İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi yeni mərhələdə

980 28.02.2020 10:20 Siyasət A A

Erməni işğalına son qoymaq üçün şərtlər Bakının xeyrinə dəyişir; prezidentin köməkçisi: “İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlıq regional təhlükəsizlik üçün də önəmlidir...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın budəfəki Bakı səfəri Qarabağ ixtilafı kontekstində xüsusi yadda qaldı. Söhbət təkcə qardaş ölkə başçısının işğalçı Ermənistana və onun havadarlarına ismarış kimi Azərbaycana növbəti dəfə verdiyi dəstək bəyanatlarından getmir. Bunlar öz yerində. Məsələ ondadır ki, səfər zamanı iki ölkə arasında hərbi, o cümlədən hərbi sənaye sahələri üzrə yeni konkret sənədlər imzalandı, Azərbaycan və Türkiyə arasında birgə silah istehsalı mövzusu müzakirə edildi. Milli və hərbi təhlükəsizlik məsələləri məxsusi diqqətdə saxlanıldı.

Bütün bunlar faktiki surətdə iki strateji, dost və qardaş məmləkət arasında hərbi əməkdaşlığın artıq yeni və daha yüksək mərhələyə qalxması, bunun məntiqi nəticəsi kimi, Azərbaycanın müdafiə qüdrətinin daha da artacağı anlamına gəlir. Başqa sözlə, NATO üzvü Türkiyənin ölkəmizə dəstəyi qətiyyən quru sözlərdən ibarət deyil. Verilən bəyanat və açıqlamaların arxasında real iş birliyi, konkret kömək, silahlı qüvvələrimizin daha da modernləşdirilməsinə ciddi dəstək dayanır. Bundan əlavə, rəsmi Ankara haqlı olaraq, ATƏT-in Minsk Qrupunun 25 illik fəaliyyətindən narazıdır və bunu vaxtaşırı və açıq şəkildə bildirməklə, həm də vasitəçi dövlətlərin “ikili standart” siyasətinə, Bakının isə savaş yolu ilə öz ərazi bütövlüyünü təmin eləmək haqqının olmasına diqqət yönəldir.  

“Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq. İşğal altındakı torpaqlar artıq azadlığa qovuşmalı və regiona sülh, sabitlik gəlməlidir”. Bu sözləri Bakıdan qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Məlum Minsk prosesinin başlamasından 25 il ötür. Bu başqatma taktikası ilə nə ABŞ, nə Rusiya problemi həll edib. Minsk Qrupu indiyədək həll ortaya qoymayıb, ikili görüşlərdə də heç bir nəticə əldə olunmayıb”, - deyə Ərdoğan təəssüflə qeyd edib.

*****

Əliyev Ərdoğan ile ilgili görsel sonucu

Türkiyə liderinin sonuncu Bakı səfəri istər Azərbaycanda, istərsə də onun xaricində məhz yuxarıda sadaladığımız mühüm gəlişmələr fonunda şərh və analiz olunmaqdadır. Məsələn, Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev diqqəti öncə səfər zamanı Bakıda imzalanmış sənədlərdən birinə - “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”ə yönəldərək deyir ki, həmin sənədə əsasən Azərbaycan strateji tərəfdaşı olan qardaş Türkiyədən ən yeni və müasir standartlara cavab verən silahlar alacaq: “Bu, eyni zamanda, ölkələrimiz arasında uzun illərdir ki, davam etdirilən hərbi əməkdaşlığın daha da şaxələndirilməsi və əsaslı olmasının bariz göstəricisidir. Sirr deyil ki, buna qədər də ölkələrimiz arasında birgə hərbi strategiya bazası formalaşdırılıb və müxtəlif vaxtlarda hərbi xarakterli layihələr həyata keçirilib. O cümlədən iki ölkə arasında müdafiə sənayesi sahəsində yüksək səviyyəli əməkdaşlıq qurulub. Onu da bildirim ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqədar şirkətlər arasında, beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilir. Bu baxımdan Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında çoxsaylı mühüm müqavilələr imzalanıb və bu müqavilələr dediyimiz kimi, hərbi-strateji əməkdaşlıq mühitimizi daha da möhkəmləndirməkdədir. O cümlədən istər Azərbaycanda, istər Türkiyədə geniş miqyaslı hərbi təlimlər baş tutub. Artıq Naxçıvanda hərbi kontingentlər arasında keçirilən təlimlər də ənənə halını alıb. Bütün bunlar qeyd etdiyim fikirlərin məntiqi təzahürləridir ki, öz dinamikliyi, ardıcıllığı ilə seçilməkdədir” (“Trend”).

Əliyev Ərdoğan ile ilgili görsel sonucu

Prezidentin köməkçisi iki qardaş dövlət arasında hərbi sahədəki əməkdaşlığın regional təhlükəsizliyi təmin etmək baxımından da önəmli olduğunu düşünür və Azərbaycanla Türkiyənin bütün sahələr üzrə tam  müttəfiqlər olduğunu deyir: “Xüsusilə prezident İlham Əliyev cənab Ərdoğanla görüşündə də bəyan etdi ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək. Həmçinin, birgə hərbi təlimlər barədə də danışan dövlət başçımız həmin təlimlərin sayının artırılması ilə yanaşı, birgə istehsalın təşkili haqqında da danışıqların aparıldığını vurğulayıb. Artıq belə qənaətə gəlmək olar ki, qarşılıqlı intensiv görüşlər nəticə etibarı ilə bu yöndə növbəti yeni zolaq açdı ki, bu da Azərbaycan və Türkiyə hərbi-texniki əməkdaşlığında birgə silah istehsalı faktorunu önə çıxarır. Biz bir reallıqlardan çıxış edərək, belə qənaətə gəlirik ki, ümumiyyətlə, hər iki ölkənin müxtəlif sahələrdə inkişafı, coğrafi mövqeyini gücləndirməsi, eyni zamanda, iki qardaş dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizliyi təmin etmək baxımından önəmlidir. Çünki Azərbaycan və Türkiyə bütün sahələrdə tam bir müttəfiqdirlər”.

Prezident köməkçisi bildirib ki, Azərbaycan yalnız qardaş Türkiyə ilə deyil, hərbi-texniki bazasını, potensialını artırmaq üçün digər bir sıra ölkələrlə də əməkdaşlığını davam etdirir, Rusiya, İsrail, Pakistan, Belarus və s. ölkələrlə hərbi xarakterli mübadilələr, silah təchizatları üzrə anlaşmalar aparır. “Çox da uzağa getməyərək, cənab prezidentin İtaliyaya rəsmi səfəri zamanı Azərbaycan və İtaliya dövlətlərinin hərbi sahədəki əməkdaşlıqlarını genişləndirmək üçün növbəti addımlarını qeyd edə bilərik. Məsələn, həmin səfər çərçivəsində iki ölkə arasında ”M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalandı. Bütün bu faktlar ölkəmizin hərbi potensialının nə qədər yüksək səviyyədə dayandığını göstərməkdədir. Mən, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı hesabatına da istinad edərək xatırlatmaq istərdim ki, ötən ilin siyahısına görə, Azərbaycan Ordusu gücünə görə 52-ci yeri tutub, Ermənistan isə 96-cı yerdədir", - deyə hökumət rəsmisi əlavə edib.

*****

Bu doğrudan da günümüzün reallığıdır. Azərbaycanın təcavüzkar Ermənistan üzərində hərbi üstünlüyü artıq dünyanın, o sırada ciddi təhlil mərkəzlərinin qəbul və etiraf elədiyi həqiqətdir. Ən mühümü, bu üstünlük hər il qardaş Türkiyə və digər dost-tərəfdaş dövlətlər hesabına, həmçinin ölkəmizin özünün yerli hərbi-sənaye kompleksini ildən-ilə gücləndirməsi, yeni hərbi zavodlar açması hesabına daha da böyüməkdədir. Qalır, indi bu potensialın və üstünlüyün ərazi bütövlüyümüzün bərpası üçün hərəkətə gətirilməsi.

Təbii ki, Azərbaycan bundan ötrü Rusiya faktoru da daxil olmaqla, regiondakı geosiyasi şərtlərin əlverişli olmasını gözləyir. Çünki Ermənistanın rəsmilərinin davranışı konfliktin dinc həllində irəliləyiş üçün heç bir şans saxlamır. Hərbi güc amili, əzici hərbi üstünlük, hərbi güclə təhdid isə həmişə danışıqlar masası arxasında diplomatik mövqeləri möhkəmləndirən amildir ki, Bakı da bundan maksimum istifadə etməyə çalışır. Ta ki, torpaqlarımız ilk əlverişli fürsətdəcə, hərbi yolla, ildırım sürəti ilə azad olunan günədək. Ona qədər düşməni lokal əməliyyatlarla əldən salma taktikası ilə də ədalətli sülhə vadar eləmək mümkündür.

Bu variantların hansı birinin daha effektli və real olacağı yəqin ki, yaxın zamanda bilinəcək. Bir şey dəqiqidir və bunu Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində panel çıxışı zamanı Ermənistan baş naziri Nikol Paşinyanın üzünə söylədi ki, Azərbaycan öz torpaqlarının sonsuzadək işğal altında qalmasına imkan verməyəcək, sülh danışıqları nəticə verməzsə, buna adekvat addımlar atılacaq.

Söhbət, əlbəttə ki, ərazi bütövlüyümüzün hərbi yolla təmin olunmasından gedir. Heç kim müharibə istəmir, ancaq status-kvo, işğal rejimi də sonsuzadək sürə bilməz. Dəfələrlə yazdığımız kimi, “hərb, yoxsa sülh” seçimi təcavüzkar Ermənistanındır. Ermənilər səmimi şəkildə sülhü arzu edirlərsə, sülhü alacaqlar. Əks halda nəsibləri - işğalçı ölkənin formal varlığına da son qoyacaq  müharibə olacaq...

Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR