Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya uyğur soyqırımını rəsmi şəkildə tanıyıb. Layihənin müəllifləri “Çin Xalq Respublikasının uyğurlara qarşı tətbiq etdiyi soyqırımı xarakterli sistemli zorakılıqları və insanlıq əleyhinə cinayətləri” pislədiklərini qeyd ediblər.
Xatırladaq ki, uyğurların soyqırımını indiyədək ABŞ, Kanada və İrlandiya tanıyıb.
Fransa kimi antitürk, antimüsəlman əhvalı, mövqeyi olan bir dövlətin uyğur türklərinin qayğısına qalması əsla səmimi görünmür. Bu, olsa-olsa Çinə təzyiq vasitəsidir. Ola bilsin ki, bu layihənin qəbul edilməsində ABŞ-ın Fransaya müəyyən təsiri olub. ABŞ Avropadakı və Amerika qitəsindəki özünə yaxın dövlətləri Çinə qarşı təşkilatlandırır. Ən asan yol insan haqları adı altında uyğur məsələsini qabardıb, Çinə təzyiq göstərməkdir.
Bəs türk dövlətlərinin, əsas da Türkiyənin, Azərbaycanın Fransanın bu davranışına münasibəti necə olacaq?

Asim Mollazadə: “Fransa Çindən nələrsə əldə etmək istəyir”
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə burada Fransanın başqa niyyətlərinin olduğunu qeyd etdi: “Çox güman ki, Fransa Çindən nələrsə əldə etmək istəyir. Onun üçün də təzyiq vasitəsi kimi hamıya xoş görünən bir qətnamə parlamentdə qəbul edib. Təzyiq vasitələri ilə öz maraqlarını təmin etməyə çalışır. Burada səmimi şəkildə soyqırımına qarşı çıxışdan söhbət gedə bilməz. Bu sənəddə əsas niyyət, dediyim kimi, Çindən nələrsə əldə etməkdir”.

Fərəc Quliyev: “İnsan haqlarını düşünüb bu addımı atmayıblar”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də bu cür düşünür: “Fransa həmişə elə hərəkətlər edib ki, şübhələnməmək mümkün olmur. Əslində uyğurların taleyi ilə bağlı hansısa narahatlıqları edirsə, əlbəttə, bunu biz təqdir edirik. Amma bu məsələnin içərisində Çinə qarşı olan mövqe əsas rol oynayır. Hesab edirəm ki, son zamanlar Amerikanın, Avropa Birliyinin Çindən çəkinməsi, Çinin İpək yolunun üzərində yerləşən dövlətlərə müdaxilə etməsi, durmadan güclənməsi, iqtisadiyyatının inkişaf etməsi, bazarları ələ keçirməsi, Fransanın isti münasibətdə olduğu dövlətlərə Çinin təzyiqlərinin, təsirlərinin artması burada başlıca rol oynayan amillərdəndir. Fransa tərəfi istəmir ki, bu və ya digər məsələlərdə Çin güclü formada ortaya çıxsın. Rusiyanın səhvləri ucbatından son vaxtlar Amerika ilə Avropa Birliyi arasında münasibətlər bir az normallaşmağa başlayıb. Kreml bilməyə-bilməyə yaranan sərin münasibətlərin istiləşməsinə səbəb oldu. Amerika Sakit okean ərazisində yeni platformalar hazırlamaq istəyir ki, Çini əzsin. Göründüyü qədəri ilə Avropa dövlətləri arasında Çinə qarşı vahid mövqedən çıxış etmək üçün danışıqlar da gedir. Onlar üçün insan haqları məsələsi bir alətdir. Düşünürəm ki, Fransa məhz bu alətdən istifadə edib. Başqa dövlətlər də böyük ehtimalla bu istiqamətdə addımlar atacaqlar. Bütövlükdə uyğur türklərinə qarşı olan basqılara, onlara qarşı edilən soyqırımlarına qarşı çıxan bütün dövlətləri təqdir edirəm. Doğrudur, yaxın zamanlarda Fransanın bizə qarşı çox qərəzli, aqressiv münasibətləri oldu. Prezidentliyə namizədlərinin davranışlarını sübut göstərə bilərik. Amma bu məsələni ayrılıqda təqdir etsəm də, altında Fransa maraqlarının yatdığını mütləq şəkildə qeyd etməliyəm. İnsan haqlarını düşünüb bu addımı atmayıblar”.

Elçin Mirzəbəyli: “Məsələyə ehtiyatla yanaşmaq və rəsmi Pekinin addımlarını izləmək lazımdır”
BAXCP sədrinin müavini, politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli isə hesab edir ki, Çinin bu qətnaməyə cavab vermək üçün əlində kifayət qədər imkanları var: “Şübhəsiz ki, Fransa parlamentinin sözün bütün mənalarında aşağı palatasının ”Çin Xalq Respublikasının uyğurlara qarşı tətbiq etdiyi soyqırımı xarakterli sistemli zorakılıqları və insanlıq əleyhinə cinayətləri" pisləyən qətnamə qəbul etməsi heç də uyğurlara olan sevgidən və fransız siyasətçilərinin insan hüquq və azadlıqlarına verdiyi dəyərdən qaynaqlanmır. Qətnamə Çinə qarşı təzyiq, Fransanın “qlobal güc” olmaq niyyətini ortaya qoymaq, Avrasiyada gedən inteqrasiya meyillərinin əngəllənməsinə mane olmaq məqsədi daşıyır. Qətnamə layihəsinin Fransanın xarici siyasət idarəsinin bilavasitə iştirakı və təşəbbüsü ilə hazırlandığına əminəm. Çünki sənəd indiki məqamda geosiyasi təzyiq xarakteri daşıyır və ilk növbədə Türkiyənin, bütövlükdə isə türk dövlətlərinin qarşı-qarşıya gətirilməsinə, türk dövlətlərinin ərazisindən keçən “Bir kəmər-bir yol” layihəsinin yeni çağırışlar qarşsında qoyulmasına xidmət edir. Həmçinin Azərbaycan ərazisində yaşayan etnik ermənilərlə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə zidd davranışlar sərgiləyən rəsmi Paris uyğurlarla bağlı qətnamə qəbul etməklə, həm də “erməni məsələsi”ndə də guya “insan hüquq və azadlıqları” kontekstindən çıxış etdiyini sərgiləməyə çalışır. Məsələnin digər tərəfi isə, Fransada keçiriləcək seçkilərə hesablanmış addımdır. Qətnamə layihəsinin Fransa Sosialist Partiyasının birinci katibi Olivye Forun təqdim etməsi də bu ehtimalı təsdiqləyir. Amma bununla yanaşı, Fransa parlamentinin aşağı palatasının qəbul etdiyi qətnaməyə qarşı türk dövlətləri tərəfindən açıq şəkildə etiraz bildirilməsini də doğru hesab etmirəm. Çünki son nəticədə Çində uyğurların hüquq və azadlıqlarının kobud şəkildə pozulması, onlara qarşı fasilələrlə etnik təmizləmə siyasətinin həyata keçirilməsi faktdır və Çin bu məsələdə ölkənin ərazi bütövlüyü ilə yanaşı insan hüquq və azadlıqlarını da üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq nəzərə almalıdır. Düşünürəm ki, bu məsələyə ehtiyatla yanaşmaq və rəsmi Pekinin addımlarını izləmək lazımdır. Çinin qətnamə ilə bağlı adekvat addımlar atması üçün isə kifayət qədər geniş imkanlar var. Bunun üçün fransızların Ruanda və Əlcazairdə həyata keçirdikləri soyqırımı cinayətlərini tanımaq yetərlidir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






