Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet istiqamət kimi müəyyənləşib və bu prioritetlər içərisində turizmin çəkisi və payı xüsusi olaraq müəyyən edilib. Bu sahənin inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir.
Belə ki, turizmin inkişafına xüsusi önəm verən və bunun üçün yüksək imkanlara malik olan Azərbaycanda bu sahə üzrə göstəricilər getdikcə artır. Burada təbiətin verdiyi imkanlarla yanaşı, bu sahədə dövlət və özəl sektorun qarşılıqlı əməkdaşlığının, yüksək standartlara malik infrastrukturun qurulmasının, turizmin, demək olar ki, bütün növlərinin inkişafına önəm verilməsinin və digər amillərin rolu vardır.
Onu da qeyd edək ki, turizm və xidmət sektoru hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Çünki turizm ölkələrin tarix və mədəniyyətinin, təbii-coğrafi gözəlliklərinin, müasir inkişaf tempinin dünyaya tanıdılması və təbliği üçün misilsiz imkanlar açmaqla bərabər adıçəkilən sahənin təşəkkül tapdığı ölkələrin büdcələrinin formalaşmasında da müstəsna əhəmiyyət kəsb edir.
Çox maraqlıdır ki, dünya iqtisadiyyatında ard-arda baş verən qlobal iqtisadi böhranlara baxmayaraq, bu imkanlardan yararlanan və potensialı olan ölkələrə səyahət edən insanların sayı da ildən-ilə artmaqdadır. Belə ki, Dünya Turizm Təşkilatı ekspertlərinin hesablamalarına görə, 2017-ci ildə beynəlxalq turizm 7 faiz çoxalıb. Ötən ilin nəticələri son yeddi ilin ən yüksək göstəricisidir. Beynəlxalq səfərlər getdikcə çoxalır və bu, turizm sektorunu iqtisadi inkişafın mühüm amili kimi möhkəmlədir.
Beynəlxalq tədbirlər - turizm axınını stimullaşdıran səbəb
Son illər ölkəmizin böyükmiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin nəticəsidir ki, Azərbaycan dünyanın əksər ölkələrində turizm baxımından yeni bir istiqamət kimi tanınır. Ötən il ərzində Bakı UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO-nun tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları, “Bakı Avropa Qran Prisi” adı altında baş tutan “Formula 1" yarışları kimi beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər zamanı paytaxtımıza və regionlarımıza minlərlə turist səfər edib, gələn qonaqların iştirakı ilə ölkəmizin tanıtımına dair sərgilər, mədəni proqramlar həyata keçirilib, müxtəlif turpaketlər təqdim edilib. Bütün bunlar isə təbii ki, perspektivdə yeni turist axını və ölkə iqtisadiyyatının turizmdən daha çox faydalanması deməkdir.
3 saata elektron viza
2016-cı ilin iyun ayında dövlət başçısı tərəfindən “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və ”ASAN Viza" sisteminin yaradılması haqqında" fərman imzalanıb. Həmin fərmana uyğun olaraq “ASAN Viza” portalı fəaliyyət göstərir. Bu portalının yaradılmasında məqsəd ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir. Ötən il dekabrın 14-də “Turizm haqqında” Qanunun 7-1 (Turist vizası) maddəsinə edilən əlavəyə əsasən, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən gec 3 saat müddətinə müraciətə baxılır.
Onu da bildirək ki, elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.
Bu il yanvarın 31-də ölkə prezidenti aeroportlarda əcnəbilərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında daha bir fərman imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin edəcək. Fərman mayın 15-dən qüvvəyə minir.
“Turizm haqqında” yeni qanun

Ötən il “Turizm haqqında” yeni qanun layihəsi Milli Məclisdə ilk oxunuşdan keçdi və bu il sənədin tətbiq edilməsi gözlənilir.
Qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.
Qanunun qəbulu ilə bölgələr üzrə brendləşmə yaranacaq, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunması güclənəcək, yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaranacaq. Eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsi imkanı yüksələcək, bölgələrdə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlükəsizliyi təmin olunacaq.
Qeyd edək ki, Azərbaycanda “Turizm haqqında” əvvəlki qanun 1999-cu ilin 4 iyununda qəbul edilmişdi.
Şopinq festivallar - turizmin inkişafı üçün müasir alət

Ötən ildən etibarən Azərbaycanda turizm potensialının tanıdılması sahəsində mühüm elementlərdən biri kimi şopinq festivalların təşkilinə başlanıb. Yazda və payızda birinci və ikinci Bakı şopinq festivalları təşkil olunub. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən layihəyə Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), ASAN Xidmət və “AzərTürkBank” rəsmi tərəfdaş olaraq dəstək verib. Festival yerli sahibkarlığın inkişafı, ticarət və turizmə əlavə sərmayələrin cəlb edilməsi baxımından effektiv olmaqla yanaşı, Azərbaycan vətəndaşlarının da xarici turistlərə şamil olunan ƏDV qaytarılması sistemindən yararlanmasına şərait yaratdı. Qeyd edək ki, bu praktikaya dünyanın heç bir ölkəsində rast gəlinmir.
Hər iki tədbir zamanı bir ay müddətində müştərilər dünya brendlərinə məxsus məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə bildilər. Həmin mallara ƏDV qaytarılması (“Tax Free”) imkanı təqdim olundu.
Festivallar eyni zamanda Azərbaycanın mədəni-tarixi irsi və ölkəmizin potensialının dünyaya təbliğ edilməsinə, Bakı və ölkəmizin digər bölgələrinin turizm imicinin güclənməsinə xidmət etdi. Yalnız bir faktı qeyd edək ki, ikinci şopinq festivalının davam etdiyi oktyabr ayı ərzində Azərbaycana 204686 turist gəldi ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 13 faiz artım deməkdir.
Yol xəritəsi necə icra olunur?
2016-cı il dekabrın 27-də “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq yaradılan Turizm Şurasının tərkibi prezident fərmanı ilə təsdiq olunub. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.
Strateji Yol Xəritəsinin icrası çərçivəsində yaradılan daha bir qurum Milli Turizm Təbliğat Bürosudur. Büro Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması istiqamətində fəaliyyəti həyata keçirir.
Əldə olunan nəticələr
Ölkədə turizmin inkişafı məqsədilə həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, rəsmi məlumata görə, 2016-cı illə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20 faiz) nəfər artaraq 2 milyon 691 min 998 nəfər təşkil edib. Bu, indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir.
Xarici vətəndaşlar daha çox iyul ayında gəlib: 313 515 nəfər.
2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,6 faiz, 19,9 faiz, 13,4 faiz, 11,2 faiz və 3.8 faiz təşkil edib.
2016-cı il ilə müqayisədə 2017-ci ildə Azərbaycana Səudiyyə Ərəbistanından 4,5 dəfə, Omandan 7,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 1,9 dəfə, İrandan 1,4 dəfə, Hindistandan 2,3 dəfə çox xarici vətəndaş gəlib.
Artım tempi indi də davam etməkdədir. Belə ki, ötən ilin 2 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə Azərbaycana 38 656 (12.3 faiz) nəfər çox xarici vətəndaş gəlib. Ümumilikdə 2 ay ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 352 074 nəfər təşkil edib. Onların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 29.3 faiz, 24.8 faiz, 13.8 faiz və 7.9 faiz təşkil edib.
İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”






