Türkiyə ordusu şəhidlərin qısasını belə alır - VİDEO
Türkiyənin Şırnak vilayətində PKK terrorçularının hücumu nəticəsində 3 hərbçinin şəhid olmasından sonra Türkiyə Silahlı Qüvvələrinin helikopterləri terrorçuların düşərgələrinə bombardman etməyə başlayıb.
ANS PRESS-in məlumatına görə, genişmiqyaslı hərbi əməliyyatlarda PKK terrorçularının Şimali İraqda Küpeli dağında yerləşən mövqelərinə “Kobra” helikopterlərindən zərbələr endirilir.
Helikopterlər Zap, Metina ve Haftanin bölgələrindəki düşərgələrinə də havadan zərbələr endirib.
Türkiyə Silahlı Qüvvələri artıq bir həftədən çoxdur ki, PKK və İŞİD terrorçularının İraq və Suriyadakı mövqelərini bombardman edir.
F-16 qırıcıların və “Kobra” helikopterlərinin iştirak etdiyi əməliyyatlarda yüzlərlə terrorçu məhv edilib.
Bununla yanaşı PKKvə İŞİD terrorçuları Türkiyənin müxtəlif bölgələrində hücumlar həyata keçirirlər. Son məlumatlara görə, PKK terrorçuları Türkiyədə yük qatarını partlatmaq istəyiblər.
Belə ki, Ərzurum şəhərindən Qarsa gedən yük qatarı Köhnə Soğanlı stansiyasına girən zaman relslərə qoyulan bomba işə salınıb. Lakin xoşbəxtlikdən bomba qatar keçdikdən sonra işə düşüb. Ölən və xəsarət alan olmayıb.
Daha bir terror hücumu isə Ankaradan Tehrana hərəkət edən qatara olub. Dəmir yolunun Bingöl vilayətindən keçən hissəsində relsə qoyulan mina qatarın hərəkəti zamanı işə salınıb.
Hadisə nəticəsində ölən və ya yaralanan olmasa da, qatarın və dəmir yolunun ciddi zərər gördüyü açıqlanıb. Bundan əvvəl Diyarbəkirin Çinar rayonunda terrorçular xidmətdə olan polis avtomobilinə odlu silahlarla hücum edib. Nəticədə maşında olan 1 polis zabiti və 1 mülki vətəndaş dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Türkiyənin Şırnak vilayətində hərbçilər terror hücumuna məruz qalıb. Terrorçular vilayətdə yerləşən Görməc hərbi bazasında yola nəzarət edən hərbçilərə atəş açıblar. Nəticədə 3 hərbçi şəhid olub. Onlardan biri zabit, ikisi əsgərdir.






