Türk səfirdən rus deputatların Qars müqaviləsi açıqlamasına kəskin reaksiya
Bir neçə gün əvvəl Rusiya Kommunist Partiyasından (KPRF) olan deputatlar Türkiyə ilə 1921-ci ildə bağlanmış dostluq və qardaşlıq müqaviləsinin (Qars sazişinin) ləğv olunmasını təklif edib.
“Ədalətli Rusiya” fraksiyasından olan deputatlar artıq öz kommunist həmkarlarını dəstəkləyiblər. Deputat Oleq Paxolkov deyib ki, Qars sazişi RF-nin maraqlarının ziddinə imzalanıb. Kommunist Partiyasının üzvləri deyiblər ki, Gürcüstan və Ermənistan da bu sazişin şərtlərini tanımır və onu ədalətsiz hesab edir.
Qeyd edək ki, sözügedən “dostluq və qardaşlığa dair” müqavilə 16 mart 1921-ci ildə RSFSR və Türkiyə Böyük Millət Məclisi hökuməti tərəfindən imzalanıb. Müqavilənin şərtlərinə görə, keçmiş Qars vilayəti, keçmiş Batumi vilayətinin cənub hissəsi və Ağrıdağı ilə birlikdə İrəvan quberniyasının keçmiş Sürməli uyezdi Türkiyənin tərkibinə keçirdi. Məhz bu səbəbdən müasir Ermənistan Qars müqaviləsini tanımaqdan imtina edir. Qars müqaviləsində Azərbaycana aid də hissə var. Bu, Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Türkiyə və SSRİ onun muxtariyyətinə təminat verirdilər. Ermənilər Naxçıvanın “erməni torpağı” olmasını iddia etdikləri üçün müqaviləni qəbul etmirlər.
Türkiyənin Rusiyanın döyüş təyyarəsini vurmasından sonra iki ölkə arasında yaşanan gərginliklər fonunda Qars müqaviləsinin gündəmə gəlməsinə müxtəlif şərhlər var. Belə bir iddianın hüquqi əsası varmı və bölgədə vəziyyəti dəyişə biləcəyindən dolayı Ankaranın narahatlığı varmi?
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun “Yeni Müsavat”ın sualına cavabında bunları bildirib: “Fikrimcə, ortada üzərində durmağa dəyəcək bir məsələ yoxdur. Rusiyada iki deputatın dilə gətirdiyi - başqa bir ifadə tapa bilmədiyim üçün deyəcəyəm - son dərəcə məsuliyyətsiz bir təşəbbüs haqqında fikir söyləməyi də mənasız sayıram. Amma bir məsələni demək istərdim. Bölgəmizdəki sıxıntılara baxın, Türkiyə-Rusiya münasibətləri ilə əlaqədar məndən eşitdiklərinizə diqqət edin. Halbuki 1 il öncə Türkiyə-Rusiya münasibətlərinin olduğu nöqtəni xatırlayın. O dönəmdə də Ukrayna siyasəti ucbatından Krımın işğalı səbəbi ilə Rusiya ilə anlaşa bilmədiyimiz bir sıra məsələlər var idi. Ancaq əlaqələrimiz çox fərqli bir nöqtədə idi. İndi dayandığımız nöqtəyə, Suriyadakı vəziyyətə baxın. Belə bir vəziyyətdə hər şeydən əvvəl - mən bunu vətəndaş olaraq deyirəm və dünya siyasətçilərinin baxışını nəzərə alıb deyirəm - siyasətçilərdən məsuliyyətli davranmalarını gözləyirəm. Hər halda, bizdən gözləntilər budur ki, aramızda anlaşılmazlıq olmasına rəğmən dava etməyək.
Bizim dövlətimiz ortadakı problemlərə rəğmən iki mədəni insan olaraq danışmağımızı gözləyir. Mən də siyasətçilərdən həssas zamanlarda məsuliyyətli olmalarını gözləyirəm. Moskva - Qars anlaşmasını ortaya atıblar. Yaxşı, bu mövzu niyə orda durur? Niyə Moskva və Qars? Daha irəli getdiyimiz halda başqa anlaşmalar ola bilməzmi? Sizin xoşunuza getməyən, ağlınıza gələn anlaşmalar yoxdurmu? Belə bir sərgüzəşti kim, harada dayandıra bilər? Qısacası, belə mənasız sözlərin sonu yoxdur. Məsuliyyətli olmaq lazımdır”.
Səfirə Rusiya və İran arasında Azərbaycanın bölüşdürülməsini rəsmiləşdirən Gülüstan və Türkmənçay sülh müqavilələrini xatırlatdıqda, bunları bildirdi: “İlk olaraq ağlınıza bunlar gəldi. Təbii ki, bir çox başqaları da ola bilər. Bu gedişlə biz harada dayanacağıq? O zaman biz nədən imtina edirik: əhdə vəfadan, yəni verdiyimiz sözə sədaqətdən, beynəlxalq əməkdaşlığın təməlini təşkil edən beynəlxalq hüquqdan vaz keçirik. İşi haraya aparırıq? Xaosa. Belə məsuliyyətsiz açıqlamalar qarşısında söyləyəcəyim başqa şey yoxdur. Bunları ciddiyə almamaq daha düzgündür. Azərbaycanda bəzi yetkililər bununla bağlı müzakirələr aparır. Düzü, bu məsələnin ortaya atılmasını son dərəcə yersiz və mənasız sayıram”.
E.PAŞASOY






