İnsanlara hürriyət, millətlərə istiqlal!

Tuğda “bu bina tutulub” elanını kottecə kim yapışdırıb? VİDEOREPORTAJ

5372 19.02.2021 08:55 Son xəbər A A

Ötən həftə Xocavənd rayonunun işğaldan azad olunmuş Tuğ kəndində ezamiyyətdə olan əməkdaşlarımız yaşayış məntəqəsində maraqlı süjetlər çəkiblər. Onlardan biri də indi seyr edəcəyiniz kadrlardır.

Məlum olduğu kimi, ermənilər və azərbaycanlılar uzun illər Tuğda birlikdə yaşayıblar. Ancaq 1991-ci ildə erməni quldurlar azərbaycanlıları bu kənddən zorla çıxardıqdan sonra Tuğ tamamilə ermənilərin nəzarətinə keçib. Ötən ilin noyabrında isə Azərbaycan hərbçiləri Tuğa nəzarəti bərpa edib və artıq kəndin keçmiş sakinləri öz dogma ev-eşiklərinə dönməyə hazırlaşırlar.

Bu kadrlardan bəlli olur ki, onları qabaqlayanlar da var və artıq kənddə xoşları gələn evin qarşısına elan da vurublar: “Bu bina tutulub”.

Bu, vaxtilə erməni millətinə mənsub olan şəxsə aid evdir. Tikili evdən çox kafe-çayxanaya oxşayır. İki mərtəbəlidir, hər iki mərtəbədə kafel-metlaxlı tualet, mətbəx var. Yonma daşdan tiikilmiş xudmani evin həyətində təndir və su quyusu var. Maraqlıdır ki, dəniz səthindən 1500 metrlik yüksəklikdə yerləşən Tuğun həyətlərindəki quyularda su var. Bu, ona görə belədir ki, kəndin arxasında 2000 metlik dağ var və o dağa yağan qarın, yağışın suyu sızaraq aşağı enir, Tuğun quyularına toplanır.

Bu evə isə güman ki, yayda (ola bilər elə qışda da) istirahət etmək üçün Tuğa gələnlərə kirayə verilməsi üçün nəzərdə tutulub – bir növ kottec kimi.

Bəs bu evi bəri başdan zəbt edən, ora elan yapışdıran, necə deyərlər hazıra nazir çıxan kimdir? Ola bilər ki, bu şəxs ya yerli sakinlərdən biridir, ya xudmani evdən xoşu gələn, gələcəkdə köçüb Tuğda yaşamaq istəyən hərbçilərdən birinin işidir.

Hər bir halda heç kəs əsgərlərizin qanı-canı bahasına azad etdiyi kənddəki evlər özbaşına tuta bilməz. Xocavənd rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhruz Məmmədov bildirir ki, bu kimi elanların, lövhələrin hansı tikiliyə vurulmasından asılı olmayaraq, Tuğda və işğaldan azad olunmuş başqa yaşayış məntəqərində yaşayış yararlı evlərin hamısının qeydiyyatı aparılır. Bu işlər müvafiq dövlət strukturları tərəfindən inventarlaşdırılır və sonra təyinatı üzrə qərarlar qəbul ediləcək.

Başqa sözlə, kim nə qədər haranı tutaraq “mənimdir” desə də, sonda məsələlər dövlət strukturlarının həyata keçirdiyi məskunlaşdırma siyasəti lə həll olunacaq.

Onu da deyək ki, ermənilər Tuğda yaşayan azərbaycanlıların evlərini yandırıb-dağıdıb bərbad etsələr də, özləri də son 30 ildə kəndi yeni tikililərlə böyüdüb, gözəlləşdirməyiblər.

Musavat.com-un reportyor qrupu


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR