İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə, bu gecə “bitdi” demə...

10542 17.06.2016 09:40 İdman A A
Bu gün “Avro-2016" da ikinci turun üç oyunu keçiriləcək.  Saat 17:00-da İtaliya və İsveç milli komandaları qarşılaşacaq.  Saat 20:00-da Xorvatiya-Çexiya, 23:00-da isə İspaniya-Türkiyə matçları keçiriləcək. 

Təbii ki,  son Avropa çempionu İspaniya ilə Türkiyə arasında oyun Azərbaycanda da böyük həyəcanla izləniləcək. Bu səbəbdən də oyunların zaman ardıcıllığını pozaraq öncə bu matç haqda yazacağıq.

Türkiyə Xorvatiya ilə ilk oyunda komandanı sevən hər kəsi  üzdü. Söhbət ondan getmir ki, Türkiyə əzəli və həm də güclü rəqibinə minimal hesabla uduzub. Yox. Ən pisi odur ki, Türkiyə Avropa çempionatının səviyyəsindən aşağı futbol göstərdi. Türkiyə stabil oynayan komanda deyil-bunu illərdir bilirik,  buna öyrəşmişik də. Komandanın zəif nöqtələrini görüb, sonra   deyinib-danışırıq, üzülürük, amma yenə baxırıq, yenə sevirik, yenə sevinirik,  bu gecə yenə baxacağıq, yenə... Yox, bu gecə üzülmək istəməzdik...

Gecəki rəqib isə... İspaniyadır. Məhəllədə təzə top qovan uşağa İspaniyanı soruşsan, əzbərdən Ramos, Fabreqas, David Silva, Buskets,  İniyesta  deyəcək. Çönüb gedəndə də baxasan ki, futbolkasının arxasında Kasilyas yazılıb. İspaniya artıq müasir futbolda az qala top sözü kimi assosasiya olunacaq bir komandadır.  


Start oyundan sonra (İspaniya Çexiyanı 1:0 məğlub edib)  futbol mütəxəssislərinin rəyinə görə də İspaniyada heç nə dəyişməyib. Del Boske ondan dəyişiklik istəyən kütlənin dediklərinə qulaq asmayıb. İspaniya 6 il əvvəl necə oynayırdısa elə yenə də elə oynayır. Topa aşırı nəzarət, baş gicəlləndirən çoxsaylı kombinasiyalar, azarkeşi yoran xırda ötürmələr...
İspaniya illərdir ki, hər şeydən əvvəl yarımmüdafiə komandasıdır, böyük yarımmüdafiəçilərin komandasıdır. Del Boske bu sistemi onu İspaniya mətbuatında nə qədər acımasız tənqid etsələr də, dəyişmir, deyəsən, dəyişməyəcək də. “Axı niyə də bu sistemi dəyişsin?” deyə, sual edirlər. Bu sistemi dünyada İspaniyandan yaxşı oynayan yoxdur. Bu “tiki-taka” oyun taktikası ortabab bir Avropa ölkəsini futbolun paytaxtı edib, milyardları ölkəyə gətirib, gətirir, gətirəcək də....

İspaniya minimal hesabla udduğu Çexiya oyununda xüsusi bir güc göstərmədi. Pike qol vurdu, ispanlar uddu. Maraqlı bir statistika da varmış: Del Boskenin rəhbərlik etdiyi İspaniya bu cür miqyaslı çempionatların startında sən demə,  heç vaxt qalib gəlməyibmiş. 


İspaniya hələ daha yaxşı oynayacaq, çünki Fransaya çempion kubokunu aparmağa gəlib. Bu hazırkı İspaniyanın bəzi oyunçularının son Avropa çempionatının olduğunu da unutmayaq. Məsələn, mayda İnyestanın 32 yaşı tamam oldu... 

İspaniya-Türkiyə oyunu üçün rusdilli idman saytları heç nə yazmır demək olar ki. Hamı İspaniya-Xorvatiya oyunun üçüncü turda olacaq havasına köklənib sanki. Xorvatiya haqda ötən yazılarımızda  qeyd etmişik: əla komandadır və ispan-xorvat qarşılaşması gərgin oyun vəd edir. Amma hələ bu gün Türkiyə var axı... İspanlar olmaya rəqibi ciddiyə  almırlar? Əlbəttə, mümkün olası iş deyil. 


Bəs bu gecə İspaniyaya qalib gəlmək necə, mümkünmü?  Doğrusu, hesablamalarımla Türkiyə xorvatlarla heç-heçə etməli, ispanlara məğlub olmalı, çexləri isə udmalı idi. Xorvatlar artıq bu planı pozub, sırada çexlər olsaydı Türkiyəyə bir az rahat olardı, üçüncü turu şansa bağlamaq mümkün olardı. Bu gecə ispanlar Türkiyəyə azarkeşlik edənlərin planını poza bilər. 
O zaman iş qalır Anadolu türklərinin dediyinə -oyunpozanlığa, yəni İspaniyaya qalib gəlməyə. Qalib gəlməmək mümkün olmasa, heç-heçəyə nail olmaq. Bu da mümkünsüzə, oynamaq. Ukrayna kimi oynamaq. Almaniyaya məğlub oldular, amma meydanı başları dik tərk etdilər. Türkiyəyə   yaraşan da bu!  Komandanın şüarı var: “Biz bitdi demədən, bitməz!” Ya bu gecə bitərsə?   


Uduzsaq belə nə etməli?  Dünya çempionatına daha yaxşı komanda hazırlamalı, daha yaxşı oynamalı, saça yox, qol  vuran qıça (bacaqa) düzən və güc verməli.

Tərslikdən statistika da bu gecə biz deyəni demir: Türkiyə 52 ildir ki, İspaniyaya qalib gələ bilmir.  1954-cü ildə dünya çempionatının seçmə mərhələsində türklər ispanları 1: 0 hesabı ilə udub. O tarixdən yarım əsr keçir... Ən son 2010-cu il dünya çempionatının seçmə mərhələsində Türkiyə İspaniya millisi ilə bir qrupda olub və hər iki oyunda məğlub olub.   
Bu gecəyə həm də Del Boske-Fatih Terim derbisi kimi də  baxaq. Avropanın “qoca qurdları”.  Fatih hoca da Del Boske kimi ötkəm, inadcıldı deyirlər. Bəlkə onun da bilmədiyimiz bir planı var.   

Oyunu serbiyalı  hakim Milorad Majiç idarə edəcək.  

Gecəyarı hər nəticəyə hazır olaq.       

İtaliya  16 il İsveçin qapısından top keçirə bilməyib!   
    
İtaliya və İsveç oyunu da gərgin mübarizə vəd edir. İsveç İrlandiya ilə ilk turda bərabərliyə qaldı, bu isə Zlatan İbrahimbəyoviçin komandasının işini xeyli çətinləşdirdi. Nəzərə alsaq ki, hesab 1:1 olsa da, İsveç  rəqib qapısına İbrahimoviçin ciddi cəhdlərinə baxmayaraq, qol vura bilmədi. İbrahimoviçin qapı önünə atdığı topu Klark öz qapısından keçirdi.  İsveçin çempionatın debütantı İrlandiyaya  xüsusi çətinlik çəkməkdən qalib gələcəyi deyilirdi, amma İsveç özü canını məğlubiyyətdən bir təhər qurtardı. Futbol biliciləri İsveçin ilk matçda uğursuzluğunun  Zlatanla bağlı olduğunu deyirlər. Belə ki, komandanın kapitanı üzərinə bütün oyunun yükünü götürməyə çalışır və bu da İsveç milisinə problem yaradır.    

İtaliya isə ilk oyunda çox yaxşı təsir bağışladı. Halbuki Belçika ilə oyundan əvvəl qos-qoca İtaliyanı “dünənin uşaqlarının”- amma Allah tərəfi istedadlı və topla əla oynamağı bacaran belçikalıların- “ayağına verənlər də” vardı. Müdafiə futbolu oynamağı sevən İtaliya millisi isə rəqibin oyunda yeganə forvardı Lukakunun  fərqlənməsinə imkan vermədi. Əvəzində özləri iki top vuraraq qrupda lider olacağı deyilən rəqiblərinə qalib gəldilər, Avropa çempionluğuna iddialı olduqları ortaya qoydular. 


İsveç isə İtaliya üçün asan rəqib deyil. Maraqlı bir statistika: 1971-ci ildən 1987-ci ilədək, yəni düz 16 il İtaliya İsveçin qapısından top keçirə bilməyib. 

İsveç və İtaliya üçüncü dəfədir ki, Avropa çempionatının final mərhələsində görüşəcəklər. “Avro-2014" də Zlatan İbrahimoviçin vurduğu top sayəsində(oyun 1:1 hesabı ilə başa çatıb)İtaliya qrupda qalıb və evə qayıdıb. ”Avro-2000" də isə İtaliya millisi 2:1 qalib gəlib. 
Aydındır ki, bu oyunda italiyalıları heç-heçə də qane edir. Ehtimal ki, İtaliya  əks-hücum taktikasını seçəcəklər və uduzmamağa çalışacaqlar. İbrahimoviçin komandasına isə qələbə daha çox lazımdır.   


Xorvatlar “6-lığı” vura biləcəkmi?


Çexiya-Xorvatiya cəmi iki dəfə yoldaşlıq görüşündə qarşı-qarşıya gəliblər. Bir oyunu xorvatlar udub, bir oyun isə heç-heçə nəticələnib. Xorvatlar ispanlarla oyuna daha rahat çıxmaq üçün bu gün çexləri məğlub etməyə və xallarını 6-ya çatdırmağa çalışacaqlar. Çexlər isə Türkiyə kimi qrupda çətin vəziyyətə düşüb. 

Nazim SABİROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR