İnsanlara hürriyət, millətlərə istiqlal!

“Troya” barındakı qətldə suçlanan “troyka” məhkəmə önündə...

1977 07.09.2014 14:55 Kriminal A A
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə, bədənə ağır xəsarət yetirməkdə və xuliqanlıqda ittiham olunan Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Zaur Abdullayev, 1990-cı il təvəllüdlü Rəşad Qubuşov və 1983-cü il təvəllüdlü Turan Qubuşovun məhkəmə prosesi keçirilir. Prosesə hakim Rasim Sadıxov sədrlik edir.

Virtualaz.org-un verdiyi xəbərə görə, istintaq yolu ilə müəyyən edilib ki, Zaur Abdullayev ötən il avqust ayının 18-də gecə saatlarında Xaqani küçəsi, 14/16 ünvanındakı “Troya” klubunda olan zaman Rəşad Qubuşov onun orada olduğunu öyrənərək həmin kluba gəlib. Z.Abdullayevin əvvəllər R.Qubuşovla ədavəti olduğundan aralarında növbəti dəfə dava-dalaş düşüb.

Dava zamanı hadisə yerində olanlardan biri - Səbuhi Şərəfov bıçaq yarası alaraq ağır yaralanıb. Yaralı xəstəxanada əməliyyat olunub, bir gün sonra isə dünyasını dəyişib.

Ertəsi gün Z.Abdullayev şübhəli şəxs qismində tutularaq barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın gedişi zamanı Z.Abdullayevin əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif edilib.

Hadisədən bir ay sonra Rəşad Qubuşov və Turan Qubuşova Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyadan törədildikdə) ittiham irəli sürülüb və barələrində polisin nəzarəti altına vermə həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Zaur Abdullayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib: “2013-cü ilin yanvar ayında sözügedən barda Rahid adlı şəxsin mənə polis əməkdaşı ilə dostluq etməyimə irad bildirməsi ilə əlaqədar aramızda mübahisə baş vermişdi. Həmin vaxt Rəşad Qubuşov mübahisəyə müdaxilə edərkən onunla davamız düşdü. Dırnaqtutanın tiyəsi ilə Rəşadın ayağından vurdum. Yanımızda olan şəxslər bizi ayırdılar, maşına əyləşib evə getdim. Bu hərəkətimə görə peşman olmuşdum. Bir neçə dəfə Rəşada zəng vurub barışmaq istədiyimi demişdim, amma Rəşad barışmaq  istəmirdi.

Bu hadisədən altı ay keçəndən sonra, yəni 2013-cü il, avqustun 18-də Rəşad yanındakı iki nəfərlə birgə kluba daxil oldu. Onlardan birinin adının (ölən şəxsi nəzərdə tutur-red.) Səbuhi olduğunu öyrəndim. Rəşadı görən kimi ayağa qalxıb salam verdim. O, söhbət etmək üçün məni çölə çağırdı. Mənə qarşı aqressiv olduğundan döyəcəyini düşündüm və klubdan uzaqlaşmaq istədim. Zalın qapısına yaxınlaşanda Rəşad, Səbuhi və Turanın pilləkənlərdə dayandığını gördüm. Qapının arxasında qaranlıq yerdə dayanıb gizləndim. Lakin Turan mənə sarı gələrək  yumruqla vurub yerə yıxdı. Sonra Rəşad üstümə gəldi. Dalaşma zamanı Rəşadın əlində bıçaq var idi. Digər tərəfdən isə Səbuhinin əlindəki bıçaqla məni vurmaq istədiyini gördüm. Bıçağın tiyəsindən tutub onun əlindən aldım, özümdən uzaqlaşdırmaq istədim, bıçaq ona dəydi. Bundan sonra monitor otağına keçərək gizləndim. Mənim Səbuhini öldürmək və ya yaralamaq məqsədim olmayıb”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Eldar Şərəfov ifadəsində göstərib ki, hadisə baş verən gün gecə saat 03:00 radələrində həyat yoldaşı Nargilənin telefonuna zəng gəlib. Özünü “MediClub” xəstəxanasının əməkdaşı kimi təqdim edən xanım onlara Səbuhinin həmin xəstəxanada olduğunu deyib: “Dərhal arvadım və oğlum Nəsimi ilə birlikdə həmin xəstəxanaya getdik. Biz ora çatanda artıq Səbuhi əməliyyat olunurdu. Xəstəxananın qarşısında dayanan, özünü Orxan kimi təqdim edən şəxs mənə yaxınlaşaraq Səbuhinin dostu olduğunu, “Troya” barında dava-dalaş zamanı bıçaqlandığını dedi. Ondan Səbuhini kimin bıçaqladığını soruşduqda hadisənin necə baş verdiyini görmədiyini dedi.

Oğlum iki dəfə əməliyyat olunsa da həyatını xilas etmək mümkün olmadı. Oğlumun o kluba nə məqsədlə getdiyini, dava-dalaşda kimlərin iştirak etməsi haqda məlumatım olmayıb. Sonradan polis əməkdaşlarından eşitdim ki, oğlumun dostları olan Turan və Rəşad adlı şəxslər Zaur Abdullayevlə dalaşan zaman sonuncu Səbuhini bıçaqlayıb”.

Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR