İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə səfiri Azərbaycanın köşə yazarları ilə görüşdə ilginc açıqlamalar verdi

1553 03.08.2016 07:20 Siyasət A A
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun avqustun 2-də Azərbaycanda tirajlanan mətbuat orqanlarının bir qrup köşə yazarı ilə görüşdü. Diplomatik nümayəndəlikdə baş tutan görüşdə səfirliyin mətbuat üzrə müşaviri Hamid Karadeniz də iştirak edirdi.


Səfir İsmayıl Alper iştirakçıları bir-bir səmimiyyətlə salamladıqdan sonra bildirdi ki, media mənsubları ilə görüş zərurəti ölkəsində baş verən 15 iyul dövlət çevrilişinə cəhd və ondan sonra cərəyan edən hadisələr ətrafında müzakirə aparmaq zərurətindən irəli gəlib. Diplomatın sözlərinə görə, əslində Azərbaycan çevriliş cəhdində Türkiyə dövlətinin yanında olduğu üçün Ankara burdakı münasibətdən çox razıdır. Lakin bununla belə müəyyən fikir mübadilələrinin aparılması da işin faydasınadır.

“Biz dünyanın hər yerində Türkiyə ilə bağlı doğruları anlatmağa çalışırıq. Ancaq bu məsələ Azərbaycana aid deyil. Çünki siz doğruları daha yaxşı görürsünüz”, - deyə səfir bildirdi.

İsmayıl Alper Coşqun Türkiyədəki çevriliş cəhdinin arxada qaldığını vurğuladı: “Biz yaxın tariximizdəki ən ciddi təhlükələrdən birini adladıq. Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd etməyə hazırlaşdığımız bir vaxtda Türkiyədə böyük fəlakətlər yaşandı. Bu, son dərəcədə üzücüdür. Ancaq şükürlər olsun ki, Türk xalqı daha böyük faciələrin baş verməsinə imkan vermədi. Türkiyənin tarixində çevrilişlər çox olub. Bizim ölkəmiz uzun illərdən bəri terrorla mücadilə aparan bir ölkədir. 

15 iyul gecəsi isə xain şəbəkənin etdikləri terrorun zivəsi oldu. Cümhurbaşqanının etdiyi müraciətdən sonra xalq küçələrə töküldü, demokratiya şüarları altında Türkiyənin bir çox yerlərində çevrilişə qarşı sərgilədiyi mənzərə ölkəmizdə demokratiyanın necə inkişaf etdiyini sübuta yetirdi. Eyni zamanda çevrilişlə hakimiyyətə gəlməyin mümkün olmadığını isbat etdi. Türkiyə bütün qurumları ilə dimdik ayaq üstədir. Ölkəsinə, dövlətinə, millətinə bağlı bütün vətənpərvər məmurlarımız üç-dörd saat yuxu almaqla gərəkəni edirlər. Şübhəmiz yoxdur ki, Türkiyə bu hadisələrdən güclənərək çıxacaq. Türkiyə çox ciddi təhlükələri adladı və Azərbaycan xaric, dünyaya demokratiya dərsi verdi”.

Diplomat bildirdi ki, çevriliş gecəsi türk mediasının, vətəndaş cəmiyyətinin “oynadığı rol bir əfsanə”dir. Onun sözlərinə görə, telekanalların kəsilməsinə çalışıldığı halda prezidentin bir cib telefonu ilə xalqa xitab etməsi o gecə dönüş nöqtəsinə çevrildi, xalq küçələrə axışdı və çevrilişin qarşısı alındı. Səfir əlavə etdi ki, 15 iyul olmasaydı belə, bu olaylar başqa günün birində ortaya çıxacaqdı: “Şəhidlərimiz var, amma şükürlər olsun ki, daha böyük fəlakətlərin qarşısı alındı. Biz Konstitusiyamızın devrilməsinin mücadiləsini apardıq və sonda qalib gəldik. İndi də bu hadisələrin növbəti dəfə təkrarlanmaması üçün gərəkilənlər edilir, fətullahçılara qarşı müvafiq tədbirlər həyata keçirilir”. 


Diplomat “Fətullahçı terror hörgütü” ilə bağlı tədbirlərin də davam etdirildiyini bildirdi və dəfələrlə Azərbaycanın tutduğu mövqedən razılığını dilə gətirdi: “Azərbaycanda hər kəs bu təhlükəni ürəkdən lənətlədi. Mən bunu böyük minnətdarlıq hissi ilə deyirəm. Azərbaycan bu davranışı ilə həm qardaşlıq mövqeyini ifadə etdi, həm də doğrunun yanında dayanmaqla nümunəvi davranış sərgilədi”. Səfirin sözlərinə görə, Azərbaycanda olduğu kimi, son hadisələrlə əlaqədar səmimi əndişələnənlərlə yanaşı, vəziyyətdən sui-istifadə edənlər də var və bu istiqamətdə spekulyasiyalara yol verilir. 
Azərbaycanda Türkiyənin turizm sektoru ilə bağlı narahatlıqlar haqda danışan səfir dedi ki, qoy, heç kim narahatlığı olmasın. “AZAL kimi Türk Hava Yolları da normal fəaliyyətini təhlükəsizlik şəraitində davam etdirir. Azərbaycanın Türkiyə ilə işbirliyində heç bir sıxıntılar olmayacaq”,- deyə böyükelçi vurğuladı.

Türkiyə bu hadisələrdən güclənərək çıxacaq”


Səfir “inanclı olduğu” deyilən fətullahçıların müxtəlif  qurumlar daxilindəki fəaliyyətindən də bəhs etdi: “30 il Türkiyə bayrağı altında xidmət edən adamlar o gecə ”mənəvi lider"lərinin təlimatı ilə Türk xalqına silah çəkdilər. Bu, silahlı qüvvələrin çevriliş cəhdi deyil, uniforma geymiş, ağlını itirmiş bir qrupun cəhdi idi".


Ordu generalı İlker Başbuğun çevriliş cəhdinin arxasında ABŞ kəşfiyyatının dayanması barədə dedikləri barədə səfirin reaksiyası belə oldu: “ABŞ bizim müttəfiqimiz, dost bildiyimiz və  dost görmək istədiyimiz bir ölkədir. Fətullah Gülənin bu darbənin arxasında dayandığına dair bizim şübhəmiz yoxdur. Ancaq ABŞ-ın aramızdakı anlaşmaya uyğun olaraq onun Türkiyəyə təhvil verilməsi lazımdır. ABŞ-ın hər hansı qurumunun bu olayın arxasında dayanıb-dayanmadığı haqda qəti məlumatımız yoxdur, rəsmilərimiz də bu haqda konkret mövqe bildirməyib. Bu adam 15 ildir orda yaşayır və şübhəsiz ki, bu prosesləri oradan tətikləyib. Bizim ABŞ-dan gözləntimiz dostluq, müttəfiqlik münasibətlərinə uyğun addımlar atmasıdır. Bizim ABŞ-dan istədiyimiz konkret və açıqdır: bu təhvil-təslimi gerçəkləşdirməsi gərəkdir ki, ədalət yerini alsın”.

Azərbaycandan hansısa tələblərinin olmadığını deyən səfir “biz bu təcrübəmizi Azərbaycanla paylaşırıq” dedi. Ancaq bununla belə, o, Türkiyədən üçüncü ölkələrə yayılan bu təhlükənin “virus kimi” inkişaf etdiyini etiraf etdi. Diplomat bir sıra əcnəbi ölkələrin mediasında Türkiyədə baş verənlərin saxtalaşdıraraq yayınlamasından da bəhs etdi və bu kimi hallara etirazını bildirdi.


NATO-Türkiyə münasibətlərinə gəldikdə, səfir “Biz NATO-nun önəmli ölkəsiyik və fəaliyyətimizi davam etdirəcəyik, bu mövzu ilə bağlı da bəzi spekulyasiyalar oldu” söylədi.  Gülən camaatının inanclı olması ilə bağlı deyilənlərə cavabında isə İsmayıl Alper “diqqət edək, lütfən, bu, mənim bildiyim din, bu, mənim bildiyim İslam deyil” dedi. Ərdoğan iqtidarının dini inanclara önəm verməsi barədə fikirlərə cavabında isə qeyd etdi ki, ümumilikdə Türkiyə toplumu inanclı toplumdur. 15 iyul gecəsi mühafizəkar, baş örtülü xanımlarla müasir vətəndaşların eyni şəkildə çevrilişə qarşı mübarizə apardığını dedi və bununla bağlı səslənən iddiaları da təkzib etdi.

Türkiyədə demokratiyanın taleyi barədə narahatlıqlar haqda sualın cavabında səfir “15 iyul hadisələrindən sonra demokratiya məsələlərində hansısa problem olmayıb, belə bir şey mümkün deyil” - söylədi. Əlavə etdi ki, o hadisələrdən sonrakı müzakirələrdə daha çox Türkiyədə müstəqil medianın önəmindən bəhs olunur, həmçinin, parlamentinin rolundan danışılır. “Demokratiya ilə əlaqədar sizin əndişəniz olmasın, bu məsələlər daha yüksək səviyyədə davam edəcək”- səfir qeyd elədi.

“Azərbaycanda çevrilişə cəhdlə bağlı təhlükə ola bilərmi” sualına cavabında diplomat dedi ki, Azərbaycandan tələb etdikləri heç nə yoxdur. Azərbaycanımız bu bölgənin müstəqillik adasıdır, bunun belə davam etməsi lazımdır. Bizim tək istəyimiz təcrübəmizi Azərbaycanla bölüşməkdən ibarətdir".


“Yeni Müsavat” qəzetindən baş redaktorun müavini Azər Ayxan, Musavat.com-un baş redaktoru Xalid Kazımlı və bu sətirlərin müəllifinin də iştirakçı olduğu tədbir maraqlı müzakirələrlə davam etdi.

E.PAŞASOY
FOTO: “YM”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR