Bəxtiyar Sadıqov: “İstanbul-İrəvan reysləri var, gün ərzində bir neçə dəfə uçur”
Türkiyənin məşhur aviaşirkəti olan “Pegasus” İstanbuldan İrəvana uçuş həyata keçirəcək. Musavat.com xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb. Ermənistan mediasının iddiasına görə, 1 iyundan etibarən “Pegasus” aviaşirkəti İstanbuldan İrəvana aviareyslər həyata keçirməyə başlayacaq. Məlumata görə, aviaşirkət uçuşları həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçirəcək.
Yayılan xəbərlər ardından Azərbaycanda da məsələ ətrafında müzakirələr başlayıb. Doğrudur, hələ rəsmi şəkildə uçuş həyata keçirilməyib, amma bütün bunlara baxmayaraq ölkəmizdə ciddi narahatlığın olduğu göz önündədir. Türk hökumətinin uçuşa maneə olacağına ümidlər böyükdür. Lakin erməni KİV-lərinin yaydığı xəbərə hələ də qardaş ölkədən reaksiya verilməməsi narahatlığı artırır.
Qeyd edək ki, 1990-cı ildən fəaliyyət göstərən “Pegasus” şirkəti ucuz aviabiletləri ilə məşhurdur. Azbüdcəli uçuşlarıyla tanınan “Pegasus” ötən ilin martından Azərbaycana ayaq açmışdı. Lakin iddialara görə, süni əngəllərdən sonra şirkət ölkəmizdə fəaliyyətini dayandırmağa məcbur olmuşdu. Çoxları düşünür ki, əslində “Pegasus” məhz bu səbəbdən İrəvana reys açır.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirdi ki, Türkiyədə ermənilərə münasibət olduqca aqressivdir: “Saxta "erməni soyqırımı"nın tanınması ilə bağlı bütün dünyada iş aparırlar, bununla bağlı türklər həbs edilirlər. Türkiyəyə ərazi iddiaları irəli sürürlər və heç bunu gizlətmirlər də. Hərbi doktrinalarında düşmən ölkə kimi Türkiyənin adını çəkirlər. Birmənalı şəkildə qardaş ölkəyə qarşı mübarizə aparırlar. Belə bir vaxtda bu cür addım atmaq Türkiyənin adına başa düşülən məsələ deyil. Daim Türkiyə rəsmilərinin dilindən eşitmişik ki, Dağlıq Qarabağ məsələsi həll olunmayınca, Türkiyə-Ermənistan münasibətləri ola bilməz. Amma indi belə bir addım atılarsa, təbii ki, anormal qarşılana bilər, Türkiyə cəmiyyətinin özündə də sərt təpkilərlə üzləşər. Düşmənlə düşmən kimi danışmaq lazımdır. Kimsə 5-10 manat qazanmaq üçün reys açacaqsa, buna indidən etiraz edənlərdən biriyəm. Bir faktı da unutmaq olmaz ki, bu xəbəri erməni KİV-ləri yazıb. İnanıram ki, bu məsələdə Türkiyə tərəfi doğru qərar qəbul edəcək".

YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hesab edir ki, Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətləri elə səviyyədədir ki, bir aviaşirkətin İrəvana reys açması bunu sarsıda bilməz: “Məsələyə səmimi dostluq, dövlətlərarası münasibətlər baxımından yanaşsaq, əlbəttə, xoşagələn hal deyil. Azərbaycanın nefti, qazı və digər təbii sərvətləri var. Ölkəmiz bu sərvətlərdən istifadə edəndə hər zaman qardaş ölkə ilə bölüb, daim güzəşt edib. Ən çətin günlərdə iki qardaş ölkə bir-birinin yanında olub. Bu hələ XX əsrin əvvəllərindən belə olub. Azərbaycan baxmayaraq ki, Türkiyədən əhali və ərazi baxımından kiçikdir, amma heç vaxt prinsipial məsələlərdə qardaş ölkəni tərk etməyib, onun düşmənlərindən qorxmayıb. İndiki vaxtda Türkiyədən Ermənistana müəyyən reyslərin olması, tir maşınlarının gedib çoxsaylı ticarət etməsi sirr deyil. Bu dəfələrlə Azərbaycan Parlamentində səslənib.
Hər dəfə deyirlər ki, bu özəl qurumlardır, dövlətə dəxli yoxdur. Amma bunlar bəhanədir. Əgər biz sərvətimizi böləndə Türkiyəyə güzəştlər ediriksə, onlar da para qazanmaq məqamı gələndə dostla düşməni ayırmalıdırlar. Vacib deyil ki, hökmən Ermənistandan para qazanasan, ermənilər gizli miqrant kimi Türkiyəyə gəlib oradan pul qazanıb getsinlər. Heç vaxt Azərbaycan tərəfi belə şeylərə getməz. Əgər Azərbaycan prezidenti bilsə ki, özəl bir şirkət iki qardaş ölkənin münasibətlərinə xələl gətirir, Türkiyənin mənafeyinə toxunan hərəkətlər edir, ona qətiyyən yol verməz. Məsələn, Türkiyənin dövlət maraqlarına zidd olan addımlar atdığına görə, ANS telekanalı ciddi şəkildə cəzalandırıldı. Guya Türkiyədə bilmirlər ki, İstanbul-İrəvan reysləri var. Gün ərzində bir neçə dəfə uçur. Bizim deputatlar Türkiyədə olanda İstanbulda təyyarə gözləyəndə bunun şahidi olurlar. Tabloda açıq şəkildə elan olunur. Bunların hamısı sərhəddən keçir, ola bilməz ki, dövlət bunu görməsin. Əgər dövlət bunu görüb reaksiya vermirsə, ancaq təəssüf doğura bilər.
Bu dostluğa, qardaşlığa uyğun deyil. Ölkənin vətəndaşı Azərbaycan-Türkiyə münasibətlərinə zərər olan addımlar atır, amma onun barəsində tədbir görülmür. Bu çox təəssüf doğuran məsələdir. Bütün dünyada ”erməni soyqırımı"nı ermənilər qəbul etdirməyə çalışırlar. Onlar Türkiyədən təzminat, ərazilər qoparmaq istəyirlər.
Ermənilərin “soyqırımı”nın ölkəmizə dəxli yoxdur. Əksinə ermənilər Xocalıda azərbaycanlıları qırıblar. Ermənilər Ağrı dağını istəyirlər. O necə türkdür ki, erməni bu gün də onun ərazisini qoparmaq istəyir, ölkəsini dünyada soyqırımı törədən dövlət kimi təqdim edir, o isə pula görə ermənilərlə əlaqə qurur. O təyyarədən istifadə edən türklər də ilk növbədə, öz dövlətlərinə xəyanət edirlər, sonra isə Azərbaycana. İndi bu yollarla ermənilərə xidmət edən, İrəvana gedib-gələn türkləri öncəliklə Türkiyəyə, sonra isə bizə xəyanət edən insanlar kimi təqdim edirəm. Biz hər zaman bütün dəyərlərə sadiqik. Hesab edirəm ki, pulu dostluq, qardaşlıqdan üstün tutanların məsələsinin üstünə Türkiyə rəhbərliyi tezliklə qayıdacaq, belə halların da qarşısını qətiyyətlə alacaq".
Cavanşir ABBASLI






