İyulun 1-də Azərbaycanda Türk Şurası Dövlətlərinin ilk peşəkarlararası kikboksinq turniri keçirilib.
Xəbər verdiyimiz kimi, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan kikboksçularının qarşılaşdığı turnirdə 7 çəki dərəcəsi üzrə yarımfinal və final döyüşləri baş tutub.
WAKO-PRO versiyası üzrə K-1 üslubunda keçirilən döyüşlərdə Azərbaycan yığması ən yaxşı nəticəni göstəriblər. Belə ki, Azərbaycan komandası 6 qızıl medal qazanaraq kubokun sahibi olublar.
İdman gecəsində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Məclisin deputatları, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfirləri və Azərbaycan Kikboksinq Federasiyasının rəsmiləri iştirak ediblər..
Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxışı zamanı deyib ki, kikboksinq ölkəmizdə populyar idman növlərindən biridir və ona gənclərin marağı artmaqdadır: “Ən ucqar bölgələrimizdə belə olimpiya komplekslərinin olması idmanın müxtəlif növlərində kütləviliyin artmasında və inkişafında böyük əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il ölkəmizdə 50-dən çox mötəbər beynəlxalq idman yarışı keçirilir. Bu yarışların keçirilməsi beynəlxalq federasiyalarının ölkəmizə göstərdiyi etimad sayəsində mümkün olur. Bakıda beynəlxalq yarışın keçirilməsi türkdilli dövlətlərin idmançılarının bir araya gəlməsində və kikboksinq idman növünün inkişafında böyük əhəmiyyət kəsb edir. Bu gün baş tutacaq final görüşlərində idmançılara uğurlar arzu edirəm”.
AKF-nin prezidenti, millət vəkili Adil Əliyev belə bir turnirin ölkəmizdə keçirilməsindən qürur hissi duyduğunu və davamlı olacağına inandığını söyləyib: “Bu gün iştirak etdiyimiz bu tədbirin ilk yarışı Azərbaycana təsadüf etməsi çox sevindirici haldır. Azərbaycan idman ölkəsidir. İdman sahəmizə dövlət səviyyəsində xüsusi qayğı var. Dövlət başçımız cənab İlham Əliyev idmanımızın inkişafı üçün əlindən gələn hər şeyi edir. Bizim güclü ordumuz var. Hər bir idmançının yetişməsi ordumuzun güclənməsi deməkdir. Çünki hər bir idmançı gələcəyin əsgərləridir.
Türklük birlikdir, bərabərlikdir, dostluqdur. Yeni yaradılmış Türk Şurası hamımızın dəstəyi ilə daha da güclənəcək və böyüyəcək. Türkdilli dövlətlər üçün bu yarışın əhəmiyyəti olduqca böyükdür. Bundan sonra da yarışların davam etməsi üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, turnirdə hər ölkədən yeddi idmançı olmaqla, 51, 60, 63, 67, 71, 81 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində yüksək ustalığa malik peşəkar kikboksçular mübarizə aparıblar.
Azərbaycan yığma komandasının heyətində yarışların finalına yüksələn altı idmançımız - Anar Məmmədov (51 kq), Zöhrab Əzimov (60 kq), Turan Qafarov (63,5 kq), Ruslan Musayev (67 kq), Ramal Aslanov (71 kq), Ehtiram Rzayev (81 kq) öz çəki dərəcələrində beynəlxalq turnirin qalib olublar. Komanda hesabında millimiz birinci yerdə qərarlaşıb.
Musavat.com






