Türkiyədə Azərbaycan jurnalistləri üçün tədbir keçirilir (FOTO)
İyunun 23-də Ankarada Türkiyə Baş Nazirliyinin İşbirliyi və Kordinasiyası Agentliyinin (TİKA) Anadolu Agentliyi ilə birlikdə Azərbaycan jurnalistləri üçün Türkiyə Azərbaycan Media Əməkdaşlığı Proqramı (TAMƏP) çərçivəsində internet yayımçılığı ilə bağlı həyata keçirdiyi tədbir başlayıb. İyunun 27-dək davam edəcək təlim xarakterli tədbir Anadolu Agentliyinin Xəbər Akademiyasında keçirilir və Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşavirliyinin də bu tədbirin təşkil olunmasına qatqısı var. Bu tədbirdə “Yeni Müsavat” qəzetinin redaktoru Zabil Müqabiloğlu da iştirak edir. Z.Müqabiloğlu “Yeni Müsavat”ın əməkdaşına bildirib ki, ilk olaraq Azərbaycan nümayəndə heyəti ilə Anadolu Agentliyinin rəhbəri Kamal Öztürk görüşüb və bu sahədə bilgilərini jurnalistlərlə bölüşüb, rəhbərlik etdiyi media quruluşu barədə geniş məlumat verib.
Qeyd edək ki, K.Öztürk Türkiyə Böyük Millət Məclisi sədrinin baş danışmanı və baş nazir Rəcəb Tayyib Ərdoğanın mətbuat danışmanı vəzifələrində çalışıb.
2011-ci ilin avqust ayından Anadolu agentliyinə rəhbərlik edir.
K.Öztürk bildirib ki, Anadolu Agentliyinin Bakı da daxil olmaqla, dünyanın 85 ölkəsində ofisləri, əməkdaşları və ümumilikdə 2500 nəfərə yaxın işçisi var. Onun sözlərinə görə, hazırda Anadolu agentliyi dünya xəbər agentlikləri sırasında 8-ci yeri tutur və 2020-ci ildə agentliyin 100 yaşının tamam olması ərəfəsində ilk üçlükdə yer alacağına əmindirlər. K.Öztürk bu istiqamətdə ciddi çalışmalarının olduğunu bildirib. Anadolu agentliyinin rəhbəri sosial media barədə də danışıb və bildirib ki, dünya mediası başqa bir səmtə gedir: “Dünyada yeni bir multimedia qəzetçiliyi doğulur. Biz sosial medianın media aləminə real təsirlərini və nəticələrini uzağı 20 ilə tam görəcəyik. Artıq belə nəticələr var. ABŞ, Britaniya kimi ölkələrdə bir sıra nüfuzlu mətbuat orqanları sosial medianın gündəmə gəlməsindən sonra fəaliyyətini dayandırıb. 20 ildən sonra qəzetlər tam sıradan çıxa bilər. İndi media aləmində yeni bir məslək doğulur və bu yeni bir insan tipi yetişdirilməsini zəruri edir. Hazırda biz bu konsepsiya üzərində işləyirik və böyük media quruluşları ilə rəqabət aparırırq. Doğrudur, dünyanın öndə gələn, 4-5, 10 milyard dollar büdcəsi olan agentliklərlə rəqabət aparmaq çətindir. Amma bizim cəmi 50 milyon büdcəmizin olmasına baxmayaraq, bu rəqabəti aparırıq və uğurlu olacağına da inanırıq”.
K.Öztürk Azərbaycan mətbuatı barədə də danışıb. Onun fikrincə, Azərbaycan mətbuatı çox siyasiləşib və tərəflərə bölünüb: “Onlardan biri hansısa tərəfi çox öyərək göylərə qaldırır, başqa biri isə hər şeyi dibinə kimi ələşdirir”. Son üç ildə Anadolu agentliyinin böyük inkişaf yolu keçdiyini deyən K.Öztürk bildirib ki, Azərbaycan mətbuatının da bu cür inkişaf yolu keçməsi lazımdır: “Qısa müddətdə bu Azərbaycanda da baş verəcək”.
Anadolu agentliyinin xəbər akademiyasının kordinatoru Hayrı Çətinkuş bildirib ki, sözügedən agentlik hazırda 7 dildə xəbər yayır. Onun sözlərinə görə, son üç ildə həm Anadolu agentliyinin yayılma coğrafiyası, həm də dünya üzrə abunəçilərinin sayı artıb. H.Çətinkuş bildirib ki, agentliyin yüz yaşı tamam olana qədər Anadolu 11 dildə xəbər yaymğı qarşısına məqsəd qoyub.
Xəbər akademiyasının kordinatoru Anadolu agentliyinin bu akademiya vasitəsi ilə öz müxbirlərini özünün yetişdirdiyini deyib. Onun sözlərinə görə, savaş müxbirləri də daxil olmaqla, müxtəlif sahələr üzrə bir neçə dil bilən müxbirlər yetişdirilir.
H.Çətinkuş bildirib ki, Anadolu agentliyi hazırda gündəlik 2000-ə yaxın xəbər, 1800-dən çox foto və 300-dən yuxarı video yayır.
Anadolu agentliyinin sistem müdiri İrfan Kəskin isə yeniləşən və inkişaf edən texnolojilər barədə danışıb. İ.Kəskin bildirib ki, Anadolu agentliyi bu yeniliklərlə ayaqlaşmaq istiqamətində ciddi addımlar atır və çox böyük uğurlar qazanıb: “Artıq dünya dəyişir. Əgər dünya vətəndaşı olmaq istəyirsənsə, yenilikləri, texnolojini bilməlisən. Dəyişikliklərə qapananların dəyişmək, inkişaf eləmək şansı yoxdur. Ya kiçik bir dünyada yaşamağa davam edəcəksən, ya da böyük dünyada yaşamağa başlayacaqsan. Bu gün Anadolu agentliyinin konsepsiyası budur”.
Tədbirin ilk günü Azərbaycan jurnalistləri ilə Anadolu agentliyinin rəhbərliyinin fikir mübadiləsi, sual-cavablarla başa çatıb.
T.HƏSƏNLİ






