İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın dirənişi, ABŞ-ın 231 illik tarixinin qara ləkəsi – puç olan hesabatlar, zədələnən reputasiya

3479 27.12.2020 14:18 Yazarlar A A

ABŞ-ın 231 illik tarixində heç vaxt bu cür hadisələr və söz-söhbətlər olmayıb. Nə ilk prezident Corc Vaşinqton, nə onun “təsisçi atalar”dan olan, ABŞ dövlətini quran general xələfləri prezident kürsüsündən dördəlli yapışmayıblar. Hamısı bir və ya iki müddət prezident olduqdan sonra bu postu sakitcə, dinc şəkildə özlərindən sonrakına ötürüb, dövlət işlərindən çəkiliblər.

ABŞ dövlətini dünya hegemonu edən də elə bu idi – hamı tərəfindən qəbul edilmiş ali qanunlara danışıqsız riayət etmək, bütün ictimai-siyasi, eləcə də iqtisadi, hərbi fəaliyyəti ölkənin konstitusiyasının çərçivəsində davam etdirmək, hər məsələdə milli razılığa nail olmaq.

1.jpg (5 KB)

                                                    Corc Vaşinqton

Əslində ABŞ konstitusiyasında bir nəfərin iki müddətdən artıq prezident seçilməsinə dair hər hansı bir yasaq yoxdur. Sadəcə, indiyə qədər ABŞ prezidenti kürsüsündə oturmuş 45 şəxsin biri istisna olmaqla heç biri Corc Vaşinqtonun qoyduğu bu yazılmamış qanunu pozmayıb, heç biri 3-cü və ya 4-cü dəfə seçilmək üçün namizədliyini irəli sürməyib.

2.jpg (172 KB)

                                               Franklin Ruzvelt

Bunu yalnız ABŞ-ın 32-ci prezidenti Franklin Delano Ruzvelt edib – o da məcburiyyət üzündən. 1932-ci ildə birinci prezident seçilən Ruzvelt ölkəsini “böyük depressiya” adlanan iqtisadi bataqlıqdan uğurla çıxarıb, ona görə də 1936-cı ildə keçirilən seçkilərdə inamlı qələbə qazanıb. Xalq yenidən ona səs verib ki, prezidentin işləri yarımçıq qalmasın. 1940-cı ildə isə artıq II dünya müharibəsi başlamışdı, ölkəyə güclü lider lazım idi. Ona görə də bütün siyasi qüvvələr razılaşıblar ki, bu durumda Ruzveltdən güclüsü və təcrübəlisi yoxdur. Elə 1944-cü ildə də bu motiv güclü rol oynayıb. Ruzvelt 4-cü dəfə seçilib, fəqət onun dördüncü müddəti cəmi 3 ay çəkib, prezident beyninə qan sızması nəticəsində vəfat edib. O, toplamda 12 il 1 ay olmaqla ABŞ-ın ən “uzunömürlü” prezidentidir və ölkəsinin siyasi tarixində oynadığı rola görə Corc Vaşinqton, Tomas Cefferson, Avraam Linkolnla bir cərgədə dayanır.

Ondan sonra ən çox yazlnız bir neçə siyasi xadim (Duayt Eyzenhauer, Ronald Reyqan, Bill Klinton) iki dəfə prezident seçiliblər, yerdə qalanı (Cerald Ford, Ceyms Karter, Corc Buş-ata) bu posta bir dəfədən artıq seçilə bilməyiblər. Müddətini başa çatdırmayanlar da olub – Con Kennedi, Riçard Nikson.

3.jpg (14 KB)

                        41-ci prezident Corc Buş və qubernator qardaşı Ceb Buş

ABŞ-ın 231 illik tarixində ilk dəfədir ki, prezident seçkilərinin nəticələri bu qədər ciddi şəkildə şübhə altına alınır, mübahisə predmetinə çevrilir. Düzdür, bundan əvvəl oğul Corc Buşun birinci müddətə seçildiyi (1999-cu il) seçkilərdə də mübahisəli vəziyyət yaranmışdı. Çünki baş-başa gedən mübarizənin sonunda Buş yalnız son anda, qardaşı Ceb Buşun qubernator olduğu Florida ştatında səslərin yenidən sayılması nəticəsində minimal üstünlüklə vitse-prezident Albert Qora qalib gəlmişdi. Amma o zaman Qor bu məsələ ətrafında qalmaqal yaratmadı, məğlubiyyəti ilə barışdı.

Hazırda isə fəaliyyətdə olan prezident Donald Tramp məğlubiyyəti ilə barışmır və tərəfdarlarını, o cümlədən respublikaçı senatorları müqavimət göstərməyə, Cozef Baydenin qələbəsini tanımamağa çağırır.

6.jpeg (22 KB)

Əslində hələ 4 il öncə, 2016-cı ildə prezident postuna yeni seçilmiş Trampın 4 il sonra cığallıq edəcəyi bəlli idi. Hələ o vaxt Trampın hərəkətlərində və açıqlamalarında Şərq despotlarına xas davranışlar müşahidə edilirdi, hiss olunurdu ki, adam hakimiyyət hərisidir və vəzifəsini əlində saxlamaq üçün gücü çatan hər şeyi edə bilər.

Ancaq ABŞ-ın daxili siyasi düzəni, hakimiyyətin dinc ötürülməsi mexanizmi, eləcə də ali kürsünü tutan şəxsin səlahiyyət dairəsi elədir ki, burada onun istənilən ambisiyası müəyyən çərçivə ilə məhdudlaşır və o, heç də hər istədiyini edə bilmir. Hazırda Tramp özünü məhz həmin çərçivədə, əli-qolu bağlanmış halda hiss edir. Yoxsa onun ambisiyası heç də Napoleonunkundan, Hitlerinkindən az deyil.

Trampın irəli sürdüyü iddialara görə, onun öz məğlubiyyəti ilə barışmamasını şərtləndirən hadisələr olub. Prezident iddia edir ki, bəzi mütərəddid (yəni kimin qalib gələcəyi sual altında olan) ştatlarda gecəylə seçki sandığını poçtla gələn bülletenlərlə doldurublar (“videosu da var” deyir), iki dəfə səs verənlər olub, ölü seçicilərdən, saxta imzalardan istifadə edilib, qanunsuz miqrant-seçicilər səs veriblər, respublikaçıların müşahidəçiliyi yasaqlanıb və s.

1604402913548224712_1000x669.jpg (440 KB)

Bu kimi iddiaları indiyə qədər ABŞ üçüncü dünya ölkələrində keçirilən seçkilərdən sonra yaydığı hesabatlarda qabardırdı, indi ABŞ-ın öz başına gəlir.

Tramp məhkəmələrin pis olduğunu, Federal Təhqiqat Bürosunun və Ədliyyə Nazirliyinin öz “qara iş”lərini gördüyünü, ABŞ-ın seçki sisteminin inkişaf etməkdə olan ölkələrin seçki sistemini xatırlatdığını, mətbuat azadlığının yoxa çıxdığını, “feyk” medianın at oynatdığını deyir və əlavə edir ki, Baydenin prezidentliyi ölkə tarixində eybəcər fəsil olacaq və axırda özü qalib gələcək.

5.jpg (30 KB)

Bu, ölkə prezidentinin siyasi sistemə qarşı qaldırdığı üsyandır, qiyamdır. Ancaq Tramp müəyyən mənada haqlı da ola bilər.
Əsas odur ki, uzun illərdən bəri ABŞ-ın seçki sisteminin mükəmməl olmadığına, islahatlara ehtiyacı olduğuna dair deyilən fikirlər öz təsdiqini tapdı. Sadəcə, 4 il öncə Tramp özü də seçki sistemindəki naqisliklərin nəticəsində Hillari Klintona qalib gəlmişdi. Klinton toplamda ondan 1 milyon səs artıq alsa da, prezident postuna Tramp seçilmişdi.

Hər halda, dünyanın yerdə qalan 200 dövlətinə demokratiyaya, insan haqlarına, azad seçkilərə dair dərs keçən dövlətin özünün üzləşdiyi durum olduqca ibrətamizdir. İndi dünyanın başqa dövlətlərin rəhbərləri ABŞ-ın müvafiq məzmunlu hesabatlarını ironiya predmeti edəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR