən həbs edilmiş terrorçu bir qadının (Sebahat Tuncel) sonradan deputat seçdirilərək həbsdən buraxılmasıdır. Sonra həmin terrorçu qadının deputat mandatının arxasına sığınaraq, bir şəhərin polis rəisini şapalaqlaması və bu cinayətə görə heç bir cəza almaması da demokratiyaymış.

Hələ bu, harasıdır. PKK-nın siyasi qanadı HDP-nin üzvlərinin başqan olduğu bələdiyyələrin maliyyə vəsaitinin terrorçulara verilməsi də sən demə, bəziləri üçün demokratik hüquqların sırasına daxildir. Dövlətin tanklarından və döyüş təyyarələrindən ölkənin vətəndaşlarına qarşı istifadə edilməsi isə demokratiyanın pik həddiymiş...

Картинки по запросу hollandiya aksiya

Prezident respublikasında bütün bunlar və sadalamadığımız yüzlərlə absurd “demokratiya örnəyi” olmayacaq. Bəzilərinin fikrincə, əgər, “demokratiya örtüyü” altında törədilən bu cinayətlərin qarşısı alınacaqsa, deməli, ölkədə diktatura qurulmuş olacaq.

Elə bunların ağaları – Avropa Birliyi də eyni mövqedədir. Referendumdan əvvəl Avropa Birliyi bəyan etmişdi ki, qutudan “Evet” çıxarsa, Türkiyə ilə münasibətlərə yenidən baxacaq. Guya “Evet” Türkiyəni diktaturaya aparacaqmış. Amma Hollandiyada polisin aksiya keçirən türkləri atların ayaqları altına salması və ya yerə yıxılmış türkü təlim görmüş köpəklərə gəmirtməsi demokratiyaymış.

Göründüyü kimi, Türkiyəyə qarşı həm xaricdə, həm də daxildə ciddi cəbhə alınıb. Bu qardaş ölkənin xaos içərisinə sürüklənməsi bəzilərinin ən böyük arzuları sırasına daxildir.

Amma “Evet” mərhələsinin bütün bu arzuları puça çıxara bilər. Hər halda, mərkəzləşdirilmiş vahid idarəçilik sisteminin bir çoxlarının böyük təhlükə kimi gördüyü unitar Türkiyəni daha da gücləndirəcəyi qətiyyən istisna deyil. Yaxın iki il ərzində bərqərar olacaq yeni “Evet” mərhələsinə bu qədər sərt həm daxili, həm də xarici müqavimətin əsas səbəbləri də məhz bununla bağlıdır.

Elçin XALİDBƏYLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR