İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə təhsil alan azərbaycanlı tələbə terror təhlükəsindən qorxur - FOTOLAR

1663 01.04.2016 19:51 Ölkə A A
Türkiyənin uzun illərdir ki, mübarizə apardığı PKK və ardınca yaranan İŞİD terror təşkilatı ilə problemləri bitib, tükənmək bilmir. Son zamanlar baş verən terror hadisələri dünyanın ən çox sevilən ölkələrindən olan Türkiyəni təhlükəli ölkəyə çevirib. İstər turistlər, istərsə də yerli camaat ard-arda baş verən partlayışlardan qorxmamış deyillər. Bu hadisələr Türkiyənin turizm potensialını zəiflətməklə yanaşı, insanların da rahat yaşayışını əlindən alıb. İctimai yerlərdə polis nəzarəti gücləndirilsə də, terror təhlükəsi və qorxusu hər an var.

Qardaş ölkədə son zamanlar demək olar ki, hər gün “bomba ihbarı” xəbərləri gəlir. Yolda şübhəli çanta, şübhəli şəxs görən insanlar dərhal polisə müraciət edirlər. Türkiyəni turist olaraq seçənlər sırasında təbii ki, ilk yerləri tutanlar arasında azərbaycanlılar az deyillər. Həmçinin Türkiyədə təhsil alan azərbaycanlıların da sayı çoxdur. Onlar da yerli sakinlər kimi terror xofu ilə üz-üzə qalıblar.

Sosial şəbəkədə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdən brinin paylaşımı diqqət çəkdi. Tələbə yazır: “Universitetimizdә bomba ihbarı var, 3-4 gündür kimlik yoxlaması edirlәr. Әvvәllәr dә 10-15 nəfər “canlı bomba” tutub aparıblar. Әn şәrәfsiz hәrәkәtdir universitetdədә, metroda ya da hansısa ticarət mərkəzində partlayış etmәk. Problemin kiminlәdirsə, get kişi kimi onunla mübarizә apar. Burada hәr ölkәdәn milyonlarla tәlәbә tәhsil alır. Sırf gәlәcәk qura bilmәk üçün. Amma kimlərəsə görә günahsız insanlar qurban gedir. Lәnәtә gәlsiniz”.

Bu fikirlərdən də aydın olur ki, tələbələrimiz də terror hadisələrindən, ölkədəki gərginlikdən narahatdır. 

Musavat.com saytı olaraq yuxarıda qeyd etdiyimiz fikirlərin sahibi olan azərbaycanlı tələbə Sevinc Sәmәdzadә ilə söhbət edib, son zamanlar baş verən hadisələrdən sonra qarşılaşdıqları problemləri dinlədik.

Sakarya Universitetinin birinci kurs tələbəsi olan və Sosial iş fakultəsində təhsil alan S.Səmədzadə ilə söhbətimizi təqdim edirik:

- Əvvəlcə paylaşdığınız məlumatdan başlayaq. Belə “canlı bomba” həyəcanları, yoxlamalar, həbslər çox olurmu? Yoxsa, terror hadisələrindən sonra ilk dəfədir?

- Universitetdə bu cür xəbərləri keçәn ildәn ara-sıra eşidirdik. Amma o qәdәr də ciddiyә alınmırdı.  Amma polislәr hər yerdə olurdu. Baş verən hadisәlәrdәn sonra daha çox nәzarәt var. Vә bu tәlәbә olaraq məni narahat edir. Tez-tez şəxsiyyət vəsiqələrini yoxlayırlar. Bu da tələbələrə pis təsir edir. Hər an təhlükədə olduğunu düşünürsən. Mәsәlәn, aprel ayında Ankarada ixtisasımızla bağlı tәlim olacaq. Amma mən və dostlarım qorxudan oraya getmәyәcәyik.  

- Tez-tez aparılan yoxlamalarda xarici tələbə olduğunuz üçün sizə qarşı fərqli münasibət olurmu? 

- Universitetimizdə 84 min tәlәbә var. Bunun yarısı demək olar ki, xaricilərdir. Bәlkә dә daha çoxu. Hәr ölkədәn tələbə var. Şәxsәn yoxlamalar zamanı mən belә halla qarşılaşmamışam. Başqa tәlәbәlәri deyә bilmәrәm. Şübhələndikləri tələbələri daha çox sorğu-sual edirlər.

- Universitetin yataqxanasındamı qalırsınız?

- Ötәn semestr yataqxanada qalırdıq. İndi isә tələbə yoldaşlarımızla evә çıxmışıq.

- Məlum məsələdir ki, PKK-nın Türkiyədə xüsusi ilə də, universitetlərdə gənclərə təsir imkanları genişdir. Təşkilat olaraq daha çox gənclər arasında möhkəmlənməyə çalışırlar. Sizin universitetdə necə, bu təşkilatın üzvlərini, fəaliyyətini görmək mümkündürmü?

- Әlbәttә ki, var. Sakarya elә onların ocağıdır. PKK, İŞİD vә s. Dövlәt yataqxanasında “burs”la - dövlət hesabına təhsil alan tələbələr də qalır. Bu yataqxana ucuz və sərfəlidir. Ötən semestr həmin yataqxanadan 5-6 qız və oğlan tələbəni polis aparmışdı. Onların “canlı bomba” olduğu iddiası var idi. Eyni hadisə bu il dә olub. Onların üzvlәri hәr yerdәdir. 

- Həmin PKK üzvləri ilə sizlərin, digər türkiyəli tələbələrin münasibətləri necədir?

- Bizim fakultәdә onları az görürük. Ancaq tələbələrə təsir ikanları var.

- Yəqin ki, siz də məlumatlısınız. Bir müddət əvvəl 3 azərbaycanlı tələbə PKK-ya qoşulmuşdu. Sizin universitetdə azərbaycanlı tələbələrə PKK üzvlərinin təsir gücü necədir? Onlara qoşulan tələbələrimizi, onları dəstəkləyənləri görürsünüzmü?

- Mәn görmәmişәm. Amma dediyim kimi, Sakarya onların ocağıdır. Yəqin ki, vardır. PKK-nı dəstəkləyənlər də var.

- Ankara terrorunun ardından Türkiyənin müxtəlif yerlərində partlayışlar oldu. Əsasən də insanların kütləvi olduğu yerlərdə... Siz də yuxarıda qeyd etdiniz ki, ehtiyat edirsiniz. Tələbə olaraq günlük fəaliyyətiniz necədir? İctimai yerlərə çıxmaqdan ehtiyat edirsinizmi? İnsanlarda terror qorxusu varmı?

- Axırıncı olaylardan sonra tәәsüf ki, belә hallar olur. Bazarlarda, ticarət mərkəzlərində xeyli sayda polis əməkdaşları var. Biz dә hәftәsonları evdən çıxmamağa çalışırıq. Dediyim kimi, heç kim risk eləmir. Bir qorxu var. Bura gәlmәk üçün hamımız əmәk vermişik. Bir anda bitmәsini heç kim istәmәz. Hәr kәsdә qorxu və gәrginlik var. Ankarada keçirilәcәk tәlimә getmәkdən imtina etdik. Tәlәbә olaraq da gündәlik fәaliyyәtimiz evdən dərsə, dərsdən də evədir.

- Azərbaycanlı tələbələrlə onların ailə üzvlərindən başqa maraqlananlar varmı? Səfirlik, dövlət qurumları sizin təhülkəsizliyinizlə bağlı hansısa addımlar atırmı?

- Yox, indiyә qәdәr elә bir şey olmayıb. Ancaq xәbәrlәrdәn “ehtiyatlı olun, sıx adam olan yerlәrә getmәyin” kimi xəbərdarlıqlar eşidirik. Bunları isə onsuz da bilirik. 

İ.Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR