İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın adı Bakıdakı hotelə qaytarıla bilər-yenə 2,5 milyon alacaqmı?

1578 05.12.2020 15:17 Ölkə A A

 

Məmmədovlara məxsus “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı layihələrindən biri hesab olunurdu, amma...


Gələn ilin yanvar ayının 20-də Donald Tramp Ağ Evi ABŞ prezidenti kimi tərk edəcək. Prezident seçkilərində rəqibi Co Baydenə məğlub olan Trampın yenidən fəal biznesə qayıdacağı gözlənilir.

Donald Tramp hələ prezident kimi toxunulmazlığını saxlasa da, onun hakimiyyətdən çəkiləndən sonra xüsusilə, vergilərdən yayınmaqla bağlı ciddi sorğu-suala çəkiləcəyi gözlənilir. Məsələn, Nyu-York ştatının vergi orqanları Donald Trampın atasından qalan mirası qeyri-qanuni şəkildə mənimsəməsi ilə bağlı araşdırmaya yenidən start verməyə hazırlaşır.

Bildirilir ki, ölkə başçısı vergilərdən boyun qaçırmaqla 413 milyon dollar mənimsəyib. İki gün əvvəl isə prezidentin qızı İvanka Tramp 2017-ci ildə atasının “Trump Hotel”də keçirilmiş andiçmə mərasimi zamanı yüksək qiymətlərlə əlaqədar dindirilib. O, beş saat ərzində Kolumbiya dairəsinin Baş Prokurorluğunda ifadə verdiyini bildirib. Xanım Tramp hesab edir ki, onun dindirilməsi siyasi motivli qisasdır. Qeyd edək ki, daha əvvəl İvanka atasının prezidentlik müddəti bitdikdən sonra öz siyasi karyerasına başlaya biləcəyini söyləmişdi.

487904.jpg (73 KB)

Məlumdur ki, Bakıda da Trampın adını daşıyan hotel vardı. 2014-cü ildə Tramp bəyan etmişdi ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. Trampın qızı İvanka Tramp isə 2014-cü ildə Bakıda olmuş, 33 mərtəbəli "Trump International Hotel & Tower Baku"nun inşası ilə maraqlanmışdı.

Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı hotel də birbaşa ona məxsus deyildi. Bina sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlunun nəzarət etdiyi “Garant Holding” tərəfindən tikilmişdi. Tramp isə adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komisyon qazanmışdı.

ABŞ prezidentliyinə iddiaçı olanda açıqladığı maliyyə hesabatına əsasən, Tramp “quru adı üçün” Məmmədovlardan ən azı 2,5 milyon dollar almışdı. Çünki hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunması nəzərdə tutulurdu. Donald Tramp prezident seçkisi kampaniyası dövründə Azərbaycandakı biznes sazişindən çıxdığını elan etdi və Bakıda tikilmiş göydələndən “Trump” lövhəsi çıxarıldı.

2017-ci ilin martında “New Yorker” jurnalında dərc edilmiş “Donald Trampın ən pis sazişi” adlı araşdırma məqaləsində “Tramp Organization” təşkilatının Ziya Məmmədovun ailəsi ilə müştərək tikdiyi “Tramp Tower” göydələni haqda yazmışdı.

407649857.jpg (182 KB)

Yeri gəlmişkən, 2015-ci ildən hazır olsa da, qapısı hələ də bağlı olan “Yelkən-hotel”i Məmmədovların Türkiyədən olan bir iş adamına satdıqları barədə iddialar vardı. Məmmədovların hoteli satmaq xəbərinin nə dərəcədə həqiqət olduğunu söyləmək çətindir. Amma Tramp prezidentlik müddətini başa vurduqdan sonra Bakıdakı “bəxti bağlanmış” hotelə yenidən adını verə bilər. Amma bu dəfə ona daha 2,5 milyon veriləcək biznesmen olub-olmayacağını demək çətindir...

Yada salaq ki, hotel 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-dən 890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR