İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyə ilə sərhədlərin açılması bizim üçün təhlükə deyil, fürsətdir...” – İrəvanın ikibaşlı oyunu

1040 21.03.2023 20:48 Siyasət A A

“Türkiyə ilə quru sərhədlərin açılması Ermənistan üçün təhlükə yox, imkandır”.

Musavat.com-un məlumatına görə, bunu “Sputnik Ermənistan”a müsahibəsində ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan Türkiyə ilə sərhədlərin açılmasının daxili iqtisadiyyat üçün mümkün nəticələrini şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Türkiyədə erməni ərzaq məhsullarına, toxuculuq, zərgərlik, almaz və yüksək texnologiyalı məhsullara tələbat var.

“İdxal baxımından Türkiyə ilə sərhəd əslində çoxdan açıqdır. Türkiyə istehsalçılarının Ermənistanda öz məhsullarını satmaqda heç bir problemi yoxdur. Onlar uzun müddətdir bununla məşğuldurlar. O ayrı məsələ ki, erməni şirkətlərinin hələ də Türkiyə bazarına çıxışı yoxdur və biz əminik ki, sərhədlərin açılması bu xüsusda təhlükədən daha çox fürsətdir”, - deyə Kerobyan qeyd edib.

Amma erməni nazirin qənaətincə, belə bir fürsətdən yararlanmaq üçün erməni şirkətləri məhsuldarlığa və səmərəliliyə diqqəti artırmalıdır. “Sərt ifadəmə görə üzr istəyərəm, amma sən aşağı keyfiyyətli məhsul buraxıb da bu zaman dövlətin səni müdafiə edəcəyini gözləyəcək qədər savadsız ola bilməzsən. Bu, qeyri-təbii haldır və bunu etsək, istehlakçıların maraqlarına zərər vurmuş olarıq”, - erməni nazir jurnalistlərin Türkiyə mallarının, xüsusilə də kənd təsərrüfatı məhsullarının ucuz olması ilə bağlı dediklərinə cavab olaraq bildirib.

7a879f42-804a-418f-8934-4606f3a6.jpg (199 KB)

İqtisadiyyat naziri habelə vurğulayıb ki, erməni kənd təsərrüfatı şirkətləri Türkiyənin ucuz kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı hökumətə öz narahatlığını bildirməyib.

“Bəs Ermənistan Türkiyəyə nə ixrac edə bilər” sualına cavab olaraq Kerobyan deyib ki, qonşu ölkədə ərzaq, toxuculuq, zərgərlik və almaz istehsalı məhsulları, yüksək texnologiyalar tələb olunur: “Bu sahələrin demək olar ki, hər biri üzrə bizim təklif edə biləcəyimiz nəsə var. Bəzi kateqoriyalar üzrə isə hətta dünya liderləri olan şirkətlərimiz var”.

İqtisadiyyat naziri həmçinin Türkiyə vətəndaşları arasında Ermənistan tibbi xidmətlərinə tələbatın olmasını və Türkiyədə müalicə turizminin inkişafını istisna etmir.

Lakin quru sərhədlərin açılması, Türkiyə ilə iqtisadi əlaqələrin tam həcmdə bərpası üçün ən böyük əngəl elə Ermənistanın özü, eyni zamanda, radikal erməni ictimai rəyidir. Son rəy sorğularıma əsasən, bu ölkədə hələ də Türkiyə və Azərbaycanı əsas düşmən dövlətlər sayılır.

Söhbət həmçinin İrəvanın Bakı ilə sülh müqaviləsini imzalamaqdan müxtəlif bəhanələrlə yayınmasından gedir. Səbəb də kapitulyant ölkənin ərazi bütövlüyümüzü rəsmən tanımaq istəməməsidir. Qardaş ölkə rəhbərliyi isə dəfələrlə bəyan edib ki, Azərbaycan-Ermənistan sülh sazişi imzalanan kimi Anlara-İrəvan əlaqələri də avtomatik qaydaya düşəcək. Rəsmi Ankara hətta heç saxta soyqırımından və Ermənistan konstitusiyasında əksini tapmış Türkiyəyə qarşı əsassız ərazi iddiasından imtina tələbini də hələ ki, İrəvan önündə şərt kimi qoymur. Yalnız Azərbaycanla sülh müqaviləsi.

Təsadüfi deyil ki, Türkiyə və Ermənistan arasında əlaqələrin bərpası üzrə xüsusi nümayəndələr – Sədrar Kılıc və Ruben Rubinyan arasında indiyədək 4 görüş reallaşsa da, ciddi nəticə olmayıb. Odur ki, “izqoy” ölkə və xalqının blokadadan qurtulub, nəhayət, normal inkişaf yoluna çıxması sırf öz əlindədir. Bundan ötrü ən əvvəl erməni toplumunda Türkə nifrət ideologiyasına, Türkdən “xoxan” düzəltmək ənənəsinə son qoyulmalıdır.

Bir-birinin ərazi bütövlüyünü tanımayan, suverenliyə qarşılıqlı hörmətin və etimadın mövcud olmadığı qonşular arasında (Ermənistan nəzərdə tutulur təbii ki) hansı normal iqtisadi, siyasi-diplomatik, hətta insani münasibətlərdən söhbət gedə bilər ki?

Əlavə edək ki, ötən ay Türkiyənin cənubunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar qardaş ölkəyə humanitar yardım aparılması səbəbilə Ermənistanla olan Alican sərhəd-keçid məntəqəsi 30 ildən sonra ilk dəfə açılmışdı. Erməni tərəfi açılışını daimi olacağını zənn eləsə də, bu baş vermədi. Ankaranın sərhədlər məsələsində prinsipial mövqeyini zəlzələ fəlakəti də laxlada bilmədi. Nəticəni yenə rəsmi İrəvan çıxarmalıdır...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR