Ərdoğan çıxış yolunu Youtube da bağlamaqda gördü
Türkiyədə bələdiyyə seçkilərinə 3 gün qalmış xarici işlər naziri Əhməd Davudoğlunun, xarici işlər nazirinin müşaviri Feridun Sinirlioğlunun, Milli İstihbarat Təşkilatının (MİT) məsləhətçisi Hakan Fidanın, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini ordu generalı Yaşar Gülərin Suriyadakı Süleyman Şah türbəsi ilə bağlı məsləhətləşmələrinin internetə yerləşdirilən səs yazısı ölkə gündəmini alt-üst edib. “Seçim gündəmi” adlı hesabın Youtube sosial şəbəkəsində yaydığı səs yazısında hakim AKP-nin 30 mart seçkilərində durumu öz xeyrinə dəyişmək üçün Suriya ilə müharibə planlaşdırdığı ortaya çıxıb.
3 gündür Türkiyə gündəminin ən çox müzakirə etdiyi məsələlərdən biri Silahlı Qüvvələrin Suriya uçağını endirməsidir. Yada salaq ki, Suriyada qatı dinçi İraq-Şam İslam Dövləti (İŞİD) tərəfdarları keçən həftə Süleyman Şah türbəsini mühafizə edən polis bölməsinin yerləşdiyi ərazini nəzarətinə keçirmiş, türbəni mühafizə edən Türkiyə əsgərlərini təhdid etmişdi.
Səs yazısında adı keçən dövlət rəsmiləri Suriya ilə müharibə başlatmaq üçün Süleyman Şah Türbəsinə müdaxilədən istifadənin mümkünlüyünü vurğulayır. Audioyazıda 4 nəfər Suriyada son günlər yaşananları müzakirə edir, Türkiyənin ata biləcəyi addımlardan danışırlar. Əsas müzakirə Türkiyənin ölkə sərhədlərindən kənardakı tək torpağı olan Suriyadakı Süleyman Şah türbəsi ətrafında davam edir.
Təklifi Milli İstihbarat Təşkilatının (MİT) məsləhətçisi Hakan Fidan irəli sürür. Feridun Sinirlioğluya aid olduğu iddia edilən səs deyir ki, bu məsələ savaş başlanmasına səbəb ola bilər, ancaq Türkiyə siyasətində də bir neçə bombaların partlamasına səbəb ola bilər.
Yaşar Gülər də bildirir ki, Hakan Fidanın bu təklifi keçərlidir, Türkiyə savaşın qısa zamanda alovlanması üçün Suriyadakı müxalifətinə silah sursat və insani yardım göndərməlidir.
Səs yazısında xarici işlər naziri Əhməd Davudoğluna aid olduğu iddia edilən digər səs bildirir ki, “baş nazirin də bu imkanı (yəni Süleyman Şah türbəsindən istifadə edilməklə Suriyaya savaş elan edilməsinin – A.M.) dəyərləndirməsi gərəkdir”.
Hakan Fidana aid səs Davudoğluna konkret təklif verir: “Lazımdırsa, Suriyaya dörd adam göndərək, Türkiyəyə 8 raket attırıb savaş üçün səbəb hazırlayaq, ehtiyac olsa, Süleyman Şah türbəsinə hücum da təşkil edərik”.
Təklifi dinləyən xarici işlər naziri zamanında cəsarətli addımlar atmadıqları üçün peşmanlığını ifadə edir: “Bunu 2012-ci ildə etməliydik, cəsur qərarlar almalıqdıq. Suriyaya girmədiyimizdən peşmanlıq hissi keçirirəm”.
Hakan Fidan söhbətin gedişində deyir ki, Suriya müxaliflərinə indiyə qədər 2 min yük maşını yardım göndərilib.
Səs yazısında Yaşar Gülər təklifi baş nazirə çatdırdıqlarını da dilə gətirir. Feridun Sinirlioğlu da bu məsələnin birbaşa baş nazirdən asılı olduğunun, Ərdoğanın bu iş üçün xüsusi təlimat verməsinin vacibliyini deyir.
Olayların gedişində incə bir məqam da diqqətdən kənarda qalmır. Prezident Abdullah Gül sözügedən toplantı bitəndən az sonra Hakan Fidanla görüşüb. Prezidentin saytı yazır ki, martın 26-da axşam saatlarında prezident Gül Silahlı Qüvvələrin baş qərargah rəisi Necdet Özel və MİT məsləhətçisi Hakan Fidanla görüşüb. Bu görüşün ardından dövlət başçısı xarici işlər nazirinin müşaviri Feridun Sinirlioğlunu qəbul edib. Ehtimal edilir ki, prezident Gülə 4 nəfərlik müzakirə haqqında bilgi verilib. Gül Sinirlioğlu ilə söhbətdə məhz detalları onunla dəqiqləşdirmək istəyib.
Səs yazısı internetə yerləşdirləndən qısa zaman sonra məsələ internet mediada və sosial şəbəkələrdə geniş müzakirə edilməyə başlanıb. Müxalifət tərəfdarları iddia edir ki, yayılan səs yazısı AKP iqtidarının hakimiyyətdə qalmaq üçün millətə, dövlətə xəyanətdən belə çəkinmədiyinin sübutudur. Odatv.com yazır: ““Yurdda sülh, cahanda sülh” ideyası ilə qurulan Türkiyə Cümhuriyyətinin milli təhlükəsizlik idarəsi, ordusu, hökuməti provokasiya yaradaraq müharibə başlamaq planları üzərində işləyir. Bu savaşın neçə əsgərin, mülki şəxsin həyatı bahasına başa gələcəyi onları heç maraqlandırmır. Özünü sivil hökumət adlandıran qüvvə Suriyada baş kəsən terrorçuları hakimiyyətə gətirməyin yollarını aramaqdadır. Heyiflər olsun!”
Səs yazısının internetə yerləşdirilməsindən az sonra prezident Abdullah Gülün Milli Təhlükəsizlik Qurumunun toplantısını çağırdığı haqqında xəbərlər gəlib. Ancaq sonradan bu xəbərlərin doğru olmadığı ortaya çıxıb.
Səs yazısı internetə yerləşdiriləndən təxminən 1 saat sonra isə Türkiyə daha bir şok yaşayıb - hökumət Youtube sosial şəbəkəsini də qapatmaq qərarı alıb. Bu son həftədə hökumətin sosial şəbəkələrə qadağalarla bağlı ikinci qərarıdır. Bir həftə öncə Türkiyədə Twitter yasaqlanmış, bu qərar beynəlxalq aləmdə Türkiyəyə qarşı ciddi təpkilərə yol açmışdı.
Türkiyə Xarici İşlər Nazirliyi isə səs yazısı ilə bağlı açıqlamasında məsələnin mahiyyətini bir kənara qoyaraq fakta münasibət bildirib. XİN bildirir ki, “dövlət rəsmilərinin söhbətlərinin yazılması və ictimaiyyətə təqdim edilməsi Türkiyənin beynəlxalq təhlükəsizliyinə yönələn alçaq bir hücum, cəsusluq fəaliyyəti, son dərəcə ağır bir suçdur. Bunu edən xəyanət şəbəkəsi dövlətimizin və millətimizn düşmənləridir”.

Haqqında söhbət açdığımız səs yazısına qədər isə Türkiyənin gündəmi baş nazir Rəcəb Tayyib Ərdoğanın Van və Diyarbəkirdəki seçkiqabağı mitinqlərinə kilidlənib. Günlərdir təbliğat mitinqlərində danışan baş nazirin səsi tamam batsa da bu fakt Van və Diyarbəkir mitinqlərinin təxirə salınmasına səbəb olmayıb. Səsi tanınmaz hala düşən baş nazir Van mitinqindəki çıxışını vətəndaşlardan üzr istəməklə başlayıb. Ərdoğan deyib ki, səsi batsa da bölgə xalqına hörmətinə görə mitinqlərə gəlib. Mitinq bir neçə kanalla canlı yayımlanıb. İlginc məqam həm də odur ki, baş nazirin çıxışını yarıdan izləyənlərin bəziləri bunun ona qarşı təxribat olduğunu düşünüb, bəziləri isə televizorlarının xarab olduğunu ehtimal edib. Baş nazirin həkimlər isə deyir ki, Ərdoğan təcili şəkildə səs istirahətinə çıxmalıdır.
Aygün Muradxanlı