İstanbulun Pendik bölgəsində yol üstündə sürücülər arasında mübahisə yaranıb. “07 BSS 76” nömrəli avtomobili idarə edən Həsən və Hüseyn Sel adlı iki şəxs onlara yol verməyən avtomobilə yaxınlaşaraq sürücüyə və hamilə həyat yoldaşına dəhşətli anlar yaşadıblar.
Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Pendikdə D-100 yolunda baş verib. Həsən və Hüseyn Sel qardaşları nəqliyyat polisini görərək idarə etdikləri avtomobilin istiqamətini dəyişib, digər avtomobillərin yoluna çıxıblar. Lakin öz yolu ilə gedən avtomobillərdən birinin sürücüsü Yunus Əmrə Bahçivan onlara yol verməyib.
Bu zaman sürücülər arasında mübahisə baş verib. Qardaşlar onlara yol verməyən sürücünün qarşısına keçərək avtomobili saxlayıb, onu öz avtomobilindən düşürmək istəyiblər. Sürücünün qapını açmadığını görən Həsən Sel avtomobilin güzgüsünü qırıb, üzərinə çıxaraq təpikləyib. Avtomobildə olan sürücünün hamilə həyat yoldaşı Ayfer Bahçivan hadisədən qorxu keçirib. Qardaşlar qadının “polisə zəng edirəm” deməsinə də əhəmiyyət verməyiblər.
Araşdırma zamanı həmin şəxslərin tanınmış “Seyidoğlu paxlava” şirkətinin sahibləri olduğu məlum olub. Onların bundan əlavə, müxtəlif şirkətlərə milyonlarla lirə dəyərində sərmayə yatırdıqları bildirilir.
Tanınmış paxlavaçıların avtomobilə hücumu sürücü Y.Ə. Bahçivan tərəfindən telefon vasitəsilə çəkilib. Sosial şəbəkələrdə paylaşılaraq böyük hiddətə səbəb olan hadisə polis tərəfindən araşdırılıb. Həsən və Hüseyn Sel polis bölməsinə gedərək ifadə veriblər.






