İnsanlara hürriyət, millətlərə istiqlal!

Turan İbrahimov Azərbaycan üçün önəmli məsələdən yazdı: "Mənasız gündəm yaratma cəhdləri qətiyyən doğru deyil"

1179 17.10.2020 15:47 Gündəm A A

"Düşünürəm bu məsələyə kimsə izahat verməlidir. Amma qərəz və küskünlük bir çoxlarının önünü kəsdiyi üçün peşəkarlarımız susur. Odur ki, kənarda duran və kənardan baxan, həm də qərəzli olmayan biri kimi mümkün qədər izah edim. Hazırda cəbhədə gedən prosesin bir qanadı informasiya sahəsidir, mediadır. Həm sosial şəbəkələrdə, həm də ənənəvi mediada olduqca peşəkar, fədakar insanlar gözlərinin nurunu fəda edirlər. Əslində, hər kəs vətən üçün, qələbə üçün çalışır. Heç kim təşəkkür də gözləmir, mükafat da. Yerli televiziyalarımız da var gücü ilə çalışır".

Musavat.com xəbər verir ki, bu sözləri tanınmış telejurnalist Turan İbrahimov "Facebook" paylaşımında qeyd edib.

O bildirib ki, hazırda, xüsusilə də Gəncəyə son terror hücumundan sonra yerli TV-lərimiz çox tənqid olunur, Türkiyə TV-ləri ilə müqayisə edilir:

"Əvvəla, onu deyim ki, əksər şəxslər - dostlarımız, həmkarlarımız, əsasən, şəxsi inciklikləri və küskünlükləri, bir qədər də məlumatsızlıqları səbəbindən bunu edirlər. Bu da doğru mənzərə yaratmır. İndiki halda ümumi işimizə kölgə salır. Çünki hal- hazırda informasiya siyasəti və media üzrə informasiyanın bölünməsi məhz dövlətin müəyyən etdiyi informasiya strategiyasının nəticəsidir. Hər şey plan üzrədir və diqqətli, peşəkar baxışlar bunun nə qədər uğurlu olduğunu anlayır. Xatırlayırsınızsa, bir müddət əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə bir deleqasiya Türkiyəyə səfər etdi, görüşlər keçirdi. Azərbaycanla Türkiyə arasında vahid media platformasının yaradıldığı elan edildi. Hazırda bütün informasiya siyasəti o platforma üzərindən koordinasiya edilir. Bir çox hallarda Türkiyə TV-lərinin ön plana çıxması məhz bununla izah olunmalıdır. Məqsəd də müharibə şəraitində, hərbi vəziyyət dövründə daxili və xarici auditoriyanın prioritetlərini müəyyən edib, düzgün və effektiv ictimai rəy formalaşdırmaqdır. Əsas məqsəd ondan ibarətdir ki, daxili auditoriyaya məlumatları çatdıranda ümumi ruh yüksəkliyinə xələl gətirilməsin, xarici auditoriyaya isə baş verənlər elə çatdırılsın ki, düşmən tərəfi ifşa edib, demoralizasiyasını sürətləndirsin. Həm də beynəlxalq ictimai rəyi öz tərəfimizə çəkmək əsas məqsəddir. Bu prosesi Prezidentin xarici KİV-lərə mütəmadi müsahibələri və xalqa canlı müraciətləri prizmasından da rahat anlamaq mümkündür. Hər şey peşəkarcasına qurulub, gözəl də idarə olunur".

Turan İbrahimov Gəncəyə son raket hücumundan dərhal sonra - 15-20 dəqiqə içərisində İTV və Real TV-nin hadisə yerindən canlı bağlantı etdiyini xüsusi vurğulayıb:

"İTV Türkiyə TV-lərindən zərrə qədər də olsa, geri qalmayan peşəkarlıq ortaya qoydu. Sonradan digər yerli TV-lər də hadisə yerindən materiallar verdi. Nəzərə alaq ki, hazırki reallıq yerli jurnalistikamız üçün yenilikdir, həmkarlarımız praktikanı da fədakarlıqla indi qazanırlar. Onları PKK ilə mübarizədə, İraqda, Suriyada, Liviyada, hətta ondan öncə, 90-cı illərin əvvəllərindən Balkanlarda və Çeçenistanda təcrübə qazanmış peşəkarlarla müqaisə etmək insafsızlıqdır.

Hər kəs bilməlidir ki, hazırda Türkiyə və yerli TV-lər anlayışı yoxdur. Hər şey vahid media platforması çərçivəsində plan üzrə həyata keçirilir. Hər media qurumunun öz missiyası, öz taktiki hədəfi var. Bu səbəbdən də yersiz iradlar, yersiz rəy və mənasız gündəm yaratma cəhdləri qətiyyən doğru deyil. Hamımız bir amal üçün çalışırıq və çalışmalıyıq. Vətən üçün, qələbə üçün, Qarabağın Azərbaycan olduğunu sübut etmək üçün!"

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR