İnsanlara hürriyət, millətlərə istiqlal!

Turizmin qızıl qaydası - müştərini yolan batacaq...

1552 18.05.2021 16:29 Gündəm A A

 

Postpandemiya dövrünə dünya ölkələri özləri üçün yeni proqramlar, mexanizmlər hazırlayır. Müşahidələr deməyə əsas verir ki, bir sıra dövlətlər turizm sahəsini prioritet seçirlər.
Faktiki olaraq hazırda dünyada böyük bir turizm rəqabəti başlayıb. Səbəbsiz deyil. Pandemiya dövründə - düz 2 mövsüm, ilyarımdan çox müddətdə evlərə qapanan, ölkəsindən kənara çıxa bilməyən insanlar sərhədlər açılanda bunun əvəzini çıxmağa çalışacaqlar. Böyük bir turist axını başlayacaq təbiəti gözəl olan, turizm imkanları olan ölkələrə.
Eyni zamanda yerli turizmdə də qələbəlik olacaq.
Başqa sözlə, turizm, hotelçilik biznesində böyük pullar dövr edəcək qarşıdakı bir neçə ildə.
Odur ki, bir sıra dövlətlər indidən ciddi şəkildə hazırlıqlar görür, turistləri cəlb edəcək şərait, şərtlər formalaşdırır.
Azərbaycan da son illərdə turizm sahəsinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin turizmin inkişafı istiqamətində verdiyi qərarlar, sərəncamlar, tövsiyələr, qaldırdığı təşəbbüslər kifayət qədər mühüm əhəmiyyət kəsb edir.
İşğaldan azad edilmiş cənnət Qarabağda da turizm infrastrukturlarının qurulmasına başlanılıb.

O da bəllidir ki, Azərbaycanın iqtisadi qurumlarına post-pandemiya dövrünə hazırlıqla bağlı hələ aylar öncədən tapşırıqlar verilib. Heç şübhəsiz, müvafiq təşkilatlar bu sahədə proqramlar tərtib edirlər.

Habelə, Azərbaycanda turizm sahəsində çalışanlar, hotel sahibləri də hərəkətləniblər. Amma necə? Dövlətə yüklənməklə...
Mediada belə bir xəbər yayıldı ki, hotel sahibləri, turizm şirkətləri prezidentə müraciət edib ki, bəs kreditlərimizi qaytara bilmirik, yaman gündəyik...
Əlbəttə, hər kəsin dövlətindən yardım istəmək haqqı var, sahibkarın da. Bəli, pandemiyanın da burada təsiri böyükdür. Pandemiya dövründə sərt qapanmalar mərhələsində onlar məhdud şəkildə çalışdı. Ancaq indi restoranlar, hotellər, turizm mərkəzləri bəlli qaydalar üzrə fəaliyyətlərini bərpa ediblər. Lakin fakt bundan ibarətdir ki, gerçəkdən hotel, turizm mərkəzləri çətin durumdadır. Müəyyən varlı kateqoriyanın üz tutduğu yerlərdən başqa əksər – orta və aşağı gəlirli insanların getdiyi restoranlar, kafelər, istirahət mərkəzləri müştərisiz qalıb.
Bu, heç də təkcə pandemiyanın təsiri deyil. Uzun illərdən bəri tənqid edilən anormal fəaliyyət prinsiplərinin nəticəsidir əsasən. Pandemiya dövründə həm də qənaət etməyə, artıq məsrəfləri dayandırmağa alışan insanlar daha “yolunmaq” istəmirlər. Bu, insanların həmişəlik bir prinsipinə çevrilməkdədir...
Odur ki, hotel sahibləri və turizm mərkəzləri bundan sonrakı dönəmdə daha ağır vəziyyətə düşmək istəmirlərsə, yanlış siyasətlərini dəyişməlidirlər. Bilməlidirlər ki, məsələn, dünya standartında bir günlük gecələmə qiyməti 40-50 manat olan hoteldə 120-150 manat qiymət uyduranda, 60 qəpiklik “Coca-Cola”nı 4 manata, kilosu 5-6 manata olan pendirin 2 dilimini, ən çoxu 50 qramını 4 manata hesaba vuranda, musiqi, servis xərci adı altında 20-25 faiz qiymətə əlavə (fırıldaq) gələndə, ucuz işçi qüvvəsi məqsədi ilə anormal, elementar gigiyenik qaydalara riayət etməyən, müştəri ilə dalaşan, mübahisə edən xidmət personalı saxlayanda, bir çaynik çayı 15-20 manata satanda, sonu belə olur. "Əlimizə keçən müştərini bir dəfə yolub buraxaq, sonra nə olar-olar" prinsipinin nəticəsi budur. Yəni sonra kreditini qaytara bilmirsən...
Bu məsələ ilə bağlı sosial şəbəkədə bir müzakirə apardıq. Hər kəs ölkədəki turistik qaydalardan, fantastik qiymətlərdən şikayət edir. Əksəri də bildirir ki, bir dəfə “yolunandan” sonra da hotellərə, istirahət mərkəzlərinə üz tutmur...

Bir neçə nəfər də yazdı ki, bu sahədə çalışan sahibkarlardan müxtəlif məmurlar “haqq” tələb edir, ona görə də onlar da heyifini - ziyanını müştəridən çıxır...
Mümkündür ki, belə hallar olsun. Ancaq işini düzgün quran, sağlam çalışan, vergidən yayınmayan, qanunsuzluq etməyən sahibkarı “haqqa” oturtmaq mümkün deyil axı. Üstəlik, insaf naminə, son illərdə vergi siyasəti də tamamən dəyişib, sahibkarlar özləri də təsdiq edir. Habelə islahatlar nəticəsində sahibkarlara divan tutanlar daha əvvəlki kimi davrana bilmirlər...

Uzun illərdir media yazırdı ki, anormal qaydalarla turizm mərkəzlərinin inkişafı mümkün deyil. İndi əyani şahid olurlar.
Turizm uzaqgörən siyasəti sevir. Yəni elə xidmət göstərməlisən, elə qiymət siyasəti aparmalı, elə paketlər təqdim etməlisən ki, gələn bir də gəlsin. Yaxud fors-major halı yaşananda batmayasan, məhdudiyyətlə olsa da, bəlli bir müştəri kontingentin əlində qalsın. Yox, əgər meşənin ortasında balaca bir daxmaya 60 manat alacaqsansa, günlərlə boş qalan hotel odasını 150 manata təklif edəcəksənsə, 50 qəpiklik bir şüşə suyu 3 manata satacaqsansa, dənizin kənarında 2 qırıq skamya qoyub, maya dəyəri 1 manat da təşkil etməyən çayı 10 manata verəcəksənsə..., təbii ki, ora növbəti dəfə üz tutan olmayacaq.
Çox uzağa getməyək, təkcə Türkiyə və Gürcüstan təcrübələrini öyrənmək yetər.

Artıq dünya da, insanlar da, iş mexanizmləri də pandemiyadan əvvəlki deyil. Yeni, sağlam, reallıqlarla uzlaşan prinsiplər tətbiq edilməlidir. İnsanları aldatmaq, “qazlamaq”, qısa müddətdə varlanmaq hərisliyi turizm anlayışı ilə bir araya sığmır. İnsanı – istər xaricini, istər yerli turisti incik, narazı, təqdim etdiyin hesabdan gözləri bərəlmiş halda yola saldınsa, bir də onu obyektində görməyəcəksən... 

Onlar ölkədə 500-600 manata 1 həftə normal dincələ bilmədikləri halda, çıxıb gedəcəklər xaricə. Beləcə, ölkədən milyonlarla manat para çıxacaq hər il...

Dövlətdən yardım istəməklə yanaşı, hər bir sahibkar, iş adamı gərək dövlətinə, millətinə dəstək olmağı da hədəfləsin. İşgüzarlığın fəlsəfəsi həm də bu olmalı. Bu halda uğurlarınız daha böyük olacaq, bir bunu da dənəyin...

koshe shekli.jpg (85 KB)

Elşad MƏMMƏDLİ

"Yeni Müsavat"

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR