Sülhəddin Əkbər: “NATO-da ikili yanaşma var, ancaq sonunda razılaşma əldə olunacaq”
Türkiyə bütün imkanları, gücü ilə Azərbaycanda, bizim yanımızdadır. Ən əsas da ordusu, hərbisi, siyasəti və sevgisi ilə. Mütəmadi olaraq Türkiyə və Azərbaycan orduları birgə təlimlər keçir. Bəs Türkiyənin burada olmasına Rusiya nə əcəb bu qədər dözümlü yanaşdı? ABŞ, NATO türk ordusunun Azərbaycan Ordusu ilə vaxtaşırı təlimlərinin keçirilməsində maraqlı ola bilərmi? “NATO Türkiyə vasitəsilə Azərbaycanda möhkəmlənir” iddialarının əsası varmı?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, bir məsələnin formal, rəsmi, faktiki tərəfi var, bir də mövcud siyasi konyukturdan baxsaq fərqli tərəfi var: “Formal hüquqi baxımdan bəli, Türkiyə NATO-nun üzvüdür və heç şübhəsiz ki, Azərbaycanın və ümumiyyətlə, bütün postsovet məkanının Rusiyanın təsirindən çıxmasında başda Amerika olmaqla, bütün NATO maraqlıdır. Bu baxımdan bəli, Türkiyənin Azərbaycanda mövcudluğunu, aktivliyini, iştirakını artırması NATO-nun maraqlarına uyğundur. Amma digər tərəfdən də mövcud siyasi hərbi konyuktura baxsaq, Türkiyənin Rusiya ilə sıx əməkdaşlığı, bəzi strateji əhəmiyyətli sahələrdə əməkdaşlığı Amerika başda olmaqla, NATO-nu ciddi narahat edir. Məsələn, Türkiyənin Rusiya ilə atom enerji sahəsində əməkdaşlığı, Rusiyadan “S-400” raket komplekslərini alması heç də NATO-nu razı salımır. Ona görə də NATO-da ikili yanaşma var. Ancaq mən düşünürəm ki, getdikcə bu ikili yanaşma ortadan qalxacaq. Mən əvvəllər də demişdim, Co Bayden hakimiyyətə gəldikdən sonra Türkiyə ilə ABŞ arasında, eyni zamanda Türkiyə ilə NATO arasında intensiv dialoq başlayacaq. Bu dialoq artıq gedir. Bu dialoq eyni zamanda Türkiyə ilə Avropa Birliyi arasında başlayıb. Dünən də Avropa Birliyinin rəhbərliyi Türkiyədə idi. Danışıqlar yüksək səviyyədə aparılır”.

Sülhəddin Əkbər
S.Əkbərin sözlərinə görə, bu kontekstdə məsələyə baxsaq, Rusiya məsələsinin, ümumiyyətlə, postsoevt məsələsinin, Ukrayna və Azərbaycan məsələsinin gündəmdə olduğu bir vaxtda ABŞ və NATO-nun Türkiyə ilə razılaşması, dil tapması mümkündür: “Mənə elə gəlir ki, sonunda bu razılaşma əldə olunacaq. O baxımdan yaxın görünən perspektivdə mən bu məsələnin NATO baxımından daha aktual olacağını düşünürəm. Hazırda isə NATO və ABŞ bu məsələyə ikili baxır. Yuxarıda qeyd etdiyim səbəbdən belədir”.
Həmsöhbətimiz hesab edir ki, Türkiyənin burada olmasına Rusiyanın müəyyən qədər dözümlü yanaşmasının bir sıra səbəbləri var. Bu səbəblərdən biri də məhz yuxarıda qeyd olunan sahələrdə Türkiyə ilə əməkdaşlıqdır.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






