İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk, talış, ləzgi, avar... Qarabağ üçün “Dəmir yumruq” kimi birləşdi - deputatın mövqeyi

3123 09.07.2021 09:20 KİVDF layihələri A A

Azərbaycandakı bütün millətlərin qəhrəman oğulları 44 günlük müharibədə çiyin-çiyinə döyüşdülər, şəhid, qazi oldular, zəfər gətirdilər; Azər Badamov: “Ermənilər milli azlıqlar içində fitnə yaratmağa çalışdılar, amma...”

Azərbaycan çoxkonfenssiyalı, multikultural ölkə olduğunu, bütün millətlərin bu məmləkətdə mehriban, sülh içində yaşaya bildiyini, eyni zamanda bu Vətən üçün milli mənsubiyyətinə fərq qoymadan canından keçməyə hazır olduğunu 44 günlük Vətən müharibəsində bir daha təsdiqlədi. “Yeni Müsavat” yazır ki, 2020-ci il sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatlarında Azərbaycan vətəndaşı olan bütün millətlərin övladları iştirak etdilər. Ermənistandan fərqli olaraq, bu ölkə monoetnik olmadığını dünyaya nümayiş etdirdi.

Həmçinin Zəfərdən sonra Qarabağ ərazisində qalan dinc ermənilərə bir daha ismarış verildi ki, Azərbaycan pasportunu daşımaqla, bu ölkənin qanunlarına tabe olmaqla digər vətəndaşlarımız kimi eyni konstitutsion hüquqlara malik olacaqlar. Necə ki Azərbaycanda yaşayan talışlar, tatlar, ləzgilər, avarlar, ruslar və digər millətlər əhalinin böyük əksəriyyəti olan türklərdən haqlarına görə heç bir məsələdə fərqlənmirlər. Elə bu ayrı-seçkiliyin olmaması, millətlərin qaynayıb-qarışıb qohumlaşıb, qardaşlaşıb yüz illərdir Azərbaycanda sülh içində yaşaması səbəbindən Vətən müharibəsində də yaxalarını kənara çəkmədilər. İstər talışı, istər ləzgisi, istər avarı olsun, Azərbaycan türkləri ilə çiyin-çiyinə bir səngərdə qəhrəmancasına döyüşdülər, şəhid oldular, qazi oldular, qalib gəldilər.

Bu, azərbaycançılıq ideyası ətrafında xalqın sıx birləşməsinin, Azərbaycan və Qarabağ uğrunda mübarizənin təzahürü idi. Yəni bir ləzgi, yaxud bir avar heç də digər millətlərdən Qarabağ üçün az fədakarlıq etmədi. Ona görə Vətən müharibəsində bütün millətlərin ərazi bütövlüyümüz uğrunda yumruq kimi birləşməsi, şəhidlik zirvəsinə qalxanların hər millətin nümayəndələrindən olması bizim milli birliyimizi gücləndirir.

Vətən müharibəsində şəhid olanlar arasında milliyyətcə iki rus şəhidimizin olması da qonşularımıza, dünyaya bir ismarış idi ki, bu ölkədə Qarabağ üçün ölməyə, qan tökməyə xalqın hər bir üzvü hazırdır. O cümlədən çoxmillətli Azərbaycanda heç bir diskriminasiya olmadığını görən Qarabağ erməniləri də anlamalıdırlar ki, bizimlə birgə sakit həyatlarını yaşaya bilərlər. Faktiki İrəvanda bir azərbaycanlı belə yaşamadığı halda, Bakıda 30 min erməninin illərdir heç bir təzyiqlə üzləşmədən yaşadığı göz qabağındadır.

Bu mərhələdən sonra artıq ölkədə digər millətlər, etnik azlıqlarla bağlı separatizm iddiaları, qorxuları, ehtimalları sıfıra endi. Birinci Qarabağ savaşında olduğu kimi, 44 günlük döyüşlərdə də Qarabağ uğrunda canını verən, şəhid və qazi olan yüzlərlə talış, ləzgi, tat və digər millətdən olan gənclər özlərinin vətən sevgisini sübut etdilər.

Qeyd edək ki, düşmən tərəf hələ savaş başlayanda Azərbaycanda yaşayan köklü etnoslarla bağlı təxribatçı addımlar atmağa çalışmışdı. Separatçı rejimin rəhbəri Araik Arutyunyan erməni, rus, ingilis, ləzgi, talış dillərində Azərbaycanda yaşayan talış və ləzgilərə müraciət edərək, onları işğalçı Ermənistana qarşı savaşı boykot etməyə çağırmışdı. Qondarma rejimin rəhbəri guya bu xalqların öz müstəqillikləri üçün mübarizə apardığını bildirərək, onlara dəstək verəcəklərini açıqlamışdı. Buna cavab isə göz önündədir - çoxmillətli Azərbaycan erməni faşizminə, 30 illik işğala son qoydu.

Azər Badamov: “Budəfəki seçkilərdə namizədlərin fəallığı müşahidə edilir”

Azər Badamov

Milliyyətcə ləzgi olan deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda bütün milli azlıqların hüquqları konstitusiyada  qorunur. Deputatın sözlərinə görə, ölkədə heç bir etnik azlıqlara münasibətdə ayrı-seçkilik yoxdur və heç zaman olmayıb. A.Badamov qeyd etdi ki, ölkəmizdə olan multukulturalizm dünyaya və region ölkələrinə məlumdur.

“Azərbaycanda olan bütün millətlər bu ölkənin vətəndaşı olmaqdan fəxr edirlər. Bu da milli birliyin yaranmasına imkan verir. Ermənilər düşmənçiliyini ifadə etmək üçün həmişə Azərbaycanda olan milli azlıqlar içində fitnə yaratmağa çalışıblar. Həmçinin 44 günlük müharibədə də onlar buna cəhd etdilər, millətlər içində narazılıq yaratmağa çalışdılar. Amma onların cəhdləri puça çıxdı, heç nəyə nail ola bilmədilər və belə də olmalıydı. Çünki xalqımız Ali Baş Komandan İlham Əliyevin yanında oldu, səsinə səs verdi və ərazi bütövlüyümüzün bərpasında hamı bir nəfər kimi iştirak etdilər, döyüşdülər, səfərbərliyə qatıldılar. Bu, milli vəhdətin nümunəsi idi. Azərbaycanda olan bu həmrəylik ”Dəmir yumruğu" daha da gücləndirdi".

Deputat bildirdi ki, bu gün bütün vətəndaşlar dövlətin dəstəyini görürlər, hiss edirlər: “Vətən müharibəsində iştirak etmiş qazilərə milli kimliyindən asılı olmayaraq, eləcə də şəhid ailələrinə Azərbaycan vətəndaşı kimi qayğı göstərilir, yardım olunur, diqqətdə saxlanılır. Bizi güclü edən milli birliyimizdir”.

Emil Salamoğlu

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR