İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Abbaslı: “Əsas siyasi rəqibimiz hakim partiyadır”

1864 01.07.2016 19:31 Müsahibə A A
Bir müddət əvvəl yaranan “Ağ blok” artıq partiya kimi formalaşıb. Blokun üzvləri iyirmi üç il əvvəl yaradılan Vahid Azərbaycan Partiyasının tərkibində iyunun 26-da qurultay keçirərək, onun adını dəyişib, AĞ Partiya qoyublar. 

Yeni partiyanın sədri seçilən Tural Abbaslı qarşıda duran hədəflər və məqsədlər barədə musavat.com-a danışıb: 

- Qarşıdakı hədəfləriniz nədən ibarət olacaq?

- Təbii ki, biz müxalifət partiyası kimi formalaşdığımız üçün birinci hədəfimiz hakimiyyətə gəlməkdir. Amma ilk olaraq gündəlik atacağımız addımlar strukturlaşma, təşkilatlanmadır. Vahid Azərbaycan Partiyası 1993-cü ildə yaranan partiyadır. Həmin vaxtdan bu yana strukturlaşma və təşkilati məsələlər baxımından yeniliklər çox az olub, yox səviyyəsindədir. Yaxın aylarda, bir il ərzində əsas işimiz rayonlarda, Bakı və Azərbaycan üzrə partiyanın strukturlarının, özəklərinin yardılması, gənclər və qadınlar qollarının bərpa olunması, digər partiyalarla funksional əməkdaşlıq, beynəlxaql təşkilatlarla əlaqələrin bərpa olunması, həmçinin mətbuatla işin qurulmasıdır. Hətta bizim birinci hədəfimiz siyasi hədəflərdən daha çox təşkilati məsələlər olacaq. Təşkilati quruluş, yenidən bərpa məsələləri önəmli olacaq. Yəni artıq bəlli müddət sonra tam gücü ilə siyasi rəqabətə qoşula biləcəyik. 2018-ci ilə qədər Azərbaycanda seçki keçirilməyəcək. İstər-istəməz siyasi addımlar atmağa mühit olmayacaq. Təşkilatlanma məsələlərindən istifadə etmək niyyətindəyik. Təbii ki, ondan sonra 2018-ci ilə qədər bizim hazırlıqdan asılı olaraq 2018-ci ildə böyük siyasi addımlarımızı atarıq. Prezident seçkisi ərəfəsində ya öz namizədimiz, ya hansısa namizəd ətrafında blok məsələlərini müzakirə edərik. Hələ vaxta var. Partiyanın strukturlarının yaradılması, təşkilatın gücləndirilməsi, beynəxlaq aləmə, daxili auditoriyaya təqdimatı daha əhəmiyyətli olacaq.

- AĞ Partiya daha çox kimə müxalifdir?

- Biz daha çox hakimiyyətə müxalifik. Bizim əsas siyasi rəqibimiz “Yeni Azərbaycan” Partiyasıdır və Azərbaycan hakimiyyətidir. Belə də olacaq. Təbii ki, müxalifət daxilində partiyalararası da rəqabət var. Biz çalışacağıq ki, bu rəqabət bir-birini ləkələmək, qara yaxmaq, gücdən salmaq yox, qurucu rəqabət olsun. Yaxşı işlərdə, təşkilatlanmada, strukturlaşmada yarışaq. Biz çalışacağıq ki, mövcud problemləri aradan qaldıraq. Yeni etalon, yeni nümunələr yaratmağa çalışacağıq. Bizim komandada olan gənclərin keçmişinə baxanda da ümid etməyə əsas var ki, bu işlərə nail ola biləcəyik.

- Aparıcı müxalifət partiyaları, Milli Şura da qurultayınıza gəlməmişdi. Səbəblər nə idi? 

- Bu, dəvətnamələrin gecikməsi, texniki səbəblərlə bağlıdır. AXCP və Milli Şuraya dəvətnamələri çatdıra bilmədik. Amma digər dəvətlilərin böyük əksəriyyəti gəlmişdi, gələ bilməyənlər üzrxahlıq etdilər, səbəbləri oldu. Yaydır, əksəriyyət Bakıdan kənardadır. Müsavat Partiyasında isə gəlməmək siyasi qərar idi və onları qınamıram. Kimin gəlib, kimin gəlməməsi bizim üçün prinsipial məsələlər deyil. Əsas odur ki, bizi Azərbaycan xalqı qəbul etsin. Sonra kim qəbul etməsə, öz işidir.

- Sizin də daxil olduğunuz Antiböhran Koalisiyasının bir neçə üzvünün tədbirdə iştirak etməməsi nə ilə bağlı idi? 

- Bəziləri üzürlü idi. KXCP sədrinə ağır itki üz vermişdi, yasda idi. Dəvətnamə göndərdiklərimiz və gələ bilməyənlər üzrxahlıq etdilər, Yay ayıdır, çoxu Bakıdan kənarda, regionlardadırlar, bəzi partiya sədrləri hətta ölkədə yox idi. Demək olar ki, koalisiyadakı bütün partiyalar qurultayda iştirak etdi, etməyənlər də üzvxahlıq etmişdilər. Koalisiyada təmsil olunan partiyalardan narazılığım yoxdur. Belə götürəndə kifayət qədər adam dəvətləri qəbul edib, iştirak etdi. Bir çox QHT nümayəndələri, jurnalsitlər iştirak etdilər. Ümumən götürəndə iştirakdan razı qaldıq. Bir beynəxalq səfirliklər iştirak etmədilər, onlar da iş günləri olmadığından əvvəlcədən bunu demişdilər. 

- İddialar var ki, siz partiyanın adını Türkiyənin hakim partiyası olan AKP-yə oxşatmısınız. Onların xəttini seçmisiniz...

- Biz ideologiyanın tərəfdarıyıq. Sağ mərkəzçi ideologiyanın, əslində müsavatçılıq idelogiyasının davamçılarıyıq. Və AKP-nin yürütdüyü siyasəti, Türkiyə daxilində etdiklərini qardaş dövlətin vətəndaşları olaraq izləyirik. Son 12-13 il ərzində Türkiyə dünyanın böyük dövlətlərindən, regionun liderlərindən biri kimi qəbul olunur. Niyə də olmasın? Təki bizi AKP-yə oxşatsınlar, onun uğurlarını Azərbaycanda təkrar edə bilək. Bizim üçün bu, fəxr olar. Eyni ideoloji düşüncədə olduğumuz üçün də belə bənzətmə xoşdur. Bir çox ölkələrdə Kommunist Partiyası, Yaşıllar Partiyası, sosial demokratlar, liberallar var. İslam dünyasında isə eyni ideologiyada olan oxşar partiyalar yoxdur. Türk-İslam ideologiyasını özündə birləşdirən bir partiya nədən olmasın? Təki biz bu zəncirdə bir həlqə olaq. Davamı da gəlsin, digər ölkələrdə, məsələn, Qazaxıstanda da olsun. İnkişaf da Türkiyədəki kimi olsun.  

Röya RƏFİYEVA,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR