Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Putinə ünvanlandığı son üzrxahlıq məktubu ilə iki ölkə münasibətlərində yaranan şok gəlişmə dünya mediasının aparıcı mövzularından biri olaraq qalır. Bu da şübhəsiz ki, ilk növbədə iki dövlətin regional və qlobal proseslərə ciddi təsir imkanlarından qaynaqlanır.
Artıq Rusiyadan Ərdoğanın məktubuna daha yüksək səviyyədə və adekvat rəsmi reaksiyalar gəlməyə başlayıb. Məsələn, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Türkiyə liderinin üzrxahalıq məktubunu şərh edərkən deyib ki, məktub münasibətlərin düzəlməsi üçün təməl ola bilər. “Üzr gecikmiş olsa da, heç olmamasından daha yaxşıdır. Zaman içərisində qarşılıqlı əlaqələrimiz müəyyən neqativ təsirlərə məruz qaldı, keçmişdəki inam itirildi. Yenə də bu məktub iki ölkə arasında bağların yenidən bərpası üçün əsas ola bilər”.
Matviyenko Vladimir Putinin təyyarə böhranından sonra yaşanan vəziyyətin Rusiyanın türk xalqına olan dostluq duyğularına təsir etmədiyini də söyləyib. “Baş verən hadisənin fərqinə varılıb. Bunun üçün də məktubu ancaq müsbət qarşılaya bilərik” - o vurğulayıb.

“Artıq Rusiya ilə normallaşma prosesi başladı”. Bunu isə Türkiyə baş naziri Binəli Yıldırım dünən parlamentdəki çıxışında söyləyib. O, həmçinin Rusiya ilə əlaqələrin normallaşmasında Azərbaycan və Qazaxıstan liderlərinin çox çalışdığını da bildirib: “Bu günlər ərzində Rusiya ilə münasibətləri normallaşdırma istiqamətində önəmli hadisələr baş verdi. Həm iqtisadi, həm də mədəni əlaqələrimizin bərpası üçün çox çalışdıq. Qarşılıqlı yazışmalar Türkiyə ilə Rusiya arasında buzların əridiyini göstərir. Rusiya ilə normallaşma prosesinin başladığını deyə bilərəm. İşlərin bu mərhələyə gəlməsi üçün qardaşlarımız - Qazaxıstan və Azərbaycan liderləri çox çalışdı. Bu məsələdə onlara təşəkkür edirik. Artıq dostlarımızı artırıb, düşmənlərimizi azaldacağıq”.
Bundan bir gün qabaq isə baş nazir “Biz hər şeyi yenidən başlayacağıq” söyləmişdi. Baş nazir onu da əlavə eləmişdi ki, artıq böhran arxadadır və bir-iki gün sonra prezident Ərdoğan Rusiya prezidenti Putinlə telefonla danışacaq. Bununla da böhran tamamən bitəcək. Bu arada vurulan təyyarəyə görə Türkiyənin təzminat ödəyəcəyi də bəlli olub.
***
Qeyd edək ki, ötən müddətdə əslində Türkiyə-Rusiya münasibətlərinin bərpası istiqamətində gizli vasitəçilərin çalışmaları heç vaxt dayanmayıb. “Yeni Müsavat”a məlum olub ki, bu iki nəhəng ölkənin siyasi iqtidarlarının barışması üçün Azərbaycan prezidenti İlham Əliyev də durmadan çalışıb, hətta bir neçə ay əvvəl prezidentləri barışdırmaq nöqtəsinə qədər fəaliyyət göstərib. Lakin belə bir nəticənin əldə olunduğu bir gündə Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun hansısa bir mitinqdə Rusiyanı və prezident Putini ağır sözlərlə aşağılaması prosesi tormozlamışdı. Rusiya tərəfi hesab edirdi ki, Davudoğlu ABŞ-ın Türkiyə iqtidarındakı əsas adamıdır və bunu qəsdən edir. Təsadüfi deyil ki, “Yeni Müsavat” Türkiyədə hökumət dəyişərkən obrazlı bir başlıq vermişdi: Davudoğlunun kəlləsini Putin istədi, Ərdoğan verdi.
Biz proseslə bağlı daha dərin bilgiyə sahibik. Ərdoğanın məlum məktubunun yayıldığı gün Rusiya və Azərbaycan prezidentlərinə yaxın simanın Ankarada olması, mühüm missiyalar aparması haqqında da məlumatımız var. Prosesin yekunu, hər halda, müsbətdir və daha yaxşı nəticələr gözlənilir.
Belə ki, yazı hazırlanarkən, Putinin iyunun 29-da, yəni bu gün Ərdoğana telefon açacağı xəbəri yayılıb. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov təşəbbüsün Rusiya prezidenti tərəfindən ediləcəyini də deyib.
***
Nəzərə alsaq ki, eyni gündə Türkiyənin İsrailə də barışığı, faktiki, gerçəkləşib, o zaman belə demək olar ki, Ankara eyni vaxtda iki mühüm, strateji əhəmiyyətli dövlətlə, dünənin strateji tərəfdaşları ilə münasibətləri qaydaya sala bilib. İsrail və Rusiya kimi regional güclərlə əlaqələrin normal məcraya qayıtmasından isə təkcə bu üç ölkə yox, ümumən bölgə qazanacaq, regional sülh və təhlükəsizlik sistemi udacaq, Azərbaycan udacaq. Uduzan və pəjmürdə olan tək qüvvə isə beynəlxalq terrorçular, İŞİD, Bəşər Əsəd, bir də yəqin ki, mənfur qonşularımız olacaq.
Hərgah, Ankaranın Rusiya ilə barışıq addımını əskiklik kimi qələmə verənlər də var. Ancaq gəlin unutmayaq ki, prezident Ərdoğanın həmkarı Putinə son məktubunda “təyyarəni səhvən vurmuşuq və buna görə üzr istəyirik” ifadəsi yer almayıb. Rəsmi Kremlin özünün yaydığı mətndə də bu sözlər yoxdu. Yəni iki prezident məsələdə öz sifətini qoruyub saxlayıb.
Bir də qardaş ölkə etmədiyi səhvə görə niyə üzr istəsin ki? Doğru, hava sərhədini pozan rus təyyarəsini Türkiyə vurdu, amma pilotu Türkiyə vurmadı, Suriyadakı müxalifətçi güllələdi. Ərdoğan da təyyarənin deyil, məhz pilotun vurulmasına görə üzr istəyib, Türkiyə adından yox, suriyalı müxalifətçi adından - həm də Putindən yox, pilotun ailəsindən...
***
Əsas odur ki, aradakı buzlar artıq sürətlə əriməkdə, böhranlı dönəm arxada qalmaqdadır. Bu gün 7 aylıq kritik dönəm Putinin telefon zəngi ilə rəsmən başa çata bilər. Hər halda, siyasətdə əbədi düşmənlər olmur, əbədi maraqlar olur. Türkiyə və Rusiyanın köklü maraqları isə ziyan görməkdə idi. Nə yaxşı ki, hər şey rus demiş, “xoşbəxt sonluqla bitir”. Və nə yaxşı ki, bu “xoşbəxt sonluq”da Azərbaycanın da mühüm payı var - qardaşlıq payı.
Xeyirli olsun!
Siyasət şöbəsi