İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə vətəndaşı 7 milyonluq mülkiyyətinin əlindən alındığını iddia edir

1100 20.10.2021 10:20 Ölkə A A

Nejdet Mustafa: “Bu gün Rövşən Abdullayev bizə öz əmlakımızın həndəvərinə yaxınlaşmağa heç cür imkan vermir”

Bakı Apelyasiya Məhkəməsində hakim İkram Şirinovun icraatında Türkiyə vətəndaşı Nejdet Mustafanın şikayətinə baxılır. Məsələnin mahiyyəti budur ki, onun Azərbaycanda 7 milyon manatlıq əmlakı var və həmin əmlakın dəyərini ödəmədən, altındakı torpaq sahəsinə görə 200 min verib əlindən almaq istəyirlər.

“Yeni Müsavat”ın redaksiyasına müraciət edən Nejdet Mustafa deyir ki, 1997-ci ildə İstanbul şəhərində olan bütün əmlaklarımı satıb Azərbaycana köçüb: “Əlimdəki pul vəsaitlərini Bakı şəhərində biznesə yatırdım. 2004-cü ildə qardaşım Naci Uzun Mustafa oğlu birlikdə ”Lüks Sönməz" MMC-ni təsis etdik. MMC-nin balansında indiki Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın yaxınlığında, Sumqayıt şossesi 6 ünvanında 0,79 ha torpaq sahəsi var idi. Bu gün həmin torpaq sahəsinin üzərində 56 obyekt fəaliyyət göstərir və onların hər birini öz vəsaitimlə ərsəyə gətirmişəm. 2007-cı ildə əmlakım tam işlək vəziyyətdə olarkən Rövşən Hüseyn oğlu Abdullayev mənə yaxınlaşdı və qeyd olunan ərazini almaq niyyətində olduğunu bildirdi. Təklif etdi ki, ərazini ona satım. Dedi ki, ərazidə 3 mərtəbəli ticarət mərkəzi inşa edəcək. Təklif etdi ki, ərazidə yarımçıq qalan tikinti ışlərini tam şəkildə başa çatdıra bilər. Son olaraq belə bir şərt daxilində razılığa gəldik ki, Rövşən Abdullayev “Lüks Sönməz” MMC-yə təsisçi kimi qəbul olunsun və o, bunun müqabilində 3 il ərzində aparacağı tikinti işlərini tam şəkildə başa çatdırsın. Tikinti işlərini qeyd olunan vaxtda başa çatdırmayacağı təqdirdə isə Rövşən Abdullayev təsisçilikdən çıxmalı idi. Beləliklə, bu məsələ ilə bağlı aramızdakı müqavilə sənədini notarial qaydada təsdıq etdirdik".

Nejdət Mustafa deyir ki, bundan sonra onun və ailəsinin qara günlərı başlayıb: “Rövşən Abdullayev həmin vaxtlarda mənə 170 min manat məbləğində borca pul verdi. Pulu “Lüks Sönməz" MMC-nin bəzi sənədləşmə işlərinə sərf etdim. Bu şəxs üzərinə götürdüyü öhdəliyi qeyd olunan müddət ərzində yerinə yetirmədi və bunun səbəbini soruşduqda hər dəfə mənə müxtəlif bəhanələr danışdı. “Lüks Sönməz” MMC-nin əmlakı necə var idisə, eləcə də qaldı. Həmin zaman vəziyyətim günü-gündən ağırlaşmağa başladı. Çünki  əmlakıma sərf etdiyim və banklardan kreditə götürdüyüm borclarımı geri qaytarmalı idim. Son anda şirkəti satmaq qərarına gəldim. Belə bir qərara gəlməyimə baxmayaraq, Rövşən Abdullayev əmlakın 50 faiz payçısı olduğu üçün buna razılıq verməli idi. Elə ki, o, buna razı olmadı, o halda məcbur olub onu payçı kimi təsisçilikdən çıxartmaq üçün məhkəməyə müraciət etməli oldum. Çox keçmədi ki, Rövşən Abdullayev hansısa yollarla məhkəməyə təsir etdi və həm vaxtı, həm də işi uzatdı. Tapdığım alıcılar isə vəziyyətin belə bir durumda olduğunu görüb şirkəti almaqdan boyun qaçırdılar. Abdullayev düşdüyüm vəziyyətdən sui-istifadə etdi və bıldırdi ki, borca verdiyi 170 min manat pulu 55 faizlə hesablamış və bu pulun faizi üst-üstə 785 min manat edir. Çox keçmədi ki, Rövşən Abdullayev həmin pulu qaytarmağımı tələb etdi və mənə “əgər pulu verməsən, o halda alqı-satqı müqaviləsinə imza atmaqdan imtina edəcəyəm” dedi.

Onun belə bir israrlı tələbindən sonra çıxılmaz vəziyyətdə qaldım və sonda adıçəkilən bu şəxsin şərti ilə razılaşmalı oldum. Biz həmin vaxt Abdullayevin digər kələyindən xəbərsiz idik. Bir neçə alıcı əmlakımızı almaq istəyi ilə bağlı bizə müraciət etsə də, Rövşən Abdullayev hər dəfə onları ərazidən uzaqlaşdırır və alqı-satıqı işlərinə mane olurdu. Belə ki, onunla aramızda olan kredit müqaviləsının vaxtı başa çatdıqdan sonra məhkəməyə müraciət etdi və kredit müqaviləsində qeyd olunmuş 170 min manat pulu və ona hesablanmış faiz borcunu bizdən tələb etdi. Çox keçmədi ki, başımız məhkəmələrə qarışdı və nədənsə o, hər məhkəmədə bizə qalib gəlməyi bacardı. Burada da çoxsaylı qanunsuzluq halları baş verdi. Əvvəlcə Binəqədi Rayon İcra və Probasiya Şöbəsi mənə məxsus olan əmlakı təxminən 1 milyon 500 min manat dəyərində qiymətləndirdi. Xəbərim olmadan mənə məxsus olan 50 faiz payımı da məhz Rövşən Abdullayev adına rəsmiləşdirib. Bundan sonra o, heç bir halda bizi əmlakımıza yaxın buraxmadı və müxtəlif vasitələrlə mənə təzyiqlər etməyə başladı. Əslində bizim əmlakın dəyəri təqribən 5-7 milyon manat civarındadır. Buradan da görünür ki, o, məqsədli şəkildə bizə məxsus olan əmlakı ələ keçirib. Belə bir olaylardan sonra əmlakımızın qiymətləndirilməsi məqsədilə təkrar Binəqədi Rayon Məhkəməsinə müraciət etdim və bu dəfə əmlakımız 4 milyon 500 min manat dəyərində qiymətləndirildi. Çox keçmədi ki, Rövşən Abdullayev çıxarılmış məhkəmə qətnaməsindən apelyasiya şikayəti verdi və Bakı Apelyasiya Məhkəməsində təkrar ekspertiza keçirildi. Bu dəfə bizə məxsus olan əmlak 1 milyon 918 min 700 manat məbləğində qiymətləndirildi. Həmin qətnamədən kasasiya qaydasında Ali Məhkəməyə müraciət etdim və işə yenidən baxılması üçün iş materialları Bakı Apelyasiya Məhkəməsinə geri qaytarıldı. Təkrar ekspertiza təyin olunsa da, nə iştirakımız, nə də ki qaldırdığımız vəsatətlərin heç biri təmin olunmadı. Məhkəmə tərəfindən yenidən iş üzrə təyin olunmuş ekspertiza üzrə rəy verən ekspert, əvvəl müstəqil rəy verən ekspert kimi, əmlakımızın dəyərini 1 milyon 968 min 700 manat qiymətləndirdi. Son olaraq Bakı Apelyasiya Məhkəməsi hesab edib ki, əsl həqiqətin aşkara çıxarılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınmalıdır. Məndə olan məlumata görə, Rövşən Abdullayev hər vasitə ilə əmlakımın ucuz qiymətə qiymətləndirilməsinə çalışır. Artıq neçə ildir ki, o, bizə məxsus əmlakı faktiki olaraq idarə edir və lazımi qədər gəlir də götürür. Bu gün Rövşən Abdullayev bizə öz əmlakımızın həndəvərinə yaxınlaşmağa heç cür imkan vermir". “Mən bu işin Azərbaycan məhkəməsində ədalətli həll olunmasını istəyirəm” deyən şikayətçi dövlət rəhbərliyindən və müvafiq qurumlardan kömək istəyib. 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR