Oktyabrın 13-ü gecəsi türk futbolunun gecəsi oldu. Türkiyə millisi üç dönəmin ardından möcüzələri reallaşdıraraq, gələn ilin yayında Fransada keçiriləcək Avropa çempionatının finallarına vəsiqə qazandı. Qardaş ölkə 10 nəfərlə qaldığı oyunda, həmin oyuna qədər qrupun lideri olan İslandiya millisini məğlub edərək tarixi zəfər qazandı.
Heç şübhəsiz ki, bu tarixi zəfərin memarı Türkiyədən çox Qazaxıstan oldu. Qardaş ölkənin ən yaxşı qrup üçüncüsü kimi, Avropaya yollanmağı üçün qazaxların səfərdə Latviyanı mütləq məğlub etmələri lazım idi. Qazaxlar isə, bunun öhdəsindən gələrək, Latviyanı Kuatın 65-ci dəqiqədə vurduğu yeganə qolla məğlub etdi. Türkiyənin olduğu A qrupunun əsas möcüzəsi, qardaş ölkənin qabaqladığı Hollandiya millisi oldu. Dünya çempionatının üçqat gümüş medalçısı son oyunda çexlərə 2-3 uduzaraq, qrupda dördüncü oldu.
Onu da qeyd edək ki, püşk atıldığı ilk günlərdən Türkiyənin qrupunun asan olduğunu düşünənlər son nəticələrdə yanıldıqlarını gördülər. Heç kimin gözləmədiyi halda Çexiya birinci, İslandiya isə ikinci sırada Fransaya yollandılar...
Qardaş ölkə tarixi uğura imza atsa da, nümayiş etdirdiyi son oyunu heç də birmənalı qarşılanmadı. Əksər futbol mütəxəssisləri hesab edirlər ki, Türkiyə zəif oyun nümayiş etdirməklə finallara şanslarının hesabına vəsiqə qazandılar.
Ümumilikdə Avropa çempionatının bu seçmə oyunları gözlənilməz möcüzələrlə tarixə həkk oldu. Şimali İrlandiya, Uels, Albaniya, Avstriya, İslandiya kimi ölkələr seçmə oyunların möcüzələri oldular.
Bir tərəfdə Türkiyənin şəninə təriflər yağdırsaq da, digər tərəfdən üzüldük. Azərbaycan millisinin bu seçmə oyunlarda da iştirakı əvvəlki illər kimi qənaətbəxş olmadı. Millimiz 6 xalla qrup 5-cisi oldu. Yalnız Malta kimi cırtdan ölkəni qabaqlamaq mümkün oldu.
İdman jurnalisti Natiq Muxtarlı Türkiyə millisinin uğurunu intibah dövrünün başlanğıcı kimi qələmə verdi: “Türkiyə qrup mərhələsinə çox zəif başlamışdı. 3 oyuna cəmi bir xal toplamışdı. Komanda kimi oyun sistemində ciddi narahatçılıqlar var idi. Potensiallı oyunçular az idi. Yalnız iki futbolçu Avropanın böyük klublarında çıxış edirlər. Arda Turan və Halkan Calxanoğlu. Türkiyə futbolu 2002-ci ildə qazanılan uğurun uzun müddət təsirində oldu. Potensiallı futbolçular yetişmədi. Yetişənləri isə, qoruya bilmədilər”.
N.Muxtarlı hesab edir ki, türk millisinin bundan artıq uğur qazanmağa gücü yetməyəcək: “Türkiyə millisi bu heyətlə bundan artıq uğur qazanmayacaq. Yeni inkişaf dönəminin başlamasına ehtiyac var. Çünki, müdafiə və hücum xətlərində ciddi problemlər var”.
İdman şərhçisi Azərbaycan millisinin uğursuz çıxışına da toxundu: “Azərbaycanda məşqçilər dəyişir, amma nəticə dəyişmir. Səbəb də, futbolçunun olmamasıdır. Yetişdirmək üçün münbit şərait də yoxdur. Heç bir klub oyunçu yetişdirməyə təşəbbüs də göstərmir. Berti Foqts məşqçi olanda demişdik ki, ildə 10 milyon alman məşqçiyə verənə kimi, uşaq məktəbləri açmaq lazımdır. Alman məşqçi 7 il burada qaldı, 70 milyon pul qazandı. Bu məbləğə ən azı 70 futbol məktəbi açmaq olardı. 21 yaşlı futbolçularımız Avstriya millisinə 7-0 hesabı ilə məğlub olublar. İki ildən sonra bu futbolçular dünya çempionatının seçmə oyunlarında oynayacaqlar. AFFA qarşısına məqsəd qoyub ki, millimiz 2020-yə vəsiqə qazanmalıdır. İndiki 21 yaşlılarla 2020-yə gedə bilərikmi? Futbolçuya 21 yaşında yox, 7 yaşından futbol öyrədirlər. Yaxın illərdə Azərbaycanın ciddi uğur qazanacağını deyə bilmərik. Keçən mərhələdə Şimali İrlandiyadan 4 xal aldıq. Bu gün Şimali İrlandiya Avropa çempionatına getdi. İnkişaf budur”.
Cavanşir ABBASLI , musavat.com