İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın kəsdiyi xarici yardım siyasəti - Azərbaycana heç bir təsiri yoxdur

770 12.02.2020 09:40 Siyasət A A

Yeganə Hacıyeva: “Münasibətlərin bu səviyyəsində ayrılan məbləğ əslində simvolik rəqəmdir”

“Röyter” agentliyi ABŞ prezidenti Donald Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını 21 faiz azaltmaq istəməsi haqda məlumat yayıb. Bu məlumatın ardından Ağ Ev sahibinin qərarı ilə bağlı çoxsaylı müzakirələr açılıb, ən müxtəlif fərziyyələr ortaya atılıb.

Çoxları bu qərarın sırf cari ilin noyabrında Amerikada keçiriləcək prezident seçkilərinə yönəldiyini düşünür. Belə ehtimallar var ki, Tramp xalqı arasında nüfuzunu daha da qaldırmaq üçün xalqın istəyini yerinə yetirir. Onun qərarının bəzi dünya ölkələrinə ciddi təsir edəcəyi də vurğulanır.

Qərar ətrafında gedən müzakirələrdə Azərbaycan və düşmən Ermənistanın da adı keçir. Rəsmi İrəvana bunun təsirlərinin daha çox olacağı bildirilir. Arqument kimi də çökməkdə olan erməni iqtisadiyyatı göstərilir.

Siyasi şərhçi Yeganə Hacıyeva Trampın uğurlu prezident olmasından danışdı: “Hələ keçən seçkiöncəsi təbliğat zamanı Trampın prezident seçiləcəyi halda ABŞ xarici siyasətinin kökündən dəyişiləcəyini, ABŞ-ın BMT, NATO, Avropa Birliyi və ümumiyyətlə, beynəlxalq münasibətlərdə prioritetin məhz iqtisadi münasibətlər üzərindən müəyyənləşəcəyini proqnozlaşdırmışdıq. Xüsusilə ABŞ-ın və Avropa Birliyinin nüfuz və maraq dairəsi əhəmiyyət kəsb edən regionlar və ölkələrə münasibətdə iqtisadi çalarların daha qabarıq olacağını qeyd etmişdik. Bunun izahı da çox sadə idi, çünki Tramp adəti üzrə siyasi və ya xüsusi xidmət isteblişmentinə deyil, biznes dairələrdən gəlmişdi və əlbəttə ki, münasibətlərini iqtisadi çıxarlar üzərindən quracağı aydın idi. İlk günlərdən dünya hər nə qədər də Trampı qeyri-ciddi siyasətçi kimi qəbul etsə də, keçən 3 il yarım müddətdə onun addımlarında ölkəsini düşünən qətiyyətli prezidentin qərarları sezildi. Tramp daha çox Amerikanın iqtisadiyyatını sağlamlaşdırmağa yönəlik siyasət yürütdü, Avrasiya regionunda Mərkəzi Asiya və Avropa arasındakı təbii qaz nəqlində ABŞ-ın rolunu və mövqeyini möhkəmlətdi. ABŞ ticarətini xarici imtiyaz nümunəsində çoxmilyardlıq artıq yükdən azad etdi, ABŞ beynəlxalq təşkilatlardakı yüklərini azaltmaqla xarici siyasətdəki kənar xərclərini azaltdı, ABŞ-ın Mərkəzi Asiyada mövqelərini möhkəmləndirdi və s. Daxildə isə ABŞ-ın müasir siyasətində gəlib-gedən ən qalmaqallı prezidenti kimi bu 3 il ərzində Tramp administrasiyası cəmiyyətdə mövqeyini möhkəmləndirməsi üçün ənənəvi Meksika ilə sərhəd və miqrant kartları, ABŞ cəmiyyəti üçün vazkeçilməz olan odlu silahdan istifadə qərarını, Meksika ilə sərhəddə odlu silahın istifadə olunmasına icazə, ABŞ-da doğulmuş miqrantların uşaqlarına vətəndaşlıq verməməsi vədi və digər aqressiv və düşmənçi ritorika bu yöndə atılan addımlardan idi. Lakin Pensilvaniya ştatının Pittsburq şəhərində sinaqoqda 11 nəfərin qətli ilə nəticələnən hadisə və Tramp tərəfdarlarının siyasi rəqiblərə qarşı bombalı məktub və baratlar göndərməsi onun mövqeyini zəiflədən məqamlardan oldu. Belə məqamlarda daxilə yönəlik siyasətində daha çox amerikalıların müdafiəsi, ABŞ-ın rifahının gücləndirilməsi ritorikasi gündəmə gəldi ki, məhz Trampın həyata keçirdiyi, xarici xərclərin azaldılması siyasətində də bu xəttə xidmət iddiası durur”.

Yeganə Hacıyeva ile ilgili görsel sonucu

Siyasi şərhçi Trampın qərarının Azərbaycana ola biləcəyi təsirlərindən də danışdı: “Bu suala cavab verməzdən öncə onu qeyd edim ki, Azərbaycanla bağlı ABŞ-ın iqtisadi, diplomatik və təhlükəsizlik sferalarında mövcud münasibətləri inkişaf etdirməsi üçün atdığı addımlar, bu münasibətlərin inkişafına dəstək verəcək siyasət birmənalı olaraq ABŞ-ın Cənubi Qafqaz regionuna təsir və nüfuzunun güclənməsinə xidmət edən addımlardır. Məsələ ondadır ki, Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticari tərəfdaşı, qlobal təhlükəsizlik və enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan vacib strateji tərəfdaşıdır. Son illərin qlobal enerji və təhlükəsizlik sahəsində regionun strateji vacib ölkəsi kimi Azərbaycanın da əhəmiyyətini artırmışdır. Bu əhəmiyyət haqqında kiçik bir arayış verək: Avropa Azərbaycan, Qazaxıstan və Türkmənistandan alınan qaz hesabına, özünün enerji ehtiyatlarından silah kimi istifadə edən Rusiyadan asılılığını azaltmaq niyyətindədir. Hazırda Rusiya və İrandan yan keçərək Avropaya gələn kəmərlərin hər üçü və ən əsası reallaşdırılmaqda olan Cənub Qaz Dəhlizi də Azərbaycandan keçir. Bu layihə Avropa Birliyi üçün həyati əhəmiyyətlidir. Eyni ilə Qərbi Avropanı Xəzər regionuna birləşdirən optik lifli strateji kabel xətləri, Çinlə Fransanı birləşdirən Avropanın ən uzun avtomobil magistralı- E60 magistralı, Cənubi Qafqazı Avropa ilə birləşdirəcək Bakı-Tiflis-Qars dəmir yolu və s. də belədir. Avropa Birliyinin ”Şərqə Genişlənmə" proqramı çərçivəsində AB, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrini birləşdirən “TransAvropa Nəqliyyat şəbəkəsi” layihəsində də həlledici quru keçid koridoru məhz Azərbaycan ərazisidir. Ermənistanın Azərbaycanın ərazisinin beşdə birini işğal faktoru, yəni Dağlıq Qarabağ konfliktinin mövcudluğu qlobal səviyyədə regionun lojistik imkanlarının genişlənməsinə mane olur. Avropanın ticarət nəqliyyatı imkanlarının və ən əsası bu ticarət nəqliyyatında hər iki- Qərb-Şərq və Şərq-Qərb marşrutu üzrə, aralıq və yekun koridorlarda pay sahibi olan ABŞ iqtisadi dairələrinin imkanlarının limitlənməsi ilə nəticələnir. Azərbaycan isə öz növbəsində strateji tərəfdaşları ilə münasibətlərin nüvəsində konfliktin həllində regionun təhlükəsizliyinə əsas hədə olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik real səylərinin artırılması tələbini qoyur və mövcud status-kvonun saxlanmasının uzunmüddətli yanlış siyasət olmasını səsləndirir.

Əks halda, Azərbaycan tərəfi işğal olunmuş ərazilərinin azad edilməsində güc faktorundan istifadə məcburiyyətində qalacaq. Bu Azərbaycan üçün istər ABŞ, istərsə də Avropa İttifaqı ilə münasibətlərdə faydalılığın nüvəsini təşkil edir. ABŞ da erməni lobbisinin bütün səylərinə rəğmən Ermənistana ayrılan yardımlarda ilbəil azalma müşayiət olunmaqdadır: 2016-cı ildə 20,4 milyon dollar məbləğində yardım ayırmışdısa, 2018-ci il üçün Ermənistana ayrılan maliyyə yardımı 6,2 milyon dollar məbləğində, yəni 3 dəfədən də çox azaldıb. Ancaq 2020-ci il üçün ABŞ tərəfindən Azərbaycanın Müdafiə Nazirliyinə və hökumət idarələrinə, beynəlxalq hərbi və hüquq-mühafizə orqanlarına maliyyə dəstəyi olaraq 102,5 milyon dollar vəsait ayrılıb. Azərbaycana münasibətdə ikili münasibətlərdən kənarda ABŞ-ın ATƏT-in Minsk Qrupu çərçivəsində konfliktin nizamlanması prosesində yanaşmasının son illər dəyişməsini göstərə bilərik. Yeni yanaşma kimi məhz Rusiya-İran-ABŞ münasibətləri müstəvisində Ermənistanın və Azərbaycanın davranışını göstərə bilərik. Ard-ardına neçənci Ermənistan şirkətinin İranla bağlı sanksiyaların pozulmasına görə hesablarının dondurulması və s. Azərbaycan ABŞ-a və NATO tərəfdaşlarına lojistik və tranzit yardımında, hərbi yüklərin 40 %-nin daşınmasında, Əfqanıstandakı ABŞ hərbi heyətinin təhlükəsiz hərəkətliliyi üçün tranzit yoludur. Münasibətlərin bu səviyyəsində ayrılan məbləğ əslində çox cüzi və simvolik rəqəmdir. Digər regionlar üzrə də analoji müqayisələr apara bilərik. Bütün bunun bir cavabı var: Trampla dəyişən ABŞ xarici siyasəti, daxili siyasi qrupların siyasi qərarları ilə deyil, ABŞ-ın iqtisadi, hərbi və təhlükəsizlik dairələrinin çıxarları üzərindən qurulur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR