Elxan Şahinoğlu: “Ankara İrəvanla danışıqlara xüsusi əhəmiyyət verir”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Ankara Ermənistanın Türkiyə ilə aviaəlaqə yaratmaq barədə istəyinə baxır. O, həmçinin bildirib ki, Ermənistan və Türkiyə arasında əlaqələrlə bağlı xüsusi nümayəndə təyin olunub.
Çavuşoğlunun sözlərinə görə, azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə bu istiqamətdə də müzakirə aparıblar.
Türkiyə Ermənistanla sərhəd və siyasət qapılarını açsa, nə baş verər?
Bundan hansı ölkənin uduşla çıxmasından çox, bölgənin qazanmasından söhbət gedə bilər. Amma ölkələrin də maraqları və hədəfləri var. Ermənistan Türkiyə üzərindən dünyaya, Avropaya açılacaq. Türkiyə mallarını leqal şəkildə idxal edə biləcək. Ac-yalavac ermənilərin Türkiyəyə gedişi, orda iş tapması, həmçinin türk iş adamlarının Ermənistana iş, para gətirməsi mümkün olacaq. Türkiyə viran qalmış, dağılmış Ermənistanın sözün birbaşa mənasında tikilməsinə yardımçı ola bilər. Proses Ermənistan cəmiyyətində 100 ildən çoxdur yaradılan süni türk xofunu da aradan qaldıra bilər. Həmçinin Türkiyə onu “erməni soyqırımı”nda şantaj edən Avropaya, eləcə də Ermənistanın özünə bu alicənab jesti ilə cavab vermiş olar. Azərbaycana gəlincə, Türkiyənin Ermənistanla sərhədləri açması Azərbaycanın siyasət masasında əlini gücləndirir, mövqeyini möhkəmlədər. Həm ermənilərə, həm də dünyaya mesaj verərik ki, biz düşmənçilikdə maraqlı deyilik, barışda, normal münasibətlərdə maraqlıyıq. Həmçinin Türkiyə ilə sərhədlərin açılmasından sonra əli çörəyə çatan Ermənistan revanşizmdən əl çəkə bilər. Çünki anlayır ki, Azərbaycana qarşı növbəti qisasçılıq, torpaq işğalına həvəslənmək Türkiyə nəfəsliyinin yenidən kəsilməsi ilə nəticələnər. İndi Ermənistana nəfəslik hava-su kimi lazımdır. Türkiyənin bu rolu götürməsi həm də Ermənistanı iqtisadi və siyasi baxımdan nəzarətə götürməsi demək olar.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dedi ki, Çavuşoğlu son zamanlar “3+3 platforması” və Ermənistanla əlaqələr mövzusunda tez-tez açıqlamalar verir: “Türkiyəli nazir Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu mövzularla bağlı müzakirə aparıblar. Çavuşoğlu deyib ki, ”3+3 platforması" çərçivəsində növbəti görüş Türkiyədə olacaq və həmin toplantıda Gürcüstanın da iştirakı gözlənilir. Türkiyəli nazir Ankaranın Ermənistan siyasətini Bakı ilə razılaşdığı fikrini də xatırladıb: “Türkiyə Böyük Millət Məclisində son çıxışımda da Ermənistan və Türkiyə arasında əlaqələrlə bağlı xüsusi nümayəndə təyin olunacağını demişdim və bu icra olundu. Ceyhun Bayramovla görüşümüzdə bu istiqamətdə də müzakirə apardıq”.

Elxan Şahinoğlu
Çavuşoğlu onu da bir daha vurğulayıb ki, Türkiyə regional məsələlər, xüsusilə Cənubi Qafqaz mövzusunda Azərbaycanla birgə məsləhətləşmələr aparır və birgə qərarlar verir. Nazir onu da qeyd edib ki, hazırda Ermənistanın hava yolları vasitəsilə Türkiyə ilə əlaqə qurması istiqamətində istəyinə də baxılır".
Politoloq onu da bildirdi ki, həm Ankara, həm də İrəvan ikitərəfli danışıqlarda təmsilçilərini müəyyənləşdiriblər: “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesində xüsusi təmsilçisinin adını açıqlayıb. Türkiyənin Ermənistan təmsilçisi səfir Sərdar Kılıç təyin olunub. Sərdar Kılıç keçmiş illərdə Türkiyənin ABŞ və Yaponiyadakı səfiri olub, ayrıca Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışıb. Bu o deməkdir ki, Ankara İrəvanla danışıqlara xüsusi əhəmiyyət verir və ona görə Ermənistanla danışıqlara böyük təcrübəsi olan diplomatı təyin edib. Eynilə Ermənistan da Türkiyə ilə təmaslara xüsusi əhəmiyyət verdiyindən İrəvanı Ankara ilə danışıqlarda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan təmsil edəcək. Ruben Rubinyan 1990-cı ildə İrəvanda anadan olub. Avropada təhsil alıb. 2017-ci ildə Türkiyədə yaşayıb. Bu o deməkdir ki, Ruben Rubinyanın Türkiyənin siyasəti haqqında təsəvvürü var. Çavuşoğlu bildirib ki, bir tərəfdən Azərbaycanla Ermənistan arasında etimad artıran addımlar atılır, digər tərəfdən paralel olaraq Ermənistanla öz aramızda addımlar atmamızda fayda gördük. Türkiyəli nazir bununla demək istəyib ki, Ankara ilə Bakı Ermənistanla bağlı razılaşdırılmış və bölgə üçün faydalı siyasət həyata keçirirlər.
Ermənistan Türkiyə ilə təyyarə reysinin açılmasında çox maraqlıdır. Çünki Türkiyədə on minlərlə Ermənistan vətəndaşı çalışır və onlar evlərinə maliyyə göndərirlər. Digər tərəfdən, həmin ermənilərin təyyarə ilə Ermənistana gediş-gəlişləri onlar üçün daha rahat olacaq. Ermənistanda hakimiyyətə müxalif olan ”Qarabağ klanı" Ermənistan-Türkiyə dialoqunun əleyhinədir. Çünki “Qarabağ klanı”nın liderləri, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan hesab edirlər ki, dialoq nəticəsində Ermənistanın Türkiyədən iqtisadi asılılığı artacaq. Bu yanaşmada həqiqət var. Sərhəd açıldıqdan və iki ölkə arasında iqtisadi münasibətlər qurulduqdan sonra Türkiyənin malları Ermənistan bazarına böyük paya sahib olacaq. Bundan başqa, Ermənistanın Türkiyə yatırımlarına ehtiyacı artacaq. Bütün bunlardan sonra İrəvan istər-istəməz Türkiyə əleyhinə siyasətini korrektə etmək məcburiyyətində qalacaq. Bu isə Türkiyəni düşmən hesab edən “Qarabağ klanı”nın maraqlarına cavab vermir. Ancaq münasibətlər normallaşma mərhələsinə daxil olduqdan sonra “Qarabağ klanı” prosesi tərsinə çevirə bilməyəcək. Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Qərb ölkələri də maraqlıdır. Türkiyə-Ermənistan münasibətlərinin addım-addım normallaşması Azərbaycanın da maraqlarına cavab verir. Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açdıqdan sonra İrəvan istər-istəməz Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etmək məcburiyyətində qalacaq. Bu, regional əməkdaşlığa təkan verəcək. Gələcəkdə hətta Türkiyə-Azərbaycan-Ermənistan dialoq formatının təsis edilməsi də mümkündür".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






