Qardaş Türkiyədən Azərbaycana daha bir minatəmizləyən texnika gətirilib. Bəs gətirilən belə texnikalar işin sürətinə hansı təsiri göstərəcək? Onların sayını artırmaq mümkün deyilmi? Ümumiyyətlə indiyədək görülən işin miqyası nə deyir? Əraziləri minalardan təmizləmək üçün bizə neçə il vaxt gərək olacaq? İlkin olaraq 10-15 il lazım olacağı deyilirdi. İlk köçkünlər nə zaman qayıtmağa başlayacaq?
Əsas bu suallar ətrafında müzakirələr gedir.
Mövzu ilə əlaqədar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli “Yeni Müsavat”a bunları dedi: “Təəssüflər olsun ki, ərazilərimizə həddindən artıq çox minalar basdırılıb. Xeyli sayda minaları gətirib ərazilərə basdırıb, xəritələri də vermirlər. İstəyirlər ki, Azərbaycan tərəfi itkilər versin. Təsəvvür edin ki, 10 noyabrdan bu günə qədər 20-yə yaxın hərbi qulluqçu və mülki şəxs itirmişik. Allah onların hər birinə rəhmət eləsin, yaxınlarına səbir versin. Dünya birliyi digər məsələlərdə olduğu kimi, bu məsələdə də Ermənistana təsir etmir. Peşəkarlarımız mina təmizləmə işləri ilə məşğuldurlar. Bu məsələdə qardaş Türkiyə də bizə dəstək olur. Ərazilərimizdə bərpa işləri gedir. Azərbaycan dünyanın ən qabaqcıl şirkətlərini cəlb edib ki, orada gözəl şəhərlər salınsın. Əsas işlər görülür.
![]()
Emin Həsənli: “Strateji ərazilər sürətlə bərpa olunacaq”
Qarabağın iqlimi qışda sərt olur. İndi havaların normal olmasından istifadə edib, hər yerdə yoxlama işləri aparılmalıdır. Bəzən deyirlər ki, Ağdam və Füzuli istiqamətində təmas xəttinə yaxın yerlərdə minalar çoxdur. Qətiyyən buna inanmaq olmaz. Düşmənə heç zaman güvənməyək. Bunun üçün də bütün ərazilər yoxlanılır. Çox peşəkarcasına bu iş aparılır ki, gələcəkdə bunun fəsadları olmasın. Minalardan təmizlənmə agentliyi yaradılıb. Düşünürəm ki, yaxın bir 1-2 ildə ərazilərin böyük hissəsi minalardan təmizlənəcək. Amma bütünlükdə təmizləmək mümkün deyil. İndinin özündə belə II Dünya müharibəsindən qalan sursatların Avropada partladığının şahidi oluruq. Yüz faiz təmizlənəcək deyəcəyimiz məsələ də yoxdur. Amma Azərbaycan tərəfi maksimum çalışır ki, qısa zamanda itki vermədən əraziləri təmizləsin. Türkiyə bu proseslərdə də yanımızdadır. İlk minalardan təmizləmə hərbi maşını da ölkəmizə gəldi. Onun ilk olaraq Azərbaycanda fəaliyyət göstərməsi də çox təqdirəlayiqdir. Bu məsələnin sürətli həlli üçün əlindən nə gəlirsə dövlət edir. Hər kəs buna tam əmin olsun. Ümid edirəm ki, bu ilin sonuna qədər işlərin böyük hissəsi görüləcək. Qalan hissəsi sonrakı illərdə görüləcək. Azərbaycan üzərinə düşən işin öhdəsindən gəlib və bundan sonra da gələcək. Strateji yerlər sürətlə bərpa olunacaq. Sərhədlərimiz artıq tam müəyyən edilib. Bütün istiqamətlərdə iş aparılır. Cənab prezidentin hər sahədə verdiyi tapşırıq necə yerinə yetirilirsə, bu sahədə də elə olacaq".

Ruslan İmamquliyev: “Uzun illərə ehtiyac var”
Hərbi ekspert Ruslan İmamquliyev: “Minalardan təmizlənəcək ərazilərin daha çoxunun dağlıq yerlər olduğunu nəzərə alsaq, uzun illərə ehtiyac var. Türkiyə və digər ölkələrdən müasir texnikaların cəlb olunması bu işin sürətini bir o qədər yüksəldəcək. Kadr hazırlığına ehtiyac var. İşin sürəti getdikcə daha da artacaq və ərazilər daha tez təmizlənmiş olacaq. İndi işğaldan azad edilmiş ərazilərdə Müdafiə Nazirliyindən daha çox daxili işlər və digər güc strukturlarının fəaliyyəti önəmlidir. Necə ki, Dövlət Sərhəd Xidmətində çalışan heyətin minalardan təmizlənmə prosesində iştirakı zərurətdir, eləcə də daxildə asayişin təmin olunmasına Daxili İşlər Nazirliyinin oradakı əməkdaşları cavabdehdir. Minalardan təmizlənmə prosesində bütün qurumların təlimlərə ehtiyacı var”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






