Layihənin prodüseri Atakan Kərküklü: “İşin içində 1 illik zəhmət var”
Türkiyənin nüfuzlu TRT World kanalının yaradıcı heyəti Xocalı faciəsinin ildönümü ərəfəsində bir sənədli film ərsəyə gətirib. Musavat.com xatırladır ki, sözügedən heyət bir il öncə Xocalı qətliamının ildönümü ilə bağlı olaraq silsilə müsahibə və reportajlar hazırlamış, döyüş bölgələrində, sərhədyanı ərazilərdə də olmuşdular.
Musavat.com kanalın layihə prodüsseri Atakan Kərküklü ilə söhbətləşərək, bu filmlə bağlı təfərrüatları öyrənib. Müsahibimiz öncə filmin ərsəyə gəlməsi üçün görülən işlər barədə danışıb.
-Xocalı qətliamında ailəsini itirən şəxslərlə, habelə torpaqları işğal altında qalan insanlarla müsahibələr etdik. Ondan sonra 2016-cı ilin aprel ayında baş verən məlum döyüşlər olan, ermənilərdən təmizlənən yerlərə getdik. Cəbhə bölgəsinin ön xəttində olduq. Oradakı döyüşçülərlə, üst səviyyədəki hərbçilərlə görüşdük. Səngərlərin içində çəkilişlər etdik. Eyni zamanda may ayında olan döyüş yerlərinə getdik. Orda da yüksək rütbəli komandirlərlə çəkiliş etdik, hərbi tətbiqatları lentə aldıq. Eyni zamanda diplomatlarla, qəzetçilərlə də əlimizdən gəldiyi qədər müsahibələr gerçəkləşdirdik. Bu məsələ hər nə qədər Azərbaycanla Ermənistan arasında olsa da, Sovetlər dönəmindən gələn bir məsələ olduğu üçün Rusiyaya da getdik. Orda da Aleksandr Duqinlə, rusiyalı tarixçilərlə, elm adamları ilə də görüşdük. Bunun üzərinə bir də Qarabağda müharibə olanda bunu izləmiş amerikalı jurnalist Tomas Goltz da Bakıya gətirib, çəkiliş etdik. O, bu müsahibələri ilk dəfə yayınlayıb, dünyaya çatdıran insan imiş. O, bu yazıları zamanında “Vaşinqton Post”da yayımlamışdı.

Atakan Kərküklü
Biz onunla müsahibə gerçəkləşdirdik. Hətta özünün yayın etdiyi cəbhə bölgəsindəki yerlərə də getdik. Təmas xəttindən 70 metr uzaqlıqda olduq. İşin içində 1 illik zəhmət, görülən işlər var.
-Xeyli insanla görüşmüsüz iş prosesində...
-Bəli, bu işin içində çox adam var. Qəzetçilər, diplomatlar, siyasətçilər, zərərçəkmiş ailələrlə müsahibələr gerçəkləşdirdik. Bizim məqsədimiz Xocalı faciəsini dünyaya tərəfsiz bir şəkildə çatdırmaqdır. Biz insanların bilməsini istəyirik. Daha çox beynəlxalq miqyasda bu məsələnin işıqlandırılması, əcnəbi vətəndaşlara da bu gerçəyi hərtərəfli çatdırmaqdır.
Bu sənədli film TRT World kanalında, eyni zamanda TRT Arabian, TRT Haber kanallarında da yayımlanacaq. Həm türk, həm ingilis, həm ərəb dilində yayımlanacaq. Bundan başqa, sosial şəbəkələrdə də davamlı olaraq paylaşılacaq. Reklamları da yayımlanacaq.
-Film neçə dəqiqədir?
-Sənədli film 26 dəqiqəlikdir.
-Bütün kanallarda eyni gündə, eyni saatda yayınlanacaq?
-Bəli, çərşənbə axşamı, 26 fevralda, Türkiyə saatı ilə 17.30, Azərbaycan saatı ilə 18.30-da yayına girəcək. Amma yayınlandıqdan sonrakı 6 gün ərzində də bu film hər gün təkrar-təkrar yayınlanacaq.
- Bu günlərdə yenidən Bakıya səfəriniz gözlənilir?
- Bəli, bu bazar günü Bakıya gəlirik. Çəkilişlər edəcəyik.

- Bu dəfəki çəkilişləriniz harada olacaq, nələri əhatə edəcək?
-Təəssüf ki, bu dəfə uzun müddət qala bilməyəcəyik. Onsuz da bir çox işləri artıq görmüşük. Çərşənbə axşamı sənədli film yayına girəcək. Məqsədimiz 26 fevral, çərşənbə axşamı günü Şəhidlər Xiyabanından canlı yayın həyata keçirməkdir. Xarici İşlər Nazirliyi sözçüsü Hikmət Hacıyevlə canlı müsahibə edəcəyik. Eyni zamanda bir paket hazırlayacağıq: Xarici İşlər Nazirliyindən bir diplomat, Xocalıda ailəsini itirmiş bir nəfər, müharibəni gözləri ilə görmüş və bunu qələmə almış bir jurnalist olaraq “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müsahibələr edəcəyik. Bunu da gələn cümə günü yayınlanacaq verilişdə göstərəcəyik. Bu, xüsusi veriliş olacaq. Hətta Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də gələn cümə bizim studiyamıza gəlib, canlı müsahibə verəcək.
Sevinc TELMANQIZI,
“Yeni Müsavat”






