Tural Abbaslı: “Qəzetə qarşı aparılan kampaniyanı düzgün hesab etmirəm” - FOTOLAR, VİDEO
Bu gün Müsavat Partiyasının sabiq Divan üzvü Tural Abbaslı və bir qrup müsavatçı gənc “Yeni Müsavat” qəzetinin 25 illik yubileyi və 6000-ci sayının çap olunması münasibətilə təbrik ediblər.
Redaksiyamızın qonağı olan gənc müsavatçılar qəzetin baş redaktoru və Rauf Arifoğlu ilə görüşüblər. Görüşdə gənclər “Yeni Müsavat” qəzetinin Batumi olayları ilə bağlı tənqidlərə, daha sonra isə AXCP tərəfindən mənəvi terrora məruz qalmasından narahatlıqlarının ifadə ediblər və bunun səbəbini soruşublar.
Rauf Arifoğlu bildirib ki, qəzetə qarşı bu hücumun səbəbi AXCP-nin demokratik düşərgəyə şəriksiz sahib olmaq istəyidir: “Onların düşüncəsi budur ki, Müsavat Partiyası problemli vəziyyətdədir, artıq onlara rəqib deyil. Düşünürlər ki, hətta partiyadan narazıları belə öz tərəflərinə çəkə bilərlər; ancaq onlar qəzetdən çəkinərək, belə addım atmırlar. Hesab edirlər ki, bunların müxalifəti tam götürmək, Müsavatı parçalamaq yolundakı ən böyük maneə “Yeni Müsavat” qəzetidir. Onlar istəyir ki, Müsavat Partiyası da daxil olmaqla, düşərgəni nəzarətə götürsünlər, siyasi monopolist olsunlar”.
Görüşdən sonra Tural Abbaslı musavat.com-a bildirib ki, “Yeni Müsavat” qəzetinin 25 illiyi, həm də 6000-ci sayının çap olunması münasibətilə kollektivi və baş redaktoru təbrik etmək üçün gəliblər: “Çünki, bu 25 il ərzində “Yeni Müsavat” qəzeti Müsavat Partiyasının yanında olub, mübarizəni paralel aparmışıq. Bizim də mənəvi borcumuzdur ki, biz də bu kollektivin yanında olmalıyıq”.
Tural Abbaslı isə vurğulayıb ki, tənqidi mövqedə olan mətbuat orqanına qarşı belə bir kampaniyanı düzgün hesab etmir: “Ona görə ki, indi tənqidçi media orqanlarının sayı getdikcə azalır. Tənqidçi mətbuatın ən oxunaqlı qəzeti və ən oxunaqlı saytı hədəfə götürülüb. Tənqidin səbəbinin də bu dərəcədə subyektiv olduğunu nəzərə alsaq, bu kompaniya doğru deyil. İnsanlarımız gərək qəzetçiliklə müxalifətçiliyi ayıra bilsinlər. Bu, fərqli yanaşmalardır. Biz jurnalistdən, qəzetdən siyasi radikallıq tələb etməməliyik. Bu dünya təcrübəsində qəbul olunmuş bir prinsipdir. Amma onu da bilirik ki, tarix hər şeyi sübut edəcək, zamanı gələndə kimin haqlı kimin haqsız olduğu bilinəcək. Odur ki, insanlara daha diqqətli olmağı və gələcəkdə peşman olacaqları mövqedən çıxış etməməyi tövsiyə edirik. Bizim tənqid hədəfimiz Əliyev rejimi olmalıdır, onlara qarşı mübarizə aparmalıyıq. Özümüz öz içimizdə mübarizə aparmaqla özümüzü olmamalıyıq”.
Görüşdə həmçinin Müsavat Partiyasındakı hazırkı durum, partiyanın mitinq keçirməsi ilə bağlı məsələlər də müzakirə olunub.
Nərgiz Liftiyeva






