Koronavirus pandemiyası dünyada qlobal səviyyədə bir sıra dəyişikliklərə yol açacaq.
Bir çox tanınmış ekspert və siyasət adamı isə hətta bundan sonra dünyanın əvvəlki prinsip və qaydalarla idarə oluna bilməyəcəyini uca səslə dilə gətirməyə başlayıblar.
“Reallıq bundan ibarətdir ki, koronavirusdan sonra dünya daha əvvəlki kimi olmayacaq”. Bu cümlə ABŞ-ın keçmiş dövlət katibi, dünyanın ən məşhur fikir adamlarından sayılan Henri Kissincerin “The Wall Street Journal” qəzetində yazdığı məqalədə əks olunub.
H.Kissincer öz məqaləsində pandemiyanın hər kəsə görünməmiş miqyasda və azğınlıqla zərbə endirdiyini qeyd edərək mövcud düzənin əsaslarının ciddi şəkildə sarsıldığını qeyd etmişdi.
“İndi biz gələcək dövrlərə cığır açan mərhələdən keçirik. Liderlərin tarixi vəzifəsi böhranın öhdəsindən gəlməklə bərabər, gələcəyi inşa etməkdir. Əks təqdirdə, dünya yenidən alovlanacaq", - Kissincerin məqaləsi bu sözlərlə bitirdi.
Bu narahatlıq Qərb dünyasının ən böyük siyasi və iqtisadi təşkilatı hesab olunan Avropa Birliyinin aparıcı simalarının dili ilə səsləndirilir. Məsələn, birliyin memarlarından Jak Delor hazırkı situasiyanın AB üçün dağıdıcı nəticə ilə bitəcəyini deməkdən çəkinməyib.
Məsələ burasındadır ki, koronavirus, onun qoyduğu izlər, pandemiyaya qarşı görülən tədbirlərin xarakteri əslində bu vaxta qədər qlobalizasiya ilə bağlı təsəvvürləri alt-üst etməyə qadirdir.
İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinin analitiki Daniel Ştaynvortun qeyd etdyi kimi, bir vaxtlar özünün açıq daxili sərhədləri ilə öyünən “qoca qitə”də indi yenidən şlaqbaumlar peyda olub. Avropa əməkdaşlığının mirvarisi sayılan Şengen anlaşması isə real olaraq işləmir. Çünki hər bir dövlət yalnız öz əhalisini virusdan qorumaq istəyir. “İndi masanın üzərinə bütün Avropa Birliyinin varlığının mənasının qalması qoyulacaq”, - deyə müəllif yazıb.
Bu cür ekspert fikirlərini hazırda Qərb mətbuatında hər gün izləmək mümkündür. Belə olan halda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın II Dünya müharibəsindən sonra dünyada ilk dəfə qlobal səviyyədə yeni bir strukturlaşmanın baş verəcəyini bildirməsi diqqətçəkicidir. Türkiyənin dövlət başçısı rəhbərlik etdiyi dövlətin bu prosesin mərkəzində yer almaq fürsətini qazandığını qeyd edib. Onun fikrincə, bunun üçün artıq indidən fikri və fiziki hazırlıqlar aparılmalıdır.

Türkiyə dövlət başçısının AKP-nin vilayət təşkilatlarının sədrləri ilə keçirdiyi müşavirədə səsləndirdiyi bu fikir böyük rezonans doğurub. Bəzilərinin fikrincə, rəsmi Ankara artıq bu prosesdə regional oyunçu rolu oynamaqdan daha çox qurulacaq yeni dünya düzəninin mərkəzində yer almaq istəyir.
Məlum olduğu kimi, Türkiyə Cümhuriyyəti qurulduğu gündən etibarən dil, din, mədəni ünsürlərə görə bənzəməsə də, dəyərlərini mənimsədiyi Avropaya və onun strukturlarına inteqrasiya olmağa, siyasət və təhlükəsizlik səbəbi ilə Avropa-Atlantik sisteminin bir parçası olmağa çalışıb. Bu çərçivədə Türkiyənin ən önəmli xarici siyasi hədəflərindən biri də Avropa Birliyinə üzv olmaq olub.
Həqiqətən Türkiyənin də qatılması ilə Avropa Birliyi öz kimliyini yenidən müəyyənləşdirmək məcburiyyətində qalacaqdı.
Türkiyənin birliyə qatılmasını müdafiə edənlərin haqlı və yerində təsbitləri ilə Avropa gələcəkdə siyasi güc olmaq yolunda rəsmi Ankaranın simasında İslam dünyasına nüfuz etmək üçün önəmli bir tərəfdaş qazanacaqdı.

Ekspertlərin doğru olaraq bildirdiyi kimi, mədəniyyətlərin ortaq nöqtəsi olan Türkiyənin yardımı ilə AB türk və müsəlman dünyası başda olmaq üzrə qobal səviyyədə baxış bucağını daha da genişləndirə bilərdi. Türkiyəli alim İrfan Kalaycının deyimi ilə, bu genişlənmə AB üçün “qazanarkən, qazandırma” fəlsəfəsinin sübutu ola bilərdi.
Rəqəmlərə baxdıqda da bunu görmək mümkündür:
Belə ki, Türkiyənin üzv olması nəticəsində birliyin 4.475.757 km, olan sahəsi 5.255.757 km təşkil edəcək, yəni onun coğrafi sərhədləri 17 % artacaqdı;
Birliyin hazırda istifadədə olan 14 rəsmi dilindən əlavə, türk dili rəsmi dil olacaq;
Birliyin dini inanc paylama nisbəti dəyişəcəkdi. Bu nisbət, nüfuzunun 99%-nin müsəlman olduğu Türkiyənin üzvlüyü sayəsində 16% səviyyəsinə qalxacaqdı; Birliyin təxminən 510 milyon olan əhalisi Türkiyənin üzvlüyü durumunda 599 milyonu aşacaqdı.
Avropa Türkiyəni yanına alsaydı, ittifaqın ÜDM-i ABŞ-dan 10%, Yaponiyadan isə 3 dəfə artıq olacaqdı. Bundan başqa, birlik gələcəyin yanacağı hesab edilən və dünya ehtiyatlarının 70%-nin Türkiyədə yer aldığı bor mədənlərinə çıxış əldə etmək imkanı qazanacaqdı.

Beləliklə, Avropanın sərhədləri Cənubi Qafqazdan Yaxın Şərqə qədər genişlənəcək, radikalizmin yerini mülayimlik alacaq, Yaxın Şərqə demokratiya və istiqrar gətirəcək, mədəniyyətlər savaşı tezisi suya düşmüş olacaq, Avropanın təhlükəsizliyi Türkiyə kimi güclü bir hərbi gücə sahib dövlət tərəfindən təmin ediləcək, Türkiyənin islami ənənələri, regional əlaqələri və qaynaqları sayəsində birlik bütün bölgədə daha effektiv bir təsir və nüfuz imkanına sahib olacaqdı.
Təəssüf ki, Avropa Birliyi Türkiyənin üzvlüyünün özü üçün yalnız neqativ yanlarını gördü deyə heç bir əsas olmadan rəsmi Ankaranı 60 ildən çoxdur ki, qapısında gözlədir.
Türkiyənin yeni rəhbərliyi isə əvvəlki hökumətlərdən fərqli olaraq xarici siyasəti dar bir bucağa salmaq yerinə özü üçün daha geniş üfüqlər açıb. Qərbdən gələn bütün basqılara rəğmən bölgədə müstəqil və sərbəst hərbi-iqtisadi siyasət apararaq önəmli regional oyunçuya çevrilməyi bacarıb.
Dövlətin siyasi və iqtisadi azadlığının təmin olunması üçün bütün bölgəsəl güclərlə bərabər məsafədə dialoq qurulub və beynəlxalq münasibətlərdə tarazlıq siyasəti uğurla həyata keçirilir.
Bununla da əgər həqiqətən Qərb ekspertlərinin dünya düzəninin dəyişəcəyi ilə bağlı proqnozları özünü doğrultsa, Türkiyə yeni prosesə hazırlıqlı şəkildə müstəqil qüvvə kimi daxil ola və onun memarlarından biri kimi iştirak edə bilər.
Azərbaycana gəlincə, Türkiyənin dünyanın önəmli siyasi mərkəz və güclərindən birinə çevrilməsi ölkəmizin mənafelərinə uyğundur. Ən yaxın müttəfqinin qlobal siyasətin mühüm parçası halına gəlməsi rəsmi Bakı üçün diplomatik zəfər sayılmalıdır.
AB eksperti Alexandro Lorkanın dediyi kimi, Türkiyənin öz qardaş cümhuriyyətləri üçün önəmi vaxtilə İspaniyanın Latın Amerikası ölkələrinə etdiyi yardımlara görə liderliyini xatırladır.
Musavat.com






