İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə iqtisadiyyatında müsbət dinamika

1351 07.11.2018 09:40 İqtisadiyyat A A

Qubad İbadoğlu: “İslahatlar uzunmüddətli olmalıdır”

Keşiş Bransonla bağlı Türkiyə ilə ABŞ arasında yaranan gərginliyin başa çatması hər iki tərəfin bir-birinə qarşı sanksiyaları aradan qaldırması ilə nəticələnib. ABŞ Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya, Türkiyə isə daxili təhlükəsizlik naziri Kirsten Nilsen və ədliyyə naziri Ceff Sessionsa münasibətdə tətbiq etdiyi analoji sanksiyaları aradan qaldırdıqlarını bəyan ediblər.

Türkiyə iqtisadiyyatında ciddi böhrana yol açan gərginliyin aradan qalxması dərhal valyuta bazarına təsir göstərib. Belə ki, bu ilin oktyabr ayının son ongünlüyü Türkiyədə milli valyutanın bahalaşması ilə yadda qalıb. Əgər ayın əvvəlində bir dollar 6,06 lirəyə satılırdısa, ayın sonunda 5,58-ə düşüb.

Eyni zamanda Türkiyədə başladılan islahatlar proqramı da iqtisadi proseslərin müsbət axara düşməsinə təsir göstərib. Oktyabr ayında Türkiyədə 2,67 faizlik inflyasiya qeydə alınıb. Türkiyə Statistika İdarəsinin açıqladığı məlumata görə, bu zaman illik inflyasiya 25,24 faiz təşkil edib.  Qeyd edək ki, sentyabr ayının yekununda aylıq və illik inflyasiya göstəriciləri müvafiq olaraq 6,3 faiz və 24,52 faiz təşkil etmişdi.

Bütün bu qeyd olunan müsbət tendensiyalar Türkiyə iqtisadiyyatının böhrandan çıxmasının əlamətləri ola bilərmi? Qardaş ölkə iqtisadiyyatının çətin durumdan tamamən çıxması üçün nə qədər zamana ehtiyac var? Sualları cavablandıran iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyir ki, Türkiyə iqtisadiyyatında hazırda müşahidə olunan müsbət iqtisadi meyllərin başlıca səbəbi siyasi amillərlə bağlıdır: “Xüsusilə Amerika ilə Türkiyə arasındakı münasibətlərdə yumşalma burada mühüm rol oynayır. Amma Türkiyənin özündə də müəyyən addımlar atılır, xüsusən də Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən. Bu addımlar da iqtisadiyyata müsbət impulslar verməkdədir. Digər tərəfdən, Türkiyə prezidentinin apardığı iş, ayrı-ayrı dövlətlərdən əldə olunan dəstək də bir tərəfdən müsbət effektini verir. Bütün bunlar iqtisadiyyatda, xüsusilə maliyyə və valyuta bazarında sabitləşməyə gətirib çıxarıb. Lakin bütövlükdə Türkiyə iqtisadiyyatının böhrandan çıxdığını söyləmək tezdir. Türkiyə iqtisadiyyatının hazırkı vəziyyətini reanimasiyadan çıxarılıb palataya yerləşdirilən xəstənin vəziyyətinə bənzətmək olar. Hələ də iqtisadiyyatda risklər var, şoklar var. Bu risklərin aradan qaldırılması üçün təbii ki, Türkiyə iqtisadiyyatında davamlı islahatlar olmalıdır. Bu islahatlar xüsusilə də maliyyə-bank sektorunu, valyuta bazarını əhatə etməlidir. İndiki halda hesab edirəm ki, ilin sonuna yaxınlaşdıqca Türkiyə iqtisadiyyatında yenə də müəyyən gərginliklər müşahidə olunacaq”.

İqtisadçı-alimə görə, Türkiyə iqtisadiyyatı üçün ən təhlükəlisi investorların ona olan etimadı itirmələridir: “Uzun illərdən bəri formalaşmış etimad mühiti ciddi şəkildə sarsıldı. Bir çoxları öz sərmayələrini geri çəkdilər. Türkiyənin daxilində olan iş adamları öz kapitallarını ölkədən çıxarıb başqa ölkələrə yatırmağa başladılar. Bu prosesin nəticələrini yaxın müddətdə aradan qaldırmaq mümkün deyil, buna xeyli vaxt lazım gələcək. Düşünürəm ki, bu müddəti bir illə ölçmək mümkün deyil. Türkiyə iqtisadiyyatının əvvəlki vəziyyətini bərpa etmək üçün illər lazımdır. Və bu illər ərzində Türkiyə iqtisadiyyatına, maliyyə-bank sektoruna olan inamın qaytarılması üçün hələ çox işlər görülməlidir”.

Q.İbadoğlu Türkiyə iqtisadiyyatının bir daha belə təlatümlərlə üzləşməsini arzulamır: “Türkiyədə iqtisadi durumun pisləşməsi Azərbaycan üçün də yaxşı perspektiv vəd etmir. Türkiyə iqtisadiyyatının güclü olması bizim də maraqlarımıza cavab verir. Hesab edirəm ki, Türkiyədə iqtisadi proseslərin sabitləşməsində Azərbaycanın da rolu olub. Xüsusilə Azərbaycan tərəfindən Türkiyəyə yatırılan birbaşa investisiyalar qonşu ölkənin iqtisadiyyatına müsbət impulslar verməyə davam edəcək”.

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR