İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Gəncəliyev: “Həmsədrlərə bütün tələblərimizi, istəklərimizi çatdırdıq”

"Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubundakı "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı bir daha Dağlıq Qarabağ məsələsinin gündəmdə olduğunu və bizim torpaqlarımıza qayıdacağımız günün yaxında olduğunun göstəricisidir".

APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) təşkil edilən "Qarabağ Azərbaycandır və nida işarəsi" mövzusundakı dəyirmi masada Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev bildirib.

T.Gəncəliyev qeyd edib ki, İcma fəaliyyətini aktiv davam etdirir: "İstər ölkə daxilində, istərsə də ölkə xaricində intensiv görüşlərimiz olur. Artıq ikinci dəfədir, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş keçiririk. Sonuncu görüş dünən baş tutub. Həmsədrlər bizimlə görüşdən dərhal sonra bəyanat verdilər. Bəyanatda Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə də görüş keçirdiklərini qeyd etdilər. Bizim İcmanın münaqişənin maraqlı tərəfi kimi bəyanatda qeyd edilməsi və münaqişənin maraqlı tərəfi olaraq ermənilərin saxta iddiaları, arqumentlərinə əks olaraq həmsədrlərin bəyanatında il ərzində ikinci dəfə qeyd olunması onu göstərir ki, ermənilərin saxta iddiası qəbul olunmur. Biz münaqişənin maraqlı tərəfi kimi mövcuduq, ona görə də həmsədrlərin bizimlə görüşü xüsusilə Qarabağ separatçılarının böyük narahatlığına səbəb olub. Onlar müxtəlif bəhanələr, iddialar irəli sürməklə bizim İcmanın həmsədrlərin bəyanatında qeyd olunmasını həzm edə bilmirlər".

İcma sədri qeyd edib ki, informasiya müharibəsində, danışıqlarda, müzakirələrdə daha fəal iştirak etməliyik: "Biz dünən həmsədrlərə bütün tələblərimizi, istəklərimizi çatdırdıq. Qeyd etdik ki, dəfələrlə erməni icması ilə görüş və dialoq aparmaq üçün müraciət etmişik. ATƏT-in Minsk Qrupu da bu mesajı dəfələrlə onlara çatdırıblar. Ancaq erməni icması hələ də bizimlə görüşə reaksiya verməyib. Bütün beynəlxalq ictimaiyyət qəbul edir ki, Azərbaycanın Qarabağ bölgəsində əvvəl-axır iki icma bir yerdə yaşamalıdır. Bunu erməni icması da gözəl başa düşür. Ancaq onların bizimlə birgə yaşamaq istəməmələri, məhz qeyri-konstruktiv niyyətlərindən xəbər verir. Biz bu məsələni açıq şəkildə həmsədrlərin qarşısında qoyduq ki, əgər onlar keçmişdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bizimlə bir yerdə yaşayıblarsa, nəyə görə adi bir dialoq qurmaqdan imtina ediblər? Bu, bir daha Ermənistan rəhbərliyinin və qondarma rejimin qeyri-konstruktiv mövqeyi və təcavüzkar tərəf olduğunun göstəricisidir. Biz eyni zamanda həmsədrlərə işğal olunmuş ərazilərdə dağıdılmış mədəni-tarixi və dini irsimizin vəziyyəti haqqında məlumat verdik və tələb etdik ki, buna son qoyulmalıdır. Məsələn, son günlər Şuşada yerləşən Qarabağın əsas simvollarından biri olan “Gövhərağa” məscidinin "təmir" işlərinin başa çatması, onun fars məscidi adı altında təqdim edilməsi bizim böyük etirazımıza səbəb olub. Biz bir daha həmsədrlərə bildirdik ki, bu, Azərbaycan tarixinin saxtalaşdırılmasına yönələn bir addımdır və onlar ermənilərə təsir etmədilər ki, bu qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar. Ümid edirik ki, İran tərəfi də bundan bir nəticə çıxaracaq və müvafiq addımlar atacaq ki, orada təmir-bərpa işlərində iştirak edən İran şirkəti gələcəkdə bu məsələlərə daha ehtiyatlı yanaşsın, bizim Dağlıq Qarabağdakı irsimizin dağıdılmasında və gizlədilməsində iştirak etməsin".

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2019

BÜTÜN XƏBƏRLƏR