Məlum olduğu kimi, bu günlərdə türkiyəli müğənni Haluk Levent ABŞ prezidenti Donlad Trampa “Tvitter”də cavab yazması ilə həm də bütün dünyada məşhurlaşdı. Müğənni Trampın Türkiyədən idxal olunan polad və alüminiumun gömrük rüsumunun artırılması ilə bağlı qərarına və müvafiq Tvitter mesajına belə bir cavab verib: “Mən müxalif bir musiqiçiyəm. Ölkəmdə hər zaman yanlış olan şeylərə diqqət çəkirəm. Bu, fərqli bir şey… Lakin faşist və zəif idarəçiliyiniz indi ölkəmi təhdid edir. Bunu sadəcə yenidən seçilə bilmək üçün etdiyinizi bilirik”. Onun bu cavabı Qərb mediasında əks-səda verib.
Maraqlıdır, bəs bir günün içində məşhurlaşan Haluk Levent kimdir?
Sənətçinin bioqrafiyasında qeyd olunub ki, o, 26 noyabr 1968-ci ildə Adanada anadan olub. Əvvəlcə Qara dəniz Texniki Üniversitetində meşə mühəndisliyini, daha sonra Ankara Üniversitetində kompüter proqramçılığını, Orta Doğu Texniki Üniversitetində fizika bölümünü və Ankara Üniversitetində mühasibatlıq üzrə oxuyub. Lakin o, qeyd edilən universitetlərin heç birində təhsilini tam başa vurmayıb. Buna səbəb isə ailəsinin maddi durumunun aşağı olması idi.

Halik Levent universitet imtahanlarına hazırlaşarkən ticarətlə də məşğul olmağa başlayıb. Ticarətdə də bəxti gətirmədikdə yaşadığı yeri tərk edib, başqa şəhərlərə üz tutur. İlk dəfə İstanbulda barlarda çıxış edib.
Qeyd edək ki, onun 1993-cü ildə çıxan ilk albomunun adı “Yollarda” adlanır. Müsahibələrinin birində Haluk qeyd etmişdi ki, albomun bu cür adlandırmasına səbəb həmin vaxtlarda həyatının çox hissəsinin yollarda keçməsi olub. Bu albom Türkiyəyə səs salmışdı. Çünki yenidən Anadolu rokunu gündəmə gətirə bilmiş, albomu iki yüz min nüsxədən çox satılmışdı. O, bunun ardınca isə bir neçə albom çıxardıb.

Tez bir zamanda şöhrət qazanan ifaçı 1997-cı ildə ticarət davası üzündən həbs olunur. 9 ay məhbəs həyatı yaşayan Levent “Kedi körpüsü” adlı kitabını yazmağa başlayır. Həbsdə olarkən belə müxalifliyindən qalmayaraq uzun saçlarını kəsib “Nükleer santral projesi”nə qarşı çıxanlara yollayıb.
Həbsdən çıxdıqdan sonra bir çox uğurlar imza atan Levent təkcə musiqisi ilə deyil, həm də ekoloji problemlərə bağlı etirazlara qoşulması ilə tez-tez gündəmə gəlir. Bu günə qədər yaradıcılığına verdiyi konsertlərlə, yazdığı kitablarla davam edən Levent həm də onlarla ətraf mühitlə bağlı etirazları yaradıcılığında toparlayıb.
Təxminən iki ay öncə müğənni həbs olunub. Türkiyə mətbuatının yazdığına görə, Ankarada bir hoteldə qeydiyyatdan keçən müğənni “rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə saxlanılıb. Lakin az bir müddət ərzində müğənnin ifadəsi alınaraq sərbəst buraxılıb.
Sonda onu da qeyd edək ki, Haluk Levent bir dəfə evli olub. Ötən ilin dekabrında 13 illik arvadı Neslin Yonardan boşanıb. Bu evlilikdən onun bir qızı var.
Xalidə Gəray
“Yeni Müsavat”






