İnsanlara hürriyət, millətlərə istiqlal!

Tufan, dolu, leysan taxıl biçininə əngəl olacaqmı?

723 26.06.2024 10:06 İqtisadiyyat A A

2024-cü ilin ilk 6 ayı ərzində Aqrar Sığorta Fonduna əkin sahələrinə dəyən zərərlər üzrə 1200-ə yaxın müraciət daxil olub

Azərbaycanın bir sıra ərazilərində hava şəraitinin pisləşməsi, güclü külək əsməsi, yağış və dolu yağması gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdarlığa əsasən iyunun 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq, 27-si axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin sonlarından başlayaraq indiyədək dəfələrlə bölgələrdə belə kəskin hava müşahidə olunub, sel, dolu, tufan kənd təsərrüfatına ciddi zərər vurub. Hazırda ölkədə taxıl biçini gedir. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 24-dək payızlıq əkin sahələrinin 40 faizində biçin başa çatıb: “Artıq 403 503 hektar sahədə biçin yekunlaşıb. Sahələrdən 878 173 ton arpa, 366 723 ton buğda yığılıb. Arpa sahələrinin 69,5 faizində, buğda sahələrinin isə 18,4 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sentner, buğda üzrə isə 34 sentner təşkil edir”.

Nazirlik bildirir ki, hazırda respublikanın 40-a yaxın rayonunda intensiv biçin prosesi gedir. Bu rayonlardan Ağsu, Biləsuvar, Neftçala, Sabirabad, Samux, Salyan, Ucar, Kürdəmir rayonlarında biçin səviyyəsi 70 faizi keçib, Naftalanda isə biçin başa çatıb.

Azərbaycan Aqrar Sığorta Fondundan “Yeni Müsavat”a verilən məlumata görə, iyunun 20-dək son bir həftə ərzində əkin sahələrinə dəymiş zərərlərlə bağlı fonda 120-dən artıq müraciət daxil olub: “Son günlər respublikanın əksər rayonlarında müşahidə edilən güclü külək, qasırğa, fırtına, dolu və güclü yağışlar əkin sahələrinə və təsərrüfatlara zərər vurub. Bununla bağlı Aqrar Sığorta Fonduna müraciətlər artmaqdadır. İyunun 15-21 tarixlərində əkin sahələrinə dəymiş zərərlərlə bağlı fonda 120-dən artıq müraciət daxil olub. Müraciətlər Şamaxı, Qobustan, Şəki, Oğuz, Beyləqan, Zaqatala, Hacıqabul, İsmayıllı, Kürdəmir, Ağsu, Füzuli, Yevlax, Ağcabədi, Xocavənd, Tərtər, Salyan, Balakən, Ağdam, Tovuz, Zərdab, Goranboy, Cəlilabad, İmişli, Ağstafa, Biləsuvar, Şəmkir, Qusar, Qax və digər rayonlardan daxil olub. Zərərlərin dəyməsi ilə bağlı fonda müraciətlər dolu, intensiv yağışlar, güclü külək, qasırğa, fırtına, sel-subasma kimi hadisələri əhatə edir.

Təbiət hadisələri fondun sığorta etdiyi əksər bitki növləri üzrə - buğda, arpa, qarğıdalı, pambıq, nektarin, şaftalı, alma, armud, ərik, üzüm, heyva və sair bitkilərə zərər vurub".

Fonddan bildirildiyinə görə, ümumilikdə 2024-cü ilin ilk 6 ayı ərzində Aqrar Sığorta fonduna əkin sahələrinə dəyən zərərlər üzrə 1200-ə yaxın müraciət daxil olub. Bunlardan 800 hadisə son 2 ayda qeydə alınıb: “Aqrar Sığorta Fonduna müraciətlərin bir hissəsi sığortası olmayan əkin sahələri üzrə daxil olub. Belə müraciətlər üzrə ödənişlər edilmir. Sığortalı təsərrüfatlardan daxil olan müraciətlər üzrə hadisələrin araşdırılması üçün aqrar sığorta ekspertləri təyin edilib və ərazilərə ezam edilib. Bu proses davam etməkdədir. Hazırda fondun onlarla aqrar sığorta eksperti bölgələrdə təsərrüfatlara dəyən zərərlərin hesablanması ilə məşğuldur”.

Fondun nümayəndəsi Əli Əhmədov qeyd edir ki, son iki aydakı müraciətlərin çoxu taxıl bitkiləri ilə bağlıdır: “Son iki ayda müraciətlərin sayı 900-ü keçir artıq. 41 növ bitki üzrə 48 növ məhsulu sığortalayarıq. Elə bitkilər var iki növ məhsulunu sığortalayırıq. Məsələn, qarğıdalının dənini, gövdəsini ayrılıqda sığortalayırıq. Yaxud soğanı göy halda, bir də yetişmiş halda sığortalayırıq. Təbiət hadisələrinə görə müraciətlərin yarıdan çoxu buğda, arpa sahələrinin payına düşür. Ondan sonra qarğıdalı gəlir”.

Sabirabad rayonunda fəaliyyət göstərən fermer Əfras Əsgərovun “Yeni Müsavat”a dediyinə görə, Aran bölgəsində yağıntıların mənfi təsiri ən çox arpa üzrə qeydə alınıb: “Arpanın çiçəkləyən vaxtında güclü yağışlar düşdü, mayalanma yaxşı getmədi. Sünbüllər çox balaca oldu. Deyim ki, bütün ölkə boyu belə oldu, bu il arpanın məhsuldarlığı çox aşağı oldu. Amma buğdada vəziyyət pis deyil, elə keçənilki vəziyyətdir. Məhsuldarlıq bizim sahələrdə 27-28 sentnerdir. Doğrudur, ölkə üzrə daha yüksək məhsuldarlıq çıxır. Bu, bir sıra rayonlarda xüsusi sahələrdə əldə olunan yüksək məhsuldarlığın hesabınadır”.

Ə.Əsgərov bildirir ki, Aran bölgəsində taxıl biçini yekunlaşmaq üzrədir, dağlıq və dağətəyi bölgələrdə yeni başlayır: “Ola bilsin ki, o rayonlarda yağıntılar biçinə mənfi təsir göstərsin”.

Onu da qeyd edək ki, Azərbaycan ərzaqlıq buğda ilə özünü təmin etməyən ölkələr sırasındadır. Daxili tələbatı təmin etmək üçün ölkəyə hər il əsasən Rusiya və Qazaxıstandan 1,2-1,3 milyon ton buğda idxal olunur. Rəsmi statistikaya əsasən, 2023-cü ildə ölkədə 1 milyon 833,8 min ton buğda istehsal edilib, məhsuldarlıq 33,8 sentner olub. Bu il üçün Azərbaycanda həm payızlıq, həm də yazlıq buğda əkinlərinin sahəsində azalma diqqəti cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 598,3 min hektar sahədə payızlıq buğda əkilib ki, bu da əvvəlki illə müqayisədə 9,9 faiz azdır.  Bundan əlavə, 2023-cü ildə yazlıq buğda əkinləri 4 799,2  ha olubsa, bu il cəmi 584,3 ha sahədə belə əkin aparılıb. 

Azərbaycan ərazisi qlobal iqlim dəyişikliyinin təsirinə ən çox məruz qaldığı ölkələrdən biridir. Rəsmi məlumata əsasən, 2020-ci ildə 68.6 min ha, 2021-ci ildə 42.2 min ha, 2022-ci ildə 101.4 min ha və 2023-cü ildə 178.3 min ha sahədə əkinlər quraqlıq səbəbindən tamamilə məhv olub. Bu isə müasir və qənaətli suvarma sistemlərinin tətbiqini son dərəcə aktuallaşdırır. 

Prezident İlham Əliyevin 2022-ci ilin iyulunda imzaladığı fərmanla pivot suvarma sisteminin tətbiqi ilə keyfiyyətli ərzaqlıq buğda istehsal edən fermerlərə hər tona görə stimullaşdırıcı subsidiya müəyyən edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurasının qərarı ilə 2024-cü il üzrə bu subsidiyanın həcmi 100 manat olaraq müəyyənləşdirilib. 

2023-cü ildə Azərbaycanda müasir suvarma sistemi olan sahələr cəmi 98,5 min hektar təşkil edib. Bu, 1,5 milyon hektarlıq ümumi əkin sahələrinə nisbətdə çox cüzi bir göstəricidir. Hesablamalara görə, 150 min ha sahədə müasir suvarma sistemi və texnologiyaların tətbiq olunması ilə buğda yetişdirməklə, Azərbaycanda ərzaqlıq buğda təminatını ərzaq təhlükəsizliyini təmin edəcək səviyyəyə çatdırmaq mümkündür. 

Azərbaycan hökuməti bu məqsədə çatmaq üçün daha bir dəstək mexanizmini işə salıb. Belə ki, bu il iyunun 5-də Nazirlər Kabineti ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi qaydasını təsdiqləyib.

Qaydanın tətbiqi müasir suvarma sisteminin alınmasına özəl bankların vəsaitlərinin cəlb olunasına imkan verəcək. Belə ki, qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 (iki yüz səksən) milyon manat kredit portfeli 168 (yüz altmış səkkiz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir.

Bu tədbirlərin real nəticəsi yəqin ki, yaxın 2-3 ildə özünü göstərəcək. Ona qədər Azərbaycan buğda idxalını davam etdirməyə məcburdur. Maraqlıdır ki, bu il Azərbaycana buğda idxalında ciddi azalma diqqəti cəlb edir. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ilin ilk dörd ayında ölkəyə xaricdən əsasən Rusiyadan olmaqla 450.152 min ton (135 milyon dollarlıq) buğda idxal edilibsə, cari ildə bu rəqəm 328 min 542 tona (72.676 milyon dollar) düşüb. Buğdanın bir tonu 2023-cü ilin beş ayında Azərbaycana 299 dollara başa gəldiyi halda, cari ilin eyni dövründə bu rəqəm 221 dollara qədər azalıb.

Azərbaycanın əsas buğda idxalı bazarı olan Rusiyada buğda qiymətləri ucuzlaşır. Bunun əsas səbəbi Türkiyənin buğda alışlarını oktyabra qədər dayandırmasıdır. Rusiyadan ildə 3-4 milyon ton buğda alan Türkiyənin bu addımı şimal qonşumuzun məhsulunun ucuzlaşmasına səbəb olub. Bu isə Azərbaycandan olan alıcılar üçün daha əlverişli qiymət şərtlərinin formalaşması deməkdir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR